Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
1990-cı illərin əvvəlləri Azərbaycan xalqının tarixində ən ağır və mürəkkəb dövrlərdən biri kimi yadda qalıb. Qarabağda başlayan müharibə minlərlə insanın həyatını dəyişdi. Azərbaycanın müxtəlif bölgələrindən olan gənclər və hərbçilər doğma torpaqların müdafiəsi üçün cəbhəyə yollandılar. Onların bir çoxu geri qayıtmadı, adlarını Vətən tarixinin şəhidlik salnaməsinə yazdı. Həmin qəhrəmanlardan biri də İsmayıllı rayonunun Topçu kəndində anadan olmuş Səlimov Valeh Sabir oğlu idi. O, 1971-ci ildə Topçu kəndində dünyaya gəlmişdi. O, sadə bir kənd ailəsində böyümüş, doğma torpağın, el-obanın dəyərini bilərək boya-başa çatmışdı. Hərbi xidmət yaşına çatdıqda hərbi xidmətini Rusiyada keçmişdi. Hərbi xidmətini başa vurduqdan sonra doğma yurduna qayıtsa da, Qarabağda müharibənin başlaması onun həyatına yeni bir istiqamət verdi. O illərdə cəbhədə vəziyyət olduqca ağır idi. Torpaqlarımızın müdafiəsi üçün hər bir vətənpərvər insana ehtiyac duyulurdu. Valeh də bu çağırışdan kənarda qalmadı. Hərbi xidmətini artıq başa vurmasına baxmayaraq, yenidən könüllü olaraq ordu sıralarına qayıtdı. Onun bu qərarı Vətən qarşısında məsuliyyət hissindən irəli gəlirdi. O, təhlükəsiz və sakit həyatını davam etdirmək əvəzinə, silaha sarılaraq döyüş bölgəsinə getməyi seçdi. Valehin döyüş yolu Laçından başladı. Qarabağın ən çətin və ağır istiqamətlərindən biri olan Laçın bölgəsində gedən döyüşlərdə iştirak etdi. Burada müharibənin sərt üzünü gördü, döyüş yoldaşları ilə çiyin-çiyinə mübarizə apardı. Sonralar Füzuli istiqamətində gedən döyüşlərə qatıldı. 1994-cü ilin aprelində cəbhədə vəziyyət yenə gərgin idi. Həmin günlərdə Azərbaycan Ordusunun əsgər və zabitləri müxtəlif istiqamətlərdə mövqelərin qorunması və düşmənin hücumlarının qarşısının alınması üçün mübarizə aparırdılar. Valeh Səlimov da belə günlərdən birində kəşfiyyat tapşırığı yerinə yetirirdi. Sübh çağı Füzuli istiqamətində kəşfiyyatda olan Valeh düşmənin atəşinə məruz qaldı. Ermənilərin tankları zərərsizləşdirmək üçün istifadə etdikləri silahdan açılan atəş nəticəsində ağır yaralanaraq şəhid oldu. Beləliklə, ömrünün ən məhsuldar çağında olan 23 yaşlı Valehin həyat yolu Vətən uğrunda döyüş meydanında başa çatdı.
Qarabağ müharibəsi Azərbaycanın tarixində yalnız itirilmiş torpaqların və ağır döyüşlərin tarixi deyil. Bu müharibə həm də xalqımızın Vətən sevgisini, dözümünü və fədakarlığını göstərən insanların tarixidir. Minlərlə azərbaycanlı öz həyatını torpaqlarımızın müdafiəsinə həsr etdi. Valeh Səlimov da həmin insanların sırasında öz yerini tutdu.
Bu gün Qarabağımızın böyük hissəsinin azad edildiyi bir vaxtda 1990-cı illərdə döyüşmüş və şəhid olmuş qəhrəmanlarımızın xatirəsinə daha böyük ehtiramla yanaşırıq. Çünki bu torpaqların hər qarışının arxasında böyük bir mübarizə, neçə-neçə insanın həyatı və şəhidlərin qanı dayanır.
Şəhidlərimizi tanımaq, onların həyat və döyüş yolunu öyrənmək, ailələrinin yaddaşında yaşatdıqları xatirələri gələcək nəsillərə çatdırmaq bizim üçün mənəvi məsuliyyətdir. Bu məqsədlə İsmayıllı rayonunun Topçu kəndində şəhid Səlimov Valeh Sabir oğlunun ailəsini ziyarət etdik. Görüş zamanı Valehin həyat yolu, döyüşlərdə keçdiyi yol və şəhidlik hekayəsi ilə bağlı ailə üzvlərinin xatirələrini dinlədik, onun haqqında illərdir qorunub saxlanılan məlumatlarla tanış olduq. Allah hər bir şəhidimizə rəhmət eləsin!
Günay Rzayeva
Faiq Nəsibov

\


25 Sentyabr 2026, 20:01 - 183
Paylaş: