Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Vətən müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Xalqımızın qürur, fəxr və sevinc kimi müxtəlif duyğuları eyni anda yaşadığı, sonu zəfərlə bitən 44 günlük Vətən müharibəsindən beş il keçir.Beş il. Zaman olaraq az deyil.
O zaman ana bətnində olan körpələr indi məktəbə hazırlaşır, xaraba şəhərlər günbəgün abadlaşır. Müharibədən sonra həyat yaxşılaşır. Həyat davam edir. Zaman bir çox yaralara məlhəm olur, ancaq elə yaralar var ki, qaysaq bağlasa da sağalmır. “Bala dağı-yağ dağı”- belə deyib analar. Vətənin azadlığı, bütövlüyü uğrunda öz balasını qurban verən anaların sağalmayan yarası var.
Bəli, müharibə bitib. Bu səbəblə xalq olaraq çox xoşbəxtik. Bu xoşbəxtlikdən qürur duyan, Azərbaycan bayrağını ən müqəddəs andı bilən analar var, qadınlar var, uşaqlar var, ailələr var fərd olaraq bədbəxt olan. Viktor Frankla görə insan ən ağır vəziyyətdə belə həyatın mənasını tapırsa bədbəxtlik gücə çevrilə bilir. Necə ki, övladını, ərini, qardaşını, atasını itirən fərdlər həyatın mənasını Vətənin bütövlüyündə, azadlığında tapdı. Onların Vətən sevgisi gücə-dəmir yumruğa çevrildi və xəyalları gerçək etdi.
Ana Vətəni övladından üstün tutan hər bir şəhid anası qəlbini didib-parçalayan sonsuz kədərə rəğmən dik dayandı. Çünki onlar üçün Vətən və övlad sevgisi birlikdə ən müqəddəs duyğunu formalaşdırıb. Öz can parçasını itirən analar bunu şəxsi faciə kimi dəyərləndirməyib, övladının ölümünü mətanətlə qarşılayıb və Vətənə verilmiş pay biliblər. Ana üçün övlad candır, nəfəsdir, yaşam səbəbidir. Vətən sevgisi isə sevgilərin ən alisi, ən müqəddəsidir. Vətən sevgisi yeganə qüvvədir ki, övlad itkisinin ağrısını, kədərini qürura çevirib, analara səbir, dözüm verib.
Bütün şəhidlərin taleyi bir-birinə bənzəyir. Hamısı nakam, arzuları ürəyində, adları tarixdə qalan. Hamısının sevdiyi bir, hədəfi bir. Sevdikləri bu Vətəndi, hədəfləri suverenlik. Şəhidlər şəhadətə ucaldılar. Onların ardında atalar-analar övladsız, qadınlar ərsiz, uşaqlar atasız qaldılar. Poladın, Mübarizin, Fəridin, Toğrulun, Nicatın, Elşənin.....fərqli idi atası, anası, eyni adı qazandılar: şəhid atası, şəhid anası.
Elə şəhid anaları da bir-birinə bənzəyir. Hamısının üzündə nur, qəlbində qəm. Hamısının dərdi birdir, dözülməzdir. Övlad itkisi müqayisəolunmazdır və hər bir övlad özlüyündə təkdir, bir dənədir. Ana var ki, yeganə bir balasını, gözünün ağı-qarasını qurban verib Vətən üçün. Ana var ki, iki oğlu şəhid olub Vətən üçün. Yenə dözüb, başı uca dik dayanıb. Çünki bilib, torpaq əgər uğrunda ölən varsa vətəndir!
Qadınlar var, gənc yaşında yarsız qalan. Toy sədası qulağından çəkilməmiş al otağına qara bağlanıb. Düz beş ildir adı olub şəhid yoldaşı. Birgə xəyallar qurduğu, başını çiyninə qoyub uyuduğu əri artıq torpaq olub, Vətən olub. Əri ilə birlikdə dəfn olunub onun qadın xoşbəxtliyi. Bu gün onlar şəhidlərdən əmanət qalan övladları, şərəfləri, Vətənə sədaqətləri üçün yaşayırlar. Yaşayırlar ki, şəhid əmanətlərini onlara layiq şəkildə yetişdirsinlər. Yaşayırlar ki, şəhid analarına, üçrəngli bayrağı bağrına basıb, “Vətən sağ olsun!”- deyən şəhid atalarına arxa-dayaq olsunlar.
Övladlar var, ata üzü görməyən, atasının şəhadətindən sonra doğulan. Uşaqlar var, düz beş ildir ata yolu gözləyən, körpələr var yuxusunda atasına qovuşan, oğullar var bir andaca böyüyən. Bir də şəhid qızları var, dərdi dilə gəlməyən...
Böyüyüblər, böyüyürlər. Yaşayıblar, yaşayırlar bu Vətəni yaşatmaq üçün.
Həyat davam edir...
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi
Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi
Zəminə Rəsulova
24 Oktyabr 2025, 12:13 - 290
Paylaş: