"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Donan ruhumuzun, unudulmayan qanımızın Zəfər Dastanı


Zaman nə qədər sürətlə axsa da, təqvimdə elə tarixlər var ki, onlar ilin adicə bir səhifəsi deyil, bütün bir millətin taleyinin, qürurunun və mənəviyyatının alovlar içində yenidən doğulduğu anlardır. Elə 27 Sentyabr kimi...
Artıq Vətən müharibəsinin başlanmasından tam altı il ötür. Altı il öncə, 27 Sentyabr səhəri tək fırtınalı top-tüfəng səsi ilə deyil, otuz il boyunca sinəmizdə kilidlənib qalan nisgilin, susqunluğun və içimizdə buz kimi dondurduğumuz o böyük fəryadın partlayışı ilə açılmışdı. O sabah sanki zaman dayandı; Vətən bizi çağırırdı və taleyimiz yenidən, daha məğrur yazılmağa başladı.
27 Sentyabrı hər xatırlayanda adamın içində ruhu donduran bir soyuq gizildəyir, həm də daxildən gələn müqəddəs bir alov insanı yandırır. Bir anlıq gözlərinizi yumun və o səhərə qayıdın: 2020-ci ilin sentyabr ayı, atəş xəttindən gələn ilk həyəcanlı xəbərlər, anaların qəhər boğan, titrəyən duaları, körpələrin təşviş dolu, lakin ümidli baxışları və bir an belə tərəddüd etmədən ölümün gözünə dik baxıb cəbhəyə, Vətənin ağrılı sinəsinə qaçan gənclərimiz...
Bir millət olaraq eyni anda həm böyük bir kədərin, həm də damarlarımızda qaynayan dəhşətli bir intiqam və sevgi hissinin pəncəsində idik. Otuz illik torpaq nisgili, Birinci Qarabağ müharibəsinin heç vaxt sağalmayan qanlı yaraları, Xocalının dinməyən fəryadı, Laçının, Şuşanın gözüyaşlı həsrəti birdən-birə hamımızın sinəsinə sıxılmışdı. Torpaq uğrunda verəcəyimiz canların, töküləcək al qanların acısı daha ilk saatlardan canımızı göynədir, nəfəsimizi kəsirdi. Amma o günlərdə üstümüzü örtən qorxu deyil, illərlə içimizdə bəslədiyimiz, canımızdan çox sevdiyimiz o torpaqlara qovuşmaq yanğısı idi!
Və məhz o dəhşətli, dondurucu anlardan başlayan, tarixi yerindən oynadan bir möcüzə doğuldu: Ordu və Xalqın sarsılmaz, polad birliyi!
27 Sentyabrda Bütöv Azərbaycan tək bir vücud, döyünən tək bir sevdalı ürək kimi ayağa qalxdı. Səfərbərlik idarələrinin qarşısında uzanan gənclərin o məğrur duruşunu, cəbhəyə maşın-maşın varını-yoxunu, ən əsası isə ürəyinin şəfqətini daşıyan sadə insanların fədakarlığını necə unuda bilərik? Arxa cəbhədə gecə-gündüz kirpiyi kirpiyinə dəyməyən anaları, duaları ilə əsgərinə sipər olan, ərşi titrədən ağsaqqal və ağbirçəklərimizi necə yaddaşımızdan silək?
O günlərdə nə siyasi baxış, nə sosial təbəqə, nə də şəxsi maraq qaldı. Milyonlarla insan tək bir nəfəs, tək bir can oldu. Sərhədlər, şəhərlər, kəndlər silindi; hamı yalnız bir yerə — Cəbhəyə çevrildi. Cəbhədəki əsgər arxasında milyonların dualarla döyünən sevgisini, arxadakı millət isə ön cəbhədəki balasının ölümə meydan oxuyan polad iradəsini ruhən hiss edirdi. Biz bir-birimizə heç vaxt olmadığı qədər dərindən və təmənnasız bağlandıq.
Və bu böyük fırtınanın, millət iradəsinin önündə dayanan Ali Baş Komandanın əyilməz qətiyyəti, məğrur Dəmir Yumruğu var idi.
Ali Baş Komandan İlham Əliyevin televiziya ekranlarından xalqa etdiyi hər müraciət, beynəlxalq təzyiqlərə və media nəhənglərinə qarşı verdiyi amansız, dik duruşlu müsahibələr Zəfərimizin mənəvi sütununa, hər birimizin daxili inamına çevrildi. "Dəmir Yumruq" yalnız hərbi gücün simvolu deyildi; o yumruq 30 il boyunca tapdanan milli qürurumuzun, Haqqın, Ədalətin və Vətən sevginin ildırım kimi düşmən başına enən qəzəbi idi. Düşmənin başına enən hər zərbə, azad olunan hər kənd, hər qəsəbə xəbəri dondurucu kədərimizin üzərinə böyük bir ümid tonqalı qalayırdı. Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Hadrut, Suqovuşan və nəhayət... o keçilməz, sıldırım qayaları dırnaqları ilə, xəncərlə, süngüylə, sarsılmaz bir eşqlə fəth edib bayraq sancılan Şuşa!
Şuşanın azad olunduğu o an... Bax, o an içimizdəki otuz illik dondurucu soyuq birdəfəlik əridi! O an Azərbaycan xalqının kimliyi, taleyi yenidən, qanla, rəşadətlə və sonsuz bir qürurla yazıldı!
Bu gün — altı il sonra geriyə baxanda gözlərimiz dolur, ürəyimiz həm qürurdan, həm də böyük bir həsrətdən göynəyir. Biz o 44 gündə canını bu torpağa sipər edən minlərlə nur üzlü, cəsur Vətən övladını torpağa tapşırdıq. Analar ciyərparalarını, gəlinlər ömür-gün yoldaşlarını, körpələr heç vaxt doya bilməyəcəkləri, hər zaman qürurla xatırlayacaqları atalarını bu torpağa qurban verdi. Onlar öz canlarını fəda etdilər ki, bizim Vətən sevdamız yarım qalmasın. Şəhidlərimizin al qanı ilə suvarılan o müqəddəs torpaqlar bu gün azaddırsa, biz bu gün başıdik gəziriksə, hər birimiz o qəhrəmanlara ömürlük can borcluyuq. Onların ruhu qarşısında sonsuz ehtiramla, sevgiylə və sükutla baş əyirik!
27 Sentyabr yalnız bir Anım Günü deyil — kədərimizin içindən boy verən Bütövlüyümüzün, dirçəlişimizin və sarsılmaz sevgimizin günüdür. Yekunda isə ən böyük, dəyişməz həqiqət budur: Bütün acılara, göz yaşlarına və itkilərə baxmayaraq, ZƏFƏR BİZİMDİR, ZƏFƏR AZƏRBAYCAN XALQININDIR! Bizə bu müqəddəs qüruru, bu başıdikliyi yaşadan Qəhrəman Ordumuza, Ali Baş Komandanımıza və bu torpağı canından çox sevən şəhidlərimizə əbədi minnətdarıq!                                    

 

Emin Hafiz oğlu Tarverdiyev

"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

26 Sentyabr 2026, 20:57 - 172

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar