"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Təbii yollarla formalaşmış “ağıllı şəhər” modeli


Şəki “təbii yollarla qurulmuş ağıllı şəhər” modelinin ən gözəl nümunələrindən biridir. Bu şəhər texnologiyanın deyil, təbiətə uyğun düşünülmüş memarlığın və insan təcrübəsinin məhsuludur.
XVIII əsrdə orta əsr şəhərsalma ənənələrnə uyğun qurulmuş bu şəhər əsrlər boyu müxtəlif təsirlərə məruz qalmasına rəğmən öz ruhunu itirməmişdir. Xanlıq dövrünün  hökmranlığı, İpək Yolunun əzəməti hələ də bu şəhərdə yaşayır. Bu gün müasir texnologiyalarla qurulmuş ağıllı şəhərlərdən danışarkən biz heç tərəddüd etmədən Şəkinin təbii yollarla qurulmuş ağıllı şəhər olduğunu deyə bilirik.
Azərbaycanın qədim şəhərlərindən biri olan Şəki özünəməxsus memarlıq üslubu, şəhərsalma prinsipləri və təbiətlə harmoniyası ilə diqqət çəkir. Şəki tarixi inkişaf prosesində texnoloji müdaxilə olmadan, sistemli şəkildə formalaşmış, ağıllı şəkildə qurulmuşdur. Şəki-təbii yollarla qurulmuş ağıllı şəhər, texnologiyanın minimum, təbiətin və insan təcrübəsinin maksimum istifadə olunduğu, öz -özünü “ağıllı” şəkildə tənzimləyən şəhər modelidir. Burada idarəedici kompüterlər yox, memarlıq, iqlimə uyğunlaşma və həyat tərzidir. Şəkini fərqləndirən əsas xüsusiyyətlər iqlimə uyğun memarlıq, öz-özünü  tənzimləyən mühit və yerli materiallardan istifadədir. Bu xüsusiyyətlər birlikdə şəhərin davamlı və rahat olmasını təmin edir. Şəki memarlığı paralel olaraq həm insan, həm də ətraf mühit mərkəzli qurulmuşdur.
Müasir dünyada “insan mərkəzli memarlıq” dedikdə insan ehtiyaclarını, davranışlarını, sağlamlığını və rifahını sırf estetik və ya standartlaşdırılmış tendensiyalardan üstün tutan dizayn yanaşması nəzərdə tutulur. Bu yanaşma müasir urbanistikada yeni trend hesab olunsa da, Şəkidə hələ XVIII əsrdə tətbiq olunub.
Belə ki, Şəkidə hər məhəllədən əsas küçəyə çıxan qısa piyada yollarının olması insanların rahatlığını və əlçatanlığı təmin edən əsas amillərdəndir. Şəkinin demək olar ki, hər məhəlləsinin öz məscidi, öz hamamı olub ki, bu da sənətkarlıq və ya ticarətlə məşğul olan şəxslərin öz məhəllələrindən uzaqlaşmadan qüsul almasına, ibadət etməsinə şərait yaradıb. Eyni zamanda şəhərdə olan çoxsaylı məscidlər, karvansaralar, bazarlar və hamamlar kimi ictimai məkanlar sosial münasibətləri gücləndirib, həyat keyfiyyətini artırıb. 
Şəkidə evlər insanların məşğuliyyətinə uyğun şəkildə inşa olunub. Belə ki, bir çox evlərin birinci mərtəbəsi ya istehsal, ya da satış məqsədli, ikinci mərtəbəsi isə yaşayış üçün tikilib. Nəticədə evlərin həm eksteryer, həm də interyer planlamasında mərtəbələr arasında fərqlilik meydana çıxıb. Çox vaxt birinci mərtəbəsi geniş qapı və pəncərə açırımlı evlərin ikinci mərtəbəsi dekorativ fasad tərtibatı, küçəyə baxan eyvanları, pəncərə quruluşları ilə fərqlənib.
Şəki eyni zamanda ətraf mühit mərkəzli dizayn olunub. Ətraf mühit mərkəzli dizayn binanın və ya şəhər mühitinin layihələndirilməsində əsas diqqətin təbiətin qorunmasına, resursların səmərəli istifadəsinə və ekoloji tarazlığın saxlanmasına yönəldildiyi yanaşmadır. Şəkidə evlər, körpülər, karvansara və hamamlar insan üçün yaradılıb, ancaq bu memarlıq abidləri yaradılarkən təbiətə zərər verilməyib. Şəki şəhəri iqlimə və relyefə uyğun planlaşdırılmışdır. Burada memarlıq təbiətə uyğunlaşdırılıb: binalar dağ yamacına uyğun tikilib, buna görə də bir çox tikililər şimaldan bir, cənubdan iki və ya üç mərtəbəlidir. Bu şəhərdə istifadə olunan materiallar yayda sərin, qışda isə isti mühit yaradır. 
Müasir ağıllı şəhərlərdə yaşıl enerji, ağıllı evlər, enerjiyə qənaət kimi prinsiplərdən söhbət açılır. Təbii yollarla qurulmuş ağıllı şəhər olan Şəki şəhərinin də memarlığında belə nüanslar nəzərə alınıb. Belə ki, memarlıq elemnetlərinin düzgün yerləşməsi və iqlimə uyğun planlama ilə Şəki evlərində təbii havalandırma təmin olunur. Təbii havalandırma sistemi, xüsusilə buxarılar vasitəsilə hava dövranının təmin edilməsi insan rahatlığını təmin etməklə yanaşı enerji sərfiyyatını da azaldır. Eyni zamanda daş və kərpiclə tikilmiş divarların qalınlığı qışda otaqları soyumaqdan, yayda isə həddindən artıq isinməkdən qoruyur. Evlərin damının ekoloji təmiz kirəmitlə örtülü olması ətraf mühitin çirklənməsinin qarşısını alır.
Şəhərin planlanmasında təbiətlə uyğunlaşma əsas prinsip kimi çıxış edir. Küçələr relyefə uyğun formalaşması, ağacların yaratdığı kölgə süni soyutmaya ehtiyacı azaldır, dar küçələr isə yay aylarında sərinlik təmin edir. Yağış sularının təbii şəkildə axıdılması şəhərin ekoloji balansını qoruyur. Şəkinin təbii yolla qurulması, təbiətlə harmoniyada olması paralel olaraq öz-özünü tənzimləyən mühit yaradıb. Şəkinin divarlarla əhatələnmiş bağçalı həyət evləri özünəməxsus mikroiqlimə sahibdir. Beləliklə, şəhər süni müdaxilə olmadan öz iqlimini tənzimləyə bilir.
Bu gün Şəki həm də dayanıqlı şəhər modeli kimi diqqət çəkir. Tarixi irsini qorumaqla yanaşı, müasir dövrün tələblərinə uyğun inkişaf etməyə çalışır. “Açıq səma altında muzey” kimi tanınan şəhər yalnız tarixi abidələr toplusu deyil, eyni zamanda yaşayan və inkişaf edən bir mühitdir. Məhz bu xüsusiyyətlərinə görə Şəki beynəlxalq səviyyədə də tanınır.Şəhər müxtəlif mədəniyyətlərin qarşılıqlı təsirini və ənənəvi yaşayış formasını qoruduğu üçün dünya irsi kimi qiymətləndirilir.
Nəticə etibarilə, Şəki texnologiya ilə deyil, insan zəkası və təbiətlə harmoniyanın nəticəsi kimi formalaşmış unikal şəhər modelidir. Bu şəhərin təcrübəsi göstərir ki, davamlı və ağıllı şəhər quruculuğu üçün bəzən ən yaxşı həll yolları məhz keçmişin uğurlu nümunələrində gizlidir. Şəki təbiətlə harmoniyada qurulmuş nadir şəhərdir. Bu şəhər bizə göstərir ki, gələcəyin şəhərlərini qurmaq üçün keçmişin təcrübəsini və müasir tendensiyaları birlikdə istifadə etməliyik.                 
Zəminə Rəsulova, Dövlət Turizm Agentliyinin
Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

 

19 May 2026, 11:06 - 107

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar