"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samsunlu Rəcəb Mustafaoğlu – Qafqaz İslam Ordusunun Zərdabda qalan əsgəri


1918-ci ildə Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi ilə bağlı tarixi izlərin və həmin dövrdə Azərbaycanda qalan türk əsgərlərinin həyat hekayələrinin araşdırılması istiqamətində tədqiqatlarımız davam edir. Bu araşdırmalar zamanı ayrı-ayrı bölgələrdə yaşayan ailələrin yaddaşında qorunan məlumatlar, məzarlar və nəsildən-nəslə ötürülən xatirələr bizim üçün xüsusi əhəmiyyət daşıyır. Çünki bəzən bir insanın həyat hekayəsi böyük bir tarixi hadisənin kənddə və ailədə qalan ən canlı izinə çevrilir. Onlardan biri də Samsunlu Rəcəb Mustafa oğlunun həyat hekayəsidir. Biz də bu ailənin izinə düşərək Gəndəbil kəndinə gəlib Rəcəb Mustafaoğlunun nəvə və nəticələri ilə görüşdük, ailə yaddaşında qorunan məlumatları dinlədik, onun həyat yolu və kənddə qoyduğu izlərlə tanış olduq.

1918-ci ildə Azərbaycan xalqının üzləşdiyi mürəkkəb hərbi-siyasi şəraitdə Qafqaz İslam Ordusunun fəaliyyəti mühüm rol oynayıb. Nuru Paşanın komandanlığı ilə aparılan hərbi əməliyyatlar, xüsusilə Göyçay və Kürdəmir istiqamətlərində gedən döyüşlər həmin dövrün mühüm hadisələri sırasında yer alır. Türkiyənin Samsun şəhərindən Azərbaycana gələn Rəcəb Mustafa oğlu Mustafayev Göyçay və Kürdəmir istiqamətində gedən döyüşlərdən birində yaralanıb. Yaralandıqdan sonra Gəndəbil kəndinə sığınıb. Kənd sakinləri yaralı əsgərə sahib çıxaraq ona yardım ediblər. Sağaldıqdan sonra isə Rəcəb Türkiyəyə qayıtmayıb, Gəndəbildə qalmağa qərar verib. Ailə üzvlərindən əldə etdiyimiz məlumatlara görə, Rəcəb Mustafa oğlu 1891-ci ildə Türkiyənin Samsun şəhərində anadan olub. Atasının adı Mustafa, anasının adı isə Fatma olub. Ailənin dolanışığında atasına məxsus dəyirman mühüm rol oynayıb.

Rəcəb gənc yaşlarında Azərbaycana gəlib və burada həyatının sonrakı illərini keçirib. Döyüş meydanında yaralanaraq sığındığı Gəndəbil kəndi sonralar onun üçün doğma yurda çevrilib. Burada təsərrüfat işləri ilə məşğul olub, kənd həyatına uyğunlaşıb və ailə qurub.

Rəcəb Mustafa oğlu Gəndəbil kəndində Nigar adlı xanımla ailə həyatı qurub. Onların bu nikahdan səkkiz övladı dünyaya gəlib: Xudaverdi, Nənəqız, Qəribsoltan, Lumu, Ənuva, Bəhruba, Saçlı və Nazlı.

Beləliklə, Samsundan Azərbaycana gələn gənc əsgərin taleyi onu Zərdabın Gəndəbil kəndinə bağlayıb. O, ömrünün qalan hissəsini burada keçirib və özündən sonra böyük bir nəsil qoyub.

Səməd Vurğunla bağlı ailə xatirəsi

Rəcəb Mustafayev haqqında ailədə qorunub saxlanılan maraqlı xatirələrdən biri də Azərbaycanın xalq şairi Səməd Vurğunla bağlıdır. Ailə üzvlərinin danışdıqlarına görə, Səməd Vurğunun Kür çayı ətrafına ova çıxdığı vaxtlardan birində onun Rəcəblə tanışlığı olub. Söhbət zamanı Rəcəbin Türkiyədən gəldiyi və türk olduğu məlum olub. Ailə yaddaşında qorunan məlumata görə, Səməd Vurğun sovet dövrünün siyasi reallıqlarını nəzərə alaraq Rəcəbin soyadını dəyişdirməsini məsləhət görüb. Bundan sonra Rəcəb atasının adı olan Mustafa adını soyad kimi qəbul edərək Mustafayev soyadını götürüb. Sonrakı nəsillər də bu soyadı daşıyıblar.

Rəcəb Mustafa oğlu 50 yaşında vəfat edib və Gəndəbil kənd qəbiristanlığında dəfn olunub. Onun döyüş illərindən yadigar olaraq bir tüfəng və xəncərin qaldığı da ailə tərəfindən xatırlanır. Təəssüf ki, həmin əşyalar bu günədək qorunub saxlanılmayıb.

1918-ci ildə Azərbaycana gələn Qafqaz İslam Ordusu əsgərlərinin izlərini axtarmaqda məqsədimiz tariximizin bu səhifəsini yalnız sənədlərdə deyil, insanların yaddaşında qalan xatirələrlə birlikdə öyrənmək və gələcək nəsillərə çatdırmaqdır.

 

 

 

 

Günay Rzayeva, Faiq Nəsibov

1 Oktyabr 2026, 17:40 - 17

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar