"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Vətənə xidmətin adı


Emin müəllim, xoş gördük. Sizi “Əsrin aydınları” jurnalının qonağı qismində görməkdən şadıq. Oxucularımızın bir qismi sizi tanıyır, lakin istərdik ki, sizi tanımayanlar üçün özünüzü təqdim edəsiniz.

Çox sağ olun, Vasif bəy. “Əsrin Aydınları” jurnalına müsahibə vermək mənim üçün də xoşdur. Məni aydınlar sırasında gördüyünüz üçün də ayrıca minnətdarlığımı bildirirəm. Dəvətinizə görə təşəkkür edirəm. 

İlk olaraq qeyd edim ki, 14 noyabr 1981-ci ildə Naxçıvanda anadan olmuşam. Orta təhsilimi orada başa vurmuşam. Ali təhsilimi də Naxçıvanda həm pedaqogika, həm də iqtisadiyyat ixtisasları üzrə bitirmişəm. Hərbi xidmətimi də Naxçıvan Muxtar Respublikasında keçmişəm. 2008-ci ildən isə Bakıda yaşayıram. Hazırda SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində böyük mühəndis vəzifəsində çalışıram.

- Naxçıvandan Bakıya gəlişiniz barədə danışa bilərsinizmi? Bu prosesdə hansı çətinliklərlə üzləşmisiniz?

Sakit və təmiz bir şəhərdən küləklər, tıxaclar şəhərinə köçürsən. Bəlkə də bir az sərt səslənəcək, amma elə bil ki, burada səni gözləyən “akulalar” var – insanı fürsət bilib yem etməyə hazır olanlar. Həm iş, həm də evlə bağlı müəyyən çətinliklərim oldu. Sakit bir şəhərdən çıxıb bu cür böyük və gərgin şəhərdə yaşamaq mənim üçün asan olmadı.

İdeya müəllifi olduğunuz “Vətən Bağı” layihəsi haqqında qısa da olsa oxucularımıza məlumat verə bilərsinizmi? 

Şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədilə bağ salmaq ideyası yarandı. Bağın salınacağı ərazi ilə bağlı müvafiq qurumlara müraciətlərimizi ünvanladıq və hazırda “Vətən Bağı”nın yerləşdiyi ərazini bizə verdilər. Tərtərdə salacağımız Şəhidlər Parkının adı ilə bağlı şair dostum Fəxrəddin müəllim “Vətən Bağı” adını təklif etdi. Bu ideyanı paylaşdıq və dostlarımız tərəfindən böyük dəstək gördük. Maraqlı məqamlardan biri də, parkın qarşısından keçən yolun Ağdərəyə aparan yolun olması idi. Bu da bir təsadüf kimi yadda qaldı. Bizə dəstək olan Müstəqim müəllimə və onun komandasına xüsusi təşəkkürümü bildirmək istəyirəm. 150 şəhid ailəsi üzvləri və dostlarımızla birlikdə Tərtər rayonuna yola düşdük. Yol boyu güclü yağış yağmasına baxmayaraq, təhlükəsizlik üçün həkimlər və təcili tibbi yardım briqadaları da bizə təhkim olunmuşdu. Tərtəri seçməyimizin əsas səbəbi isə birinci və ikinci Qarabağ müharibələri zamanı ən çox mərminin düşdüyü şəhərlərdən biri olması idi. Nəticədə şəhidlərimizin əziz xatirəsinə ‘Vətən Bağı’nı saldıq. Daha sonra İctimai Birlik yaratmaq təşəbbüsü irəli sürüldü.

Emin bəy, bilirik ki, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədrisiniz. İctimai Birliyin əsas missiyası nədən ibarətdir və bu təşkilat nə vaxt rəsmi olaraq fəaliyyətə başlayıb?

 “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi milli ruhun, sosial həmrəyliyin və vətən sevgisinin təcəssümüdür. Əsas missiyamız isə əhalinin sosial inkişafı sahəsində təşəbbüslərə dəstək verməkdir. Hər zaman müsahibələrimdə qeyd etdiyim kimi şəhidlərin igidlik yolu, qazilərin şücaəti və birlik ruhu yalnız tarix kitablarında deyil, gənclərin düşüncəsində və gündəlik həyatımızda yaşamalıdır. Sosial inkişaf olmadan gələcəyin qurulması isə mümkün deyil. “Vətən Bağı” İB cəmiyyətin sosial təşəbbüslərinə dəstək verərək həmrəylik mədəniyyətini gücləndirir. Qeyd edim ki, “Vətən bağı” Sosial Təşəbbüslər İctimai Birliyi 11 fevral 2022-ci ildə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində rəsmi olaraq qeydə alınıb. Birliyi yaradanda mərhum jurnalist Qadir İbrahimlinin zəhməti olmuşdu, məsləhətlərini vermişdi. Amma Qadir bəyin vaxtsız vəfatı hər birinizi dərindən kədərləndirdi. Şəhadətnaməmizi alanda sanki hiss edirdim ki, Qadir bəyin də ruhu şad oldu. Bu bağ Azərbaycanda ilk QR kodlu bağdır. Orada ağaclara vurulan QR kodlar oxudulduqda şəhidlərimiz haqqında məlumat əldə etmək mümkündür.

 

- “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi olaraq fəaliyyətinizdən, gördüyünüz işlərdən bəhs edə bilərsinizmi?

Hər zaman dövlətimizə və xalqımıza faydalı işlər görməyə çalışmışıq. Əsas fəaliyyətimiz rəsmi olmasa da 44 günlük Vətən Müharibəsində hərbçilərimizə göstərdiyimiz dəstəklə başladı. Gördüyümüz işlər çoxdur, lakin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyinin qrant layihələrində iştirak edərək 2023-cü ildə şəhid ailələri və qazilərimiz üçün SMM təlimləri, 2024-cü ildə isə şəhid ailələri və qazilər üçün biznes təlimləri təşkil etmişik. 2025-ci ildə Naxçıvanda “Naxçıvan gəncləri narkomaniyaya yox deyir” şüarı altında təlimlər keçirdik. Onu da qeyd edim ki, hələ 5 il əvvəl pandemiya dövründə ictimai fəaliyyətimizə start verdik. Həmin dövrdə Facebook sosial şəbəkəsində zarafat məqsədilə yaradılmış “Kişilər Klubu” adlı bir qrupumuz var idi. Məhz bu klub vasitəsilə pandemiya dövründə müəyyən şəxslərin dəstəyi ilə aztəminatlı ailələrə yardımlar payladıq.

- Emin bəy, bilirik ki, siz fəaliyyətinizdə şəhid ailələrinə göstərilən dəstəyə xüsusi önəm verirsiniz. Bu barədə məlumat verə bilərsinizmi?

Əlbəttə, şəhid ailələlərinə diqqət və qayğı hər zaman fəaliyyətimizin ön planında olub. Elə pandemiya dönəmində 1992-ci ildə Ağdərə uğrunda şəhid olmuş İsmayıl Şərbətovun ailəsini ziyarət etmişdik. Ziyarətimiz zamanı məlum oldu ki, evin kiçik olmasına baxmayaraq orada 7 nəfər yaşayır və ev yaşayış üçün yararlı vəziyyətdə deyildi. Həmin vaxt şəhidimizin xanımına bildirdim ki, icazə versə, bu evi təmir etdirərdik. İlk olaraq bu məsələ ilə bağlı müvafiq quruma rəsmi məktub ünvanladıq. Təəssüflər olsun ki, həmin dövrdə bizə yalnız qeyri-rəsmi cavab verildi. Buna baxmayaraq, geri çəkilmək fikrimiz yox idi. Məsələni sosial şəbəkələrdə işıqlandırdıq. Cəmi iki gün sonra müraciətimizlə bağlı geri dönüş edildi və bildirdilər ki, bir komanda şəklində ora nə lazımdırsa etməyə hazırdırlar. Biz evə baxış keçirdik, görülməli işləri siyahıya aldıq. Çətin bir dövrdə imkan daxilində ustalar tapdıq, evin qapı və pəncərələrini dəyişdik, beləliklə, evdə təmir işlərinə başlamış olduq. Sosial şəbəkələrdə mütəmadi paylaşımlar etdikdən sonra bir çox insan bu evə kömək etmək istədi; hətta gəlib ustalara kömək belə edirdilər. Nəticədə, 45 gün ərzində ev tam təmir olundu. Biz hər şeyi sıfırdan qurduq və məişət üçün lazım olan bütün avadanlıqları aldıq. Bir il sonra isə şəhid ailəsi Dövlətimiz tərəfindən yeni binada 3 otaqlı mənzillə təmin olundu. Bu hadisə bizim ictimai fəaliyyətimizin ilk və əsas pilləsi oldu. Həmin dövrdə mən hər gün görülən işlər barədə — nə qədər vəsait toplandığı, nə qədər xərcləndiyi və digər məlumatları açıq şəkildə paylaşırdım. Bu şəffaflıq isə insanlarda etibar yaratdı.

- Az öncə qeyd etdiniz ki, 44 günlük Vətən müharibəsi zamanı hərbçilərimizə dəstək göstərmisiniz. Oxucularımıza müharibə dövründəki fəaliyyətiniz barədə danışa bilərsinizmi?

Tovuz hadisələri baş verdiyi vaxt mən işimlə əlaqədar orada olmuşam və Polad Həşimovun, İlqar Mirzəyevin və digər oğullarımızın şəhid olduğunu da elə Tovuzda öyrənmişəm. Bakıya qayıtdıqdan sonra sosial şəbəkələrdə artıq səngərlərin möhkəmləndirilməsi məqsədilə aksiyaların keçiriləcəyi barədə məlumatların işıqlandırıldığını gördüm. O vaxt bizim kiçik bir mağazamız var idi. Satıcımız Qərib Qurbanova yazdım ki, təkər yükləməyə getmək istəsə, mənə qoşula bilər. O, mənim bu təklifimin qarşısında: “Bir canım var, o da dövlətimizə qurban” ,– dedi. Bu söz mənə o qədər ruh verdi ki, dərhal dostlarıma yazmağa başladım. Gecə işdən çıxıb, axşamüstü Qərib və digər dostlarımla bərabər təkər yükləməyə getdik. O gecə üç tır təkər yükləndi. Bu arada sosial şəbəkələrdəki növbəti çağırışa 35 nəfər dostumuz qoşuldu. Həmin vaxt bizə dəstək olan hər kəsə bir daha təşəkkür edirəm. Bu müddətdə xalqımızın birliyini bir daha görmüş oldum. İşimlə əlaqədar olaraq cəbhə ətrafındakı rayonlara da gedirdim. Artıq hər şeyə hazır olduğumuzu görürdüm. Sentyabrın 19-da Türkiyəyə səfərim var idi, müharibənin başladığı gün səhər saat 10-da Bakıya qayıtdım. Bakıya çatanda artıq müharibənin başladığını eşitdim. Bundan sonra nə edə biləcəyimiz haqqında düşündük. Cəbhəboyu döyüşlərlə paralel biz eyni zamanda informasiya savaşının da içində idik. Həmin vaxt mətbuatda yayılan xəbərləri izləyirdik bütün həmvətənlərim kimi. Bir vətəndaş olaraq hər cür xidmət və dəstəyə hazır idik.

- Sizcə, vətəndaş məsuliyyəti və həmrəyliyi 44 günlük müharibədə qələbəyə gedən yolun hansı mərhələlərində daha aydın hiss olunurdu?

Deyərdim ki, bu müharibənin ilk günlərindən açıq şəkildə hiss olunurdu. Müharibənin ikinci günü dostumuz, şirkət rəhbəri Qoşqar Əsədzadə mənə mesaj yazdı: “Emin, şirkətin bütün maşınları ixtiyarındadır”. Təxminən 40 dəqiqə sonar dostumuz Hacı Ələsgərov mənə zəng etdi ki, cəbhəyə yük aparmaq üçün maşın lazımdır. Qoşqar müəllimin mesajı sanki yerinə düşmüşdü, bir maşın ayırdım, daha sonra ikinci maşına da ehtiyac yarandı, dostumuzun sayəsində ikinci maşın problemini də həll etmiş olduq. Ertəsi gün səhər saat 6-da Bakıdan Füzuli istiqamətinə yola düşdük. Bu, cəbhəboyu ərazilərə ilk səfərimiz idi. Füzulinin girişində ilk postla qarşılaşdıq. Rayon ərazisinə giriş məhdudlaşdırılmışdı, atəş səsləri isə çox yaxından eşidilirdi. Bir qədər sonra alternativ yolla hərəkət edərək yükümüzü hərbi hissəyə çatdırıb boşaltdıq. Zabitlər bildirdilər ki, gecəgörmə cihazları üçün xüsusi batareyalara ciddi ehtiyac var. İki gün ərzində yenidən hazırlaşdıq. Döyüşlərin altıncı günü bir daha Füzuli istiqamətinə yollandıq. Beyləqanda yeni postun qurulduğunu gördük. Polis əməkdaşına müraciət edərək bildirdim ki, maşınımızın keçməsi vacibdir, lakin o, bir daha icazənin olmadığını vurğuladı. Mən isə izah etdim ki, yüklər təcili Füzuliyə çatmalıdır. Elə həmin anda Füzulidən gələn hərbçilər yaxınlaşaraq maşınların təcili şəkildə buraxılmasını xahiş etdilər. Biz hərbçilərin müşayiəti ilə təyin olunan əraziyə çatdıq. Dostlarımızın köməyi ilə cəld hərəkət edərək maşını boşaltdıq, lazımi avadanlıqları tapıb təhvil verdik. Daha sonra qalan yükləri də boşaltdıq və bundan sonra həmin istiqamətə mütəmadi səfərlər etməyi iş prinsipimizə çevirdik. Müharibə müddətində həmin əraziyə ümumilikdə 16 dəfə getdik. 8 noyabr günü dostum Tahirlə birlikdə yenidən cəbhəyə yollandıq və elə həmin gün Xudafərini görmək nəsibimiz oldu. Mən də əhdimə sadiq qalıb əyilib o torpağı öpdüm. Geri qayıdarkən mənə zəng gəldi, Şuşanın işğaldan azad edildiyini öyrəndim.

 

- Arxa cəbhədə göstərdiyiniz fəaliyyətə görə dövlət tərəfindən hansı mükafatlara layiq görülmüsünüz?

Açıq deyim ki, biz hansısa mükafat üçün nələrsə etməmişdik. Amma ilk olaraq bizə bir şirkətin “Xarı bülbül” döş nişanı təqdim olundu. Daha sonar digər bir şirkətin “Dəmir yumruq” simvolik mükafatına layiq görüldük. Dövlət Sərhəd Xidməti tərəfindən fəxri fərman, Milli Məclisin o vaxtkı müavini Adil Əliyev tərəfindən fəxri fərmanla mükafatlandırıldıq. Eləcə də Dövlət Sərhəd Xidməti tərəfindən “Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə” medalı ilə təltif edildik. Bu diqqət və etimad bizim üçün əlavə güc və motivasiya oldu

.

 

Dəvətimizi qəbul etdiyiniz üçün çox təşəkkür edirik. Düşünürəm, olduqca xoş və səmimi müsahibə oldu. Sonda “Əsrin Aydınları” jurnalının oxucuları ilə ürək sözlərinizi bölüşməyinizi istərdik.

Müharibə bir daha göstərdi ki, biz çox böyük xalqıq. 44 gün ərzində qazanılan Zəfər bunun bariz sübutudur. Mən bu müddətdə Azərbaycan xalqını sanki yenidən kəşf etdim. Başda rəhbərlik olmaqla, sizə və “Əsrin Aydınları” jurnalının kollektivinə təşəkkür edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Mənbə: Aydinlar.az

25 Dekabr 2025, 11:37 - 605

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar