Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Prezident İlham Əliyevin 4 fevral 2026-cı ildə Əbu-Dabidə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl, prinsipial və nəticəyönlü sülh siyasətinin beynəlxalq miqyasda yüksək dəyərləndirilməsinin bariz ifadəsi oldu. Dünyanın nüfuzlu siyasi, dini və ictimai xadimlərini bir araya gətirən bu mərasim təkcə mükafat təqdimatı deyil, həm də dialoq, barış və qarşılıqlı etimad ideyalarının təşviqi baxımından mühüm beynəlxalq platforma kimi diqqət çəkdi. Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Əl-Nəhyanın adını daşıyan bu mükafat insanlıq dəyərlərinə, dinlərarası dialoqa, sülhə və qardaşlığa xidmət edən liderlərin fəaliyyətini qiymətləndirmək məqsədi daşıyır. Prezident İlham Əliyevin bu nüfuzlu mükafata layiq görülməsi Azərbaycanın regionda uzun illər davam etmiş münaqişəyə son qoyaraq sülhə nail olmaq istiqamətində göstərdiyi siyasi iradənin və məsuliyyətli liderlik nümunəsinin beynəlxalq ictimaiyyət tərəfindən qəbul edildiyini göstərir.
Çıxışında Prezident İlham Əliyev bu mükafatı almağı böyük şərəf adlandıraraq vurğuladı ki, Şeyx Zayedin uzaqgörən siyasəti və müdrik liderliyi Birləşmiş Ərəb Əmirliklərini qısa müddətdə dünyanın ən inkişaf etmiş və firavan ölkələrindən birinə çevirmişdir. Dövlət başçısı qeyd etdi ki, bu gün Prezident Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan atasının müəyyən etdiyi inkişaf, tərəqqi və davamlı modernləşmə yolunu uğurla davam etdirir və BƏƏ tarixə, milli dəyərlərə sadiqliyi qorumaqla yanaşı, gələcəyə inamla baxan nümunəvi bir cəmiyyət qurur. Çıxışında xüsusilə Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunan Prezident İlham Əliyev bildirdi ki, 30 ildən artıq davam edən münaqişədən sonra bölgədə yeni reallıq formalaşıb. Dövlət başçısının sözlərinə görə, Azərbaycan artıq altı aydır ki, sülh şəraitində yaşayır və bu prosesi öyrənir. Bu ifadə təkcə siyasi deyil, həm də mənəvi baxımdan yeni bir mərhələnin başlanğıcını simvolizə edir.
Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın ev sahibliyi etdiyi tarixi Zirvə Görüşündən sonra ötən altı ayın tərəfdaşlıq, əməkdaşlıq və uzunmüddətli sülhə doğru irəliləyiş dövrü olduğunu qeyd edən Prezident İlham Əliyev bu prosesə verdiyi dəstəyə görə ABŞ rəhbərliyinə minnətdarlığını bildirdi. Məhz həmin Zirvə Görüşünün nəticəsi olaraq Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması üç onillikdən artıq davam edən qanlı münaqişəyə son qoyan tarixi hadisə kimi dəyərləndirildi. Dövlət başçısı vurğuladı ki, sülh prosesi deklarativ xarakter daşımır və konkret addımlarla möhkəmləndirilir. Azərbaycan tərəfindən Ermənistan ərazisinə yük daşımalarına qoyulmuş məhdudiyyətlərin aradan qaldırılması, eyni zamanda, neft məhsullarının ixracına başlanılması bu əməkdaşlığın real nəticələridir. Qeyd olundu ki, tərəflər arasında ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində artıq praktik addımlar atılır və dialoq davam etdirilir.
Prezident İlham Əliyev çıxışında xüsusi olaraq qeyd etdi ki, uzunmüddətli münaqişəyə, qarşılıqlı etimadsızlığa və ağır itkilərə baxmayaraq sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradənin mövcudluğu və beynəlxalq ictimaiyyətin səmimi dəstəyidir. Azərbaycan və Ermənistan arasında əldə olunan razılaşmaların bir çox münaqişə bölgələri üçün nümunə ola biləcəyi vurğulandı. Əbu-Dabidə keçirilən mükafatlandırma mərasiminin rəmzi məna daşıdığı da diqqətə çatdırıldı. Çünki Ermənistan və Azərbaycan arasında Vaşinqton Sammitindən əvvəlki son danışıqlar məhz burada baş tutmuş, sülhə aparan əsas razılaşmaların konturları məhz Əbu-Dabidə müəyyən edilmişdi. Bu fakt Birləşmiş Ərəb Əmirliklərinin regionda sülhün təşviqində oynadığı mühüm rolu bir daha təsdiqlədi.
“Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident İlham Əliyevə təqdim olunması Azərbaycanın yalnız regional deyil, qlobal miqyasda da sülh, əməkdaşlıq və qarşılıqlı hörmət dəyərlərini təşviq edən məsuliyyətli dövlət kimi qəbul edildiyini göstərir. Bu mükafat Prezidentin şəxsi fəaliyyətinin qiymətləndirilməsi ilə yanaşı, bütövlükdə Azərbaycanın sülhə, sabitliyə və təhlükəsizliyə verdiyi töhfənin beynəlxalq etirafıdır. Əbu-Dabidən səslənən bu mesajlar bir daha sübut edir ki, Azərbaycan münaqişələrdən çıxış yolunu qarşıdurmada deyil, dialoqda və siyasi iradədə görür. Prezident İlham Əliyevin çıxışı sülhün mümkünlüyünə inamı gücləndirən, gələcəyə ümid verən və beynəlxalq ictimaiyyəti məsuliyyətli əməkdaşlığa çağıran mühüm siyasi bəyanat kimi yadda qaldı.
6 Fevral 2026, 10:20 - 7206
Paylaş: