Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Şəki — Azərbaycanın qədim tarixə, zəngin mədəni irsə, özünəməxsus memarlıq və incəsənətə malik şəhərlərindən biridir. Böyük İpək Yolu üzərində yerləşən, 2017-ci ildə YUNESKO-nun “Yaradıcı şəhərlər” siyahısına daxil edilmiş bu qədim diyar əsrlər boyu ipək istehsalı ilə tanınıb. Tekstilə bağlı sənət növlərinin bol olduğu Şəkidə təkəlduz tikmə sənəti xüsusi yer tutub. Tünd əsas üzərində al-əlvan ipək saplarla işlənən bu tikmə növü həm texnikası, həm də estetikası ilə seçilib.
Məhz bu səbəbdəndir ki, Şəki təkəlduz sənətinin vətəni hesab olunur. Əvvəllər bu sənətlə əsasən qadınlar məşğul olsalar da, XIX əsrdə sənətin bazar dəyəri artdıqca kişilər də bu sahəyə maraq göstərməyə başlayıblar. Bədii tikmə qadınların işlədiyi ev sərhədlərindən çıxıb bazar mühitinə daxil olmub. Nəticədə müxtəlif tikmə növlərində ixtisaslaşma yaranıb, hətta yeni peşələr formalaşıb. XIX əsrin əvvəllərində Şəkidə 22 yəhər üzü, 16 başmaq üzü, 50 püştü üzü bəzəyən təkəlduzçu dükanı fəaliyyət göstərib. Bu dükanlarda çalışan ustalar isə yalnız kişilər idi.
XIX-XX əsrlərdə Şəkidə Mövsüm Məşədi Əli oğlu, Məşədi Yusif Süleyman oğlu, Rza Ağahüseyn oğlu kimi tanınmış təkəlduz ustaları fəaliyyət göstərirdi. Onların tikdiyi süfrələr, balınc və püştü üzləri təkcə Azərbaycan evlərini bəzəməklə kifayətlənməyib, sərgi və muzeylərdə də nümayiş etdirilmişdir.
Bu sənət öz estetikası ilə səyyahların da diqqətindən yayınmayıb. 1819–1820-ci illərdə Qafqazın Rusiyaya birləşdirilməsi zamanı bölgəyə səfər edən ispaniyalı inqilabçı Xuan Van Qalen öz xatirələrində qeyd edir ki, onu qarşılayan Nuxalı mehmandarın geyimi Qarabağ xanının geyimindən daha dəbdəbəli idi – çünki başdan-başa tikmələrlə bəzədilmişdi. Təxminən 30 il sonra Şəkidə olan A. Düma isə buradan aldığı bədii tikməli yəhərləri yüksək qiymətləndirmiş, Avropada bu cür əl işlərini tapmağın mümkün belə olmadığını yazmışdır.
Təkəlduz sənəti haqqında maraqlı faktlara maarifçi Əhməd Nəbiyevin Milli Azərbaycan Tarixi Muzeyinin Sənədli Mənbələr Fondunda saxlanılan əlyazmasında da rast gəlinir. Əlyazmanın müvafiq hissəsində deyilir:
“Bu sənət ancaq Şəkiyə məxsusdur. Bu sənət çox çoxdan Şəkidə mövcuddur. Ustaların hər birinin bir neçə şagirdi və kargahı var idi. Ustalar qara, göy mahud və məxmər üstə cürbəcür nəqşlər töküb böyük yasdıqlar, mütəkkələrə üz və miz (stol) üstə salmaq üçün satırdılar. Qiyməti malından və toxunmuş naxışların zinətindən asılı idi. Təkəlduz ipək sapı işlədərdi, bu saplarını boyaqçılara rəngbərəng boyadıb hazırlardı. Hər işçinin bir saqnaqi, bir qayçi, bir bizi olurdu. Saqnaq dəyirmi dəfəyə bənzər, dəfdən 2 dəfə böyük olub, yanları 3 barmaq ənində, bir santimetr qalınlığında olurdu. Biz isə bir əl dutan saplağı, 12-13 santimetr uzunluğunda olur. Bir parçanı tikmək üçün 3 tərəfdən 3 bez parçasına kökleyib, 3 bez parçasını... bir parçanın üzünü 4 tərəfdən saqnaqa daram çekib dairənin (yəni saqnağın) ətrafına qayış çekib bərk bağlardı. Parçaya ortadan barmaq vuranda dəf səsi verir. Sonra bir naxış tikmək üçün o naxışı bir kağız üzərinə çekib iynə ilə o cizgiləri deşməklə, parçanın üstə qoyub tabaşir (mel) tozunu o kağızın üstə sürtür. Bununla o parçanın üstə ağ xətlər düşür. Usta çiçəkləri, butaları, quşları, çekilmiş bütün bəzəkləri istədiyi rəngli saplarla naxış tökürdü. O işləri yetirməkdə böyük məharət göstərirdi. Odur ki, o naxışlara baxıb qiymət verirdilər.
Təkəlduz ustaları: Ağabala Pəhləvan oğlu, Sadıq Hacı Vəhab oğlu, Kərbəlayi Səttar Məşədi Əli oğlu, Qara Alı Balı Məmməd oğlu, Məmməd Nağı Musa oğlu, Əbdülhüseyin Adıgözəl oğlu, Məşədi Hüseyn Məşədi Əsgər oğlu, Rza Kərbəlayi Cabbar oğlu, Kərbəlayi Cabbar Bəxtiyar oğlu, Əbuzər, Rza Ağahüseyn oğlu.
Toxunma işləri üçün fabrikalar açıldığından bu sənət get-gedə sönməyə başladı.
1922-ci ildə Kərbəlayi Cabbar Leninin, Stalinin və Bağırovun portretlərini eyni sifətdə tikib komisarlardan yaxşı pul almışdı. Sonra kor oldu və öldü. Əbuzər Bakıda təkəlduz dərsi verirdi. Rza Ağa Hüseyn oğlu Şəkidə pioner evində uşaqlara təkəlduz dərsi verirdi. Beləliklə bu sənət bir para sənətlər cümləsində təznəzzülə uğradı.”
Əlyazmada adı çəkilən sənətkar – Əlizadə Cabbar haqqında bioqrafik məlumatların azlığı ucbatından geniş məlumat əldə etmək mümkün olmamışdır. Nəvəsi Firuzə xanımla əlaqə saxlanılsa da, əfsus ki, rəsmi bir məlumat əldə olunmayıb. Bununla belə, sənətkarın müəllifi olduğu bir neçə portret tipli təkəlduz işi bu gün də yaşamaqdadır. Onlardan biri R. Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyində, bir-neçəsi isə Rusiyanın Dövlət Tarix Muzeyində qorunur.
Hazırda həmin əsərləri muzeyin onlayn kataloqunda görmək mümkündür. Əsərlərin işlənmə yeri olaraq Nuxa (Şəki), material olaraq sətin, ipək, texnika olaraq isə əl işi tikmə göstərilib. Ancaq Ə.Nəbiyevdən fərqli olaraq Ə.Cabbarın tikdiyi bu portretlərin tarixi Rusiyanın Dövlət Tarix Muzeyində konkret olaraq 1922 deyil, 1935/36-cı ilə qədər göstərilib.
Eyni muzeydə 1924-cü il tarixli oxşar bir təkəlduz nümunəsi də mövcuddur. Maraqlıdır ki, Şəkidə hazırlanmasına rəğmən əsərin müəllifinin adı gürcü (L.A.Ramişvili) soyadıdır. Bu məlumat isə Şəkidə təkəlduz sənəti ilə məşğul olan sənətkarlar arasında başqa millətlərin də nümayəndələrinin olduğunu deməyə əsas verir.
Bu əsərlərin ideoloji mövzuya həsr olunması onları müasir kontekstdə müzakirədən kənar etsə də, sənətkarın təkəlduz sənətini ölkə hüdudlarından kənarda tanıtmaq baxımından rolu danılmazdır. Əlizadə Cabbar və onun kimi kişi təkəlduz ustalarının əl işləri bu gün dünyanın müxtəlif muzeylərində nümayiş etdirilərək Şəki sənətkarlığının parlaq keçmişini yaşadır və bu danılmaz faktdır.
Doğrudur, bu gün də Şəkidə istedadlı tikmə ustaları fəaliyyət göstərir. Lakin sənət əvvəlki qədər geniş yayılmayıb və əsasən qadın ustalar tərəfindən davam etdirilir. Ancaq əsas məsələ bu qədim sənəti yeni nəsillərə ötürmək, ona ikinci nəfəs verməkdir.
Maraqlananlar aşağıdakı keçid vasitəsilə əsərlərlə daha yaxından tanış ola bilərlər.
https://catalog.shm.ru/entity/OBJECT?query=%D0%9D%D1%83%D1%85%D0%B0&fund_ier=647136859
Zəminə Rəsulova, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi
16 Mart 2026, 13:10 - 284
Paylaş: