"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəminə Rəsulova: Van Qalenin xatirələrində Qarabağ


1818-ci ildə doğma vətəni İspaniyadan sürgün edilən Xuan Van Qalen (1788-1864) 18 ay Çar ordusunda xidmətdə olmuş (1819-1820 ), Qafqazın Çar Rusiyasına birləşdirilməsində bilavasitə iştirak etmişdir. 1820 ci ilin may ayında isə Azərbaycanda olmuş, Nuxaya (Şəkiyə) ermənilərin yenicə köçürülməsindən, Şəki Xan sarayından, Gəncədən, Şirvandan, Şahbulaq qalasından, Şuşadan öz xatirələrində geniş söhbət açmış, Qarabağ xanı Mehdiqulu xan və Şirvan xanı Mustafa xanla şəxsən görüşmüşdür. Sürgün müddətindəki xatirələrini qələmə alan Don Xuanın əsərinin orjinal ispan əlyazması "DON ESTEBAN" VƏ "SANDOVAL"-ın müəllifi tərəfindən redaktə edilərək 1828-ci ildə New Yorkda ingilis dilində Ceyms Harper və Con Harper tərəfindən “Don Xuan Van Qalenin Rusiyaya səfəri və Qafqaz ordusu ilə yürüşü və 1821 ci ildə İspaniyaya qayıdışı əlavə olunmaqla Madriddə İnkvizisiya zindanınında həbsdə olması və 1817 və 1818-ci illərdə qaçıb xilas olması povesti” adı ilə nəşr olunmuşdur.

Əsərin XXXIV fəslində Van Qalen Qarabağ səfəri haqqında xatirələrini yazır. Müəllif Şuşa şəhəri, Şahbulaq qalasından söhbət açır. Müəllif qeyd edir ki, Qarabağın məhsuldar torpaqları, səfalı təbiəti, şəfalı havası var. Şuşada sərraclıq sənətinin yüksək səviyyədə inkişaf etdiyini vurğulayır: “Asiyanın heç bir şəhərində Şuşadakı kimi zövqlü və möhkəm yəhər hazırlanmır. Bu gözəl işçiliyin ən maraqlı nümunəsi təkcə yəhərin ornamentli tikilməsi deyil, həm də üzəngi və yüyənin belə hazırlanmasıdır.” 

Qarabağ xanı Mehdiqulu xanla şəxsən görüşən Van Qalen onun xarici görkəmini belə təsvir edir: “Xan 45-50 yaşlarında, uzunboy, bütün tatarlar kimi qarayanız idi – qəhvəyi gözləri və saqqalı vardı. Amma gəncliyində farslarla döyüşlərdən birində burnunun yarısını itirdiyi üçün görünüşcə elə də baxımlı deyildi”. Həmçinin müəllif qeyd edir: “Biz Şuşadan keçdiyimiz vaxt o, Şahbulaq yolunun yaxınlığındakı təpələrdən birinin üzərində, çox xoş bir mövqedə yerləşən qonşu qalalardan birində yaşayırdı və peyğəmbərin sadiq bir ardıcılı kimi orada öz hərəmini saxlayırdı”.

Eyni zamanda Don Xuan öz xatirələrində Qarabağ xanının Avropasayağı süfrə açmasından bəhs edir ki, bu da Şuşanın yeniliklərə açıq, inkişaf etmiş bir şəhər olmasının sübutudur: “Zala qayıdanda biz Avropa stilində yemək stolu gördük – salfet, bıçaq, çəngəl, stəkan, su sürahiləri və s.” 

Əsərdə həmçinin yerli əhəmiyyətli tarix-memarlıq abidəsi olan Şahbulaq qalası haqqında da maraqlı qeydlər diqqət çəkir: “Şahbulaq daha yaxşı mühafizə məqsədilə səngər (torpaq bəndi) ilə əhatə olunmuş qədim bir qüllədən ibarətdir və ətraf ərazilərə hakim olan bir təpənin üzərində yerləşir. Onun bağı və postda saxlanılan atlar üçün kifayət qədər otlaq təmin edən, bağa bitişik məhsuldar bir çəmənliyi vardı.Şahbulaqla Şuşa arasında yerləşən Əskəranı bir qədər keçdikdən sonra qüllələrlə taclanmış dar bir dərəyə daxil olduq; burada dərənin yan tərəflərində hələ də orda-burda qırx–əlli tuaz (toise) hündürlüyündə olan qədim divarlar qalmışdı. Ətraf ərazilərin sıldırım relyefi səbəbindən yanından keçilməsi çətin olan bu divar, şübhəsiz ki, qədim dövrlərdə ölkənin daxili hissələrinə gedən yol üzərində bir sədd rolunu oynayırdı. Bu dar dərədən sonra yol demək olar ki, keçilməz hala düşür və paytaxta qədər fasiləsiz bir yoxuş şəklində davam edir.”

Ümumiyyətlə Van Qalenin xatirələri XIX əsrin əvvəllərində Qarabağın siyasi, sosial və mədəni mənzərəsini əks etdirən mühüm ilkin mənbələrdən biridir. Müəllifin bilavasitə müşahidələrə əsaslanan qeydləri Qarabağın təbii-coğrafi üstünlüklərini, şəhər mədəniyyətinin səviyyəsini və yerli idarəçilik ənənələrini aydın şəkildə nümayiş etdirir. Xüsusilə Şuşa şəhəri, oradakı həyat tərzi, məişət elementləri haqqındakı məlumatlar şəhərin regionun inkişaf etmiş mədəni-siyasi mərkəzlərindən biri olduğunu təsdiqləyir.

Van Qalenin Qarabağ xanı Mehdiqulu xanla şəxsi görüşü və onu təsviri xanlığın idarəçi elitasının xarici əlaqələrə və yeniliklərə açıq olduğunu təsdiq edir. Eyni zamanda Şahbulaq qalası və Əskəran–Şuşa yolu haqqında verilən məlumatlar Qarabağın hərbi-strateji əhəmiyyətini, müdafiə sistemlərinin qədimliyini və düşünülmüş şəkildə qurulduğunu sübuta yetirir.

Zəminə Rəsulova,

Dövlət Turizm Agentliyi Qoruqları

İdarəetmə Mərkəzinin elmi işçisi

12 Yanvar 2026, 11:23 - 1183

Paylaş: