"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Emin Tarverdiyev: Mürəkkəb və göz yaşı


44 günlük Vətən Müharibəsi Azərbaycan tarixinin sadəcə ən parlaq zəfəri deyil, həm də kollektiv yaddaşımızda, ruhumuzda ən dərin, bəlkə də hələ uzun illər sağalmayacaq psixoloji və sosial izlər buraxan bir dönüş nöqtəsidir. Bu böyük fırtınadan artıq altı il keçir. Lakin təəssüf ki, ədəbiyyatımızda hələ də bu fədakarlığı, bu qan və can bədəlinə yazılan tarixi layiqincə yaşadacaq, həm milli yaddaşda, həm də dünya oxucusunun şüurunda sarsıntı yaradacaq sanballı, epik bir romanın aclığı aydınca hiss olunur. Mövcud nümunələr arasında Səxavət Məmmədin "Savaş və duman" romanı real faktlara, qorxmaz bir canlı şahidliyə və sənədli dürüstlüyə söykənən nadir, bəlkə də yeganə bədii haray kimi diqqəti cəlb edir. Bəs necə olur ki, ötən altı ilin fonunda bu miqyasda, bu sarsıdıcı gücdə ikinci bir əsər ərsəyə gəlmir?Bu yaradıcılıq durğunluğunun köklərini bir neçə amildə axtarmaq lazımdır. İlk növbədə, böyük fəlakətlər və tarixi savaşlar haqqında fundamental əsərlərin yazılması üçün zamanın sınağından keçən bir məsafəyə, qan və barıt qoxusunun müəyyən qədər "soyumasına" ehtiyac var. Dünya ədəbiyyatını titrədən müharibələrin şah əsərləri də axan qanın istisi soyuyandan illər, bəzən onilliklər sonra qələmə alınıb. Məsələn, Lev Tolstoy "Hərb və sülh"ün epik əzəmətini 1812-ci il müharibəsindən yarım əsr sonra (1863–1869) yazıb. Remark Birinci Dünya müharibəsinin vahiməsini "Qərb cəbhəsində təbəddülat yoxdur" ilə çılpaqlığına qədər hayqıranda aradan artıq on il keçmişdi (1928). Viktor Hüqo isə Vaterloo döyüşünün dəhşətli mənzərəsini düz 47 il sonra "Səfillər"in sətirlərinə köçürə bilmişdi. Çünki ilkin sarsıntılar, fərdi ağrılar və emosional dalğalar səngidikcə yerini daha dərin, fəlsəfi bir təhlilə və obyektiv baxışa verir.Digər tərəfdən isə qarşımızı kəsən acı bir reallıq var: çağdaş ədəbi mühitimizdəki canfəşanlıq, səthi pafos və dəhşətli bir kommersiyalaşma meyli. Bu, mənəvi bir faciədir. Bu gün özünü jurnalist, bloger və ya şair(ə) adlandıran bəzi şəxslər şəhid ailələrinin o müqəddəs, qanayan yaralarından, anaların bitməyən fəryadından, ataların səssiz iztirabından istifadə edərək bu mövzunu alver alətinə çeviriblər. Müəyyən qonorar qarşılığında heç bir bədii çəkisi olmayan, sırf hazır qəliblərdən və ruhsuz sözlərdən ibarət cızma-qaraları cildlədib ailələrə təqdim etməklə sanki vicdan borclarını ödəmiş sayırlar. Beləcə, o qəhrəmanların canlı insan taleyi, çəkdikləri daxili dram, qorxuları və sevdaları arxa plana keçir; yerini bəlağətli, amma bomboş, soyuq bir ritorika tutur. "Savaş və duman"ı bu bulandıran axından ayıran əsas cəhət də məhz budur – o, bu cür alverçi yanaşmadan və süni pafosdan qaçaraq gerçəkliyin özünü, o dumanlı, amansız savaş şəraitindəki real insanın çırpıntısını önə çıxarır. Bunun üzərinə müasir ədəbi institutların iflic vəziyyətini, peşəkar yazıçıya verilən dəyərin, maddi nəşriyyat dəstəyinin və qonorar sisteminin yoxluğunu da əlavə etdikdə mənzərə tamamlanır. Bir yazıçının aylarla, bəzən illərlə özünü belə ağır, insanı içdən yandıran bir layihəyə həsr etməsi üçün heç bir mənəvi və maddi təminatı yoxdur. Yekun olaraq, "Savaş və duman" kimi faktlara və reallığa söykənən əsərlərin işıq üzü görməsi böyük və ümidverici bir hadisə olsa da, 44 günlük Zəfərimizin, çəkdiyimiz o ağrıların ədəbiyyatdakı tam mənzərəsini yaratmaq üçün kifayət deyil. Ədəbiyyatımız bu ucuz pafosdan, kommersiya maraqlarından mütləq təmizlənməlidir. Biz müharibəni bütün mürəkkəbliyi, göynərtisi, qorxusu və əsl qəhrəmanlığı ilə əks etdirən genişmiqyaslı, dərin psixoloji bir romançılıq mərhələsinə keçməliyik – çünki tarixin və o canlarını fəda edənlərin ruhu bizdən bunu tələb edir.

Emin Tarverdiyev "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri.

27 Sentyabr 2026, 21:29 - 297

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar