"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Anamı qucaqlaya bilmədiyim əllərimlə vətən torpağına toxundum


Martın son günləri çoxları üçün sadəcə bayram tətili idi, mənim üçün isə yol ilə yaddaşın kəsişdiyi günlərə çevrildi.

Bu günlər ərzində iki dəfə Qarabağa getmək nəsib oldu. İlk səfər beş ildir gündəlik həyatımın bir parçası olan "Vətən Bağı" Şəhidlər Parkı ilə bağlı idi, oranın dağılmış su hovuzunun bərpası ilə əlaqədar. Bu səfərdə romantika yox idi, amma başqa bir hiss vardı: quruculuğun içində olmaq, təbiətin oyanışı ilə hovuzun bərpasının mütləqliyini həll edib yoluna qoymaq. Ağaclar suvarılmalı, torpaq canlanmalı idi. Bəzən ən böyük duyğular səssiz işlərin içində gizlənir.

İkinci səfər isə tamam başqa ovqatda idi, dostlarla birlikdə. Bu səfəri maraqlı edən yalnız marşrut deyildi, insanların baxışları idi. Yeddi nəfərlik qrupda iki nəfər üçün bu yol xüsusi idi: hər ikisi Qarabağa ilk dəfə gedirdi. Yəni bu səfər təkcə məsafə qət etmək deyildi: onlar üçün bu, torpaqla, tarixlə və yaddaşla ilk tanışlıq idi.

Füzulidən başladıq yolumuza. Tuğ kəndinə doğru irəlilədikcə artıq yalnız təbiət yox, dəyişimin özü görünürdü. Tuğda aparılan bərpa işləri, dirçələn evlər və yenidən həyat qazanmağa çalışan Tuğ kəndi göstərirdi ki, bu torpaq yalnız xatirə deyil, həm də gələcəkdir.

Hadrutda dayananda hər kəs bir qədər susqun idi. Amma bu səfərdə başqa bir məqam da vardı, ən balaca dostumuz Məhəmməd Əmrahın Hadrut və Şuşa məscidlərində qıldığı namaz. Bu, sadəcə ibadət deyildi; illər sonra həmin məkanlarda yenidən səslənən bir sükutun, bir dua səsinin qayıdışı idi.

Azıx mağarası səfərimizin ən təsirli nöqtələrindən biri oldu. Ora qalxan təxminən 800 pilləkənlik yol sanki fiziki bir hərəkətdən çox, daxili bir yüksəliş idi. Hər addımda nəfəs bir az daralır, amma baxış genişlənirdi. Zirvəyə çatanda mənzərə tamam dəyişirdi, Qarabağ sanki ayağının altında qalırdı. Bu yüksəklikdən baxanda insan həm coğrafiyanı, həm də tarix boyu bu torpaqların daşıdığı yükü daha aydın hiss edir. Minilliklərin içində bir neçə dəqiqəlik dayanırsan və anlayırsan ki, bu torpağın yaddaşı insan yaddaşından çox-çox qədimdir.

Qırmızı bazar, Şuşa və Xankəndi… Bu adlar artıq sadəcə coğrafi məkan deyil, hər biri ayrı bir hekayədir. Şuşada gəzdikcə həm tarixlə üz-üzə qalırsan, həm də bu günün məsuliyyətini hiss edirsən. Şəhərdə aparılan bərpa işləri, dirçələn mədəni ruh açıq-aydın görünür. Xankəndidə isə demək olar ki, dayanmaq yoxdu, hər tərəfdə iş gedir, texnika işləyir, yeni həyatın təməli atılır. Bu, sadəcə tikinti deyil, bir şəhərin yenidən doğulmasıdır.

Gecəni Xankəndi küçələrini gəzərək ruhumuzu dinləndirdik. Səhər açılan kimi Ballıca yolu ilə Ağdərəyə doğru irəlilədik. Ağdərənin Heyvalı kəndinə əhalinin köçürülməsi ilə bağlı gördüklərimiz də səfərin yadda qalan məqamlarından oldu. İnsanların yavaş-yavaş öz torpaqlarına qayıtması, torpaqları şumlayıb yenidən əkin-biçinə başlaması, orada yenidən həyat qurması sözlə ifadə olunmayacaq qədər dəyərli bir mənzərə idi.

Bu səfərdə mən sanki təkcə iştirakçı yox, bir növ yol bələdçisi idim. Keçdiyimiz hər ərazi, bu torpaqları işğaldan azad edən igidlərimiz, onların qəhrəmanlıqları barədə danışmaq həm məsuliyyət idi, həm də bir borc. Çünki bu yollar sadəcə asfalt deyil, hər qarışı bir hekayə, bir qəhrəmanlıq nümunəsidir.

Bu səfərlərlə paralel olaraq həyatımda başqa bir vacib hadisə də baş verdi. Anam Ümrə ziyarətinə gedib-qayıtdı. Amma təəssüf ki, bu səfərlər əvvəlcədən planlaşdırıldığı üçün mən bir oğul kimi anamı nə yola sala bildim, nə də geri qayıdanda qarşılaya bildim. Bu, içimdə bir qədər yarımçıq hiss kimi qaldı. Amma dostlar, qohumlar sağ olsunlar, mənim yerimə bu borcu layiqincə yerinə yetirdilər.

Səfərin sonunda yenidən "Vətən Bağı"na qayıtdıq. Sanki bu dövrə tamamlandı, işlə başlayan yol dostluqla, təəssüratlarla və bir az da ümidlə bitdi.

Dostlarım bu səfərdən zövq aldı. Amma məncə, məsələ yalnız zövq almaq deyildi. Bu səfər hər birimizə nəsə verdi: kimimizə ilk tanışlıq, kimimizə yenidən kəşf, kimimizə isə sadəcə daha dərindən anlamaq imkanı.

Bəzən yol getmək sadəcə bir yerdən başqa yerə çatmaq deyil. Bəzən yol getmək elə yaddaşa qayıtmaqdır.

 

 

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

1 Aprel 2026, 0:56 - 140

Paylaş: