Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Dostlarla dəfələrlə planlaşdırırdıq Qarabağa getməyi… hər dəfə bir səbəb çıxırdı, ən çox da işim imkan vermirdi. Hər dəfə “bir gün mütləq gedəcəyik” deyib özümüzü ovudurduq. Bu dəfə isə sanki taleyin özü yol açdı bizə…
Martın 27-si gecə Bakıdan Qarabağa yola düşəndə içimdə qəribə bir sükut vardı, sanki çoxdan gözlədiyim bir görüşə gedirdim. Sevinirdim… amma eyni zamanda içimdə izah edə bilmədiyim bir kövrəklik də vardı...
Yol boyu düşünürdüm...İllərlə adını eşitdiyim, şəkillərdə gördüyüm, xəyalımda canlandırdığım torpaqlara indi özüm gedirəm. Bu, sadəcə bir səfər deyildi… bu, illərin həsrətinin, içimdə yığılan sözsüz duyğuların yol tapması idi.
Füzuli rayonuna daxil olan kimi sanki zaman dayandı… gördüklərim insanın ürəyinə ağır bir yük kimi çökürdü. Dağıdılmış evlər, divarları yarımçıq qalan ocaqlar, susmuş həyətlər.Bir vaxtlar uşaqların gülüşü gələn küçələr indi səssizliyə bürünmüşdü.
İnsan baxdıqca yalnız xarabalıq görmür… orada yarım qalmış həyatları, yarım qalmış xatirələri hiss edir. İçində həm qəzəb baş qaldırır, həm də dərin bir kədər “insan bunu necə edə bilər?” sualı səni rahat buraxmır…
Amma qəribədir, bütün bu sükutun içində torpağın özü danışır. Sanki hər daş, hər ağac, hər külək bir hekayə pıçıldayır. Bu torpaq susmur… yaddaşı yaşayır.
Sonra yolumuz Şuşaya düşdü…
Şuşaya daxil olan anı sözlə anlatmaq çətindir. Sanki ürəyin bir parçası yerinə oturur,sanki illərlə axtardığın bir hissə tamamlanır.
O küçələrdə addımladıqca insan sadəcə gəzmirdi, hiss edirdi. Hər daşda tarix, hər divarda iz, hər nəfəsdə bir ruh var idi. Orada anlayırsan ki, bəzi şəhərlər sadəcə şəhər deyil… onlar bir millətin qəlbidir.
Daha sonra Xankəndini gəzib dolaşdıq. Hər tərəfdə dəyişiklik var, həyat yenidən qurulur… amma keçmişin izi hələ də hiss olunur. Sanki bu torpaqlar həm ağrını, həm də ümidini eyni anda daşıyır.
Kəlbəcər, Laçın, Cəbrayıl, Şuşa, Füzuli,Ağdam… Xankəndi, Xocavənd, Qubadlı, Zəngilan,Xocalı
Bəli düz 34 il bu yerləri yalnız adı ilə yaşamaq, xəyalda qurmaq, uzaqdan sevmək, nə qədər ağır imiş…
Bəlkə də bunu ən yaxşı ya bu torpaqda doğulanlar, ya da bu həsrəti ürəyində daşıyanlar anlayar…
İndi isə burdayıq, öz gözlərimizlə görürük, nəfəsini hiss edirik, torpağına toxunuruq…
Və insan anlayır ki, bəzi duyğuların dili yoxdur,onları nə yazmaq olur, nə danışmaq, sadəcə yaşamaq olur…
Bu səfər mənim üçün bir gəzinti deyildi…
Bu, içimdə illərlə susan bir hissin oyandığı an idi…
Bu, yaddaşımla, tariximlə, köklərimlə səssiz bir görüş idi…
Çünki Qarabağ bir vətən deyil…
Qarabağ hər bir vətəndaşın ürəyində yaşayan qürur, yaddaş və kimlikdir.
O, xəritədə çəkilən sərhədlərdən ibarət deyil…
Hər daşında tarix, hər qarışında şəhid izi, hər nəfəsində bir millətin ruhu var.
Qarabağ gedib görülən yer deyil…
Qarabağ hiss olunan, yaşanan və heç vaxt unudulmayan bir dəyərdir.
Səfiyar Müzəffər
31 Mart 2026, 22:13 - 81
Paylaş: