"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid mayor Vüsal Vəliyevin xatirəsi anılıb


​Allahverdi Xəlilov adına 263 nömrəli tam orta ümumtəhsil məktəbində Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman mayor Vüsal Vəliyevin əziz xatirəsinə həsr olunmuş tədbir keçirilib. Tədbir çərçivəsində məktəbin 1“A” sinfinə şəhid mayorun adı verilib.
​Tədbirdə şəhidin qardaşı, filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev, şəhid mayor Rasim Məmmədovun qardaşı Şahin Məmmədov, AMEA-nın əməkdaşı, şair Mahir Cavadlı, valideynlər, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
​Giriş sözü ilə çıxış edən 1“A” sinif rəhbəri Gülbəs xanım qonaqları salamlayaraq, böyüyən nəslin milli ruhda formalaşmasının hər bir müəllimin müqəddəs vəzifəsi olduğunu və şəhidlərin xatirəsinin daim uca tutulacağını vurğulayıb.
​Tədbirdə mayor Vüsal Vəliyevin həyatı və keçdiyi şərəfli döyüş yolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, 1988-ci il iyulun 15-də Şərur rayonunun Dizə kəndində anadan olan Vüsal Vəliyev Heydər Əliyev adına Hərbi Lisey və Ali Hərbi Məktəbdə təhsil alıb, 2012-ci ildə Xüsusi Təyinatlı Qüvvələr kursunu bitirib. O, cəbhənin müxtəlif istiqamətlərində komandir vəzifələrində xidmət edərək mayor rütbəsinədək yüksəlib. Vətən müharibəsində həmlə taborunun komandiri kimi Murovdağdan Şuşayadək şanlı döyüş yolu keçən qəhrəman, 9 noyabr 2020-ci ildə Şuşa döyüşlərində şəhid olub. Ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif edilib.
​Məktəbin direktoru Nurqələm xanım çıxışında təhsil ocağının şəhid adını daşımasının böyük qürur və məsuliyyət hissi olduğunu qeyd edib. O, mayor Vüsal Vəliyevin göstərdiyi şücaətin və vətən sevgisinin gələcək nəsillər üçün örnək olduğunu diqqətə çatdırıb.
​Məktəbin Uşaq Birliyi Təşkilatı Rəhbəri Aynur xanım, şəhid qardaşı Şahin Məmmədov və şair Mahir Cavadlı çıxışlarında şəhidlərimizin xatirəsinin yaşadılmasının və döyüş yollarının gənclərə təbliğ edilməsinin əhəmiyyətini vurğulayıblar.
​Sonda şəhidin qardaşı Əpoş Vəliyev ailəsi adından çıxış edərək, qardaşının xatirəsinə göstərilən yüksək ehtirama görə məktəb rəhbərliyinə, müəllimlərə, şagirdlərə və valideyn komitəsinə dərin minnətdarlığını bildirib.
​Tədbirin bədii hissəsində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər, mahnılar səsləndirilib və təsirli səhnəciklər nümayiş etdirilib. Rəsmi hissədən sonra qonaqlar məktəbdəki “Şəhidlər lövhəsi”ni və qəhrəmanların adını daşıyan sinif otaqlarını ziyarət edib, xatirə şəkilləri çəkdiriblər.

 

 

 

16 May 2026, 15:47 - 1074

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar