"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Samir Zülfiyev: Xocalı soyqırımı və Heydər Əliyevin başlatdığı ədalət mübarizəsi


Mənfur düşmənin iblisanə əməlləri üzündən yurdumuzun qədim guşələrindən biri olan Xocalının təkcə adının belə çəkilməsi hər bir azərbaycanlının qəlbini parçalayır. “Xocalı” sözünün özü, sanki, fəryad edir, nalə çəkir, bütün insanlığı, yer üzünü qınayır, o qətliamı törədənlərə lənət oxuyur. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalıda baş verənlər insanlıq tarixində heç zaman silinməyəcək qara ləkədir. Erməni xislətinin mahiyyətidir, erməni faşizminin insanlıq üçün nə qədər təhlükəli olmasının sübutudur. Xocalı qətliamı tariximizin ən qanlı, ən faciəli səhifələrindən biri olmaqla yanaşı, eyni zamanda, müasir sivilizasiyanın hansı bir vəziyyətdə olmasını əks etdirən olduqca ciddi, məşum göstəricilərdən biridir. İndi yer üzünün inkişafına nizam verən nəhəng güc mərkəzlərinin hamısı çox gözəl bilir ki, Qarabağ Azərbaycan torpağıdır. Amma o güc mərkəzləri öz məkrli maraqlarını həyata keçirmək məqsədilə bütün yer üzündə insanlığa layiq olmayan oyunlar oynayırlar. Bu oyunlar həqiqəti, ədaləti ayaq altına alır, işıqlı zəkaların insanlıq adına yaratdıqlarını darmadağın edir. Min illər boyu bütün müdrik insanların, dinlərin, mütərəqqi nəzəriyyələrin çağırışları qulaq ardına vurulur, unutdurulur. Hüquq elminin də əsrlər boyu əldə etdiyi nailiyyətlərə məhəl qoyulmur. Paradoksal bir vəziyyət yaranır. Bir tərəfdən, heyvanların belə müdafiəsinə qalxanlar insanları zəlil edirlər, insanların zəlil edilməsinə göz yumurlar. İnsan hüquqlarının aliliyindən ağızdolusu danışanlar, xalqların hüquqlarını tanımaq istəmirlər. Ulu Öndərin siyasi kursunun davamçısı cənab prezidentimiz İlham Əliyevin dəfələrlə dediyi kimi, ikili, çoxüzlü siyasət yürüdürlər.  

Torpaqlarımıza göz dikən güc mərkəzləri erməniləri əllərində ov tulasına çevirib üstümüzə qısqırdırlar. Yeni oyunlar qururlar. Xocalı qətliamı torpaqlarımızın ələ keçirilməsi yolunda başımıza gələn bir bəla, düşmənin ən iyrənc sifətini üzə çıxaran tarixi bir gerçəklikdir. Xocalı qətliamı Vətənimizə qarşı həyata keçirilən çirkin siyasətin mahiyyətini açan ibrətamiz bir göz dağıdır. 

Xocalı hadisəsinin necə baş verməsi, yaşı 40-50-dən yuxarı olanların yaxşı yadındadır. Vətənimizin başına min bir oyunlar açılırdı, ölkə daxilində milli zəmində münaqişələr törədilir, qarşıdurmalar yaradılırdı. Ölkədə xaos hökm sürürdü. Güc mərkəzləri bir tərəfdən ölkə rəhbərliyini, əhalini arxayın salmaqla yanaşı, altdan-altdan öz məkrli niyyətlərini həyata keçirmək üçün mexanizmlər, texnologiyalar həyata keçirir, digər tərəfdən, erməniləri qızışdırıb üstümüzə yeridirdilər.

Ermənistanın silahlı qüvvələri 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Rusiya Federasiyasının 366-cı motoatıcı alayının iştirakı və yaxından köməyi, daşnakların fitvası, xarici ölkələrdən gələn erməni yaraqlılarının iştirakı, sonradan Ermənistanın prezidenti olacaq bir cəlladın – Serj Sarkisyanın təşkilatçılığı ilə köməksiz insanların üzərinə yeridilər. Xəstə insanları çarpayıda vurdular, uşaqları süngüyə keçirdilər, hamilə qadınların qarınlarını yardılar, pərən-pərən düşmüş insanları gülləbaran etdilər. Azərbaycan əhalisinə qarşı heç yerdə görünməmiş bir vəhşi qətliam həyata keçirildi. Hətta ölmüş insanların belə kəlləsini əzir, sifətlərinin dərisini soyurdular. Həmin mənfur Serj Sarkisyanın sonralar fəxrlə dediyi kimi, bununla Azərbaycan əhalisinin gözünü qorxutmaq, ətraf kəndlərin də boşalmasına nail olmaq istəyirdilər. Həmin vaxt onlar öz məqsədlərinə çatdılar. Amma öz sifətlərini də xeyli dərəcədə açdılar. Çünki, normal insan psixologiyasına malik insanlar belə vəhşilik törədə bilməzdilər. 

Rəsmi statistikaya görə, həmin gecə Xocalıda 613 nəfər qətlə yetirilmiş, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i qoca insanlar olmuşdur. 8 ailə tamamilə məhv edilmişdir. 25 uşaq hər iki valideynini itirmişdir. 130 uşaq isə valideynlərindən birini itirmişdir. Yaralanmış 487 nəfərin 76-sı uşaqlardır. 1275 nəfər əsir götürülmüşdür. Onlardan 150-sinin taleyi hələ də məlum deyil. Onlar itkin düşmüş sayılır. Azərbaycanın Milli qəhrəmanları Allahverdi Bağırovun və Asif Məhərrəmovun (Fred Asif) gərgin əməyi, şücaətləri hesabına 1003 nəfər əsirlikdən xilas edilə bilmişdir.  

Hər dəfə Xocalı hadisəsi yadıma düşəndə məni qəhər boğur. Utandırıcı haldır ki, hadisə baş verən vədə ölkənin o vaxtkı rəhbərliyi bu faktı həm əhalidən, həm də dünya ictimaiyyətindən gizlətməyə çalışdı! Ölkə televiziyası, mətbuat susur, hadisənin miqyasını xeyli kiçildirdi. Yalnız o zaman 215 KL studiyasının təsisçisi və jurnalisti olan Şəhid Milli Qəhrəman Çingiz Mustafayevin lentə aldığı dəhşətli görüntülər Xocalı faciəsinin miqyasını və erməni cəlladlarının vəhşiliyini bütün dünyaya nümayiş etdirirdi. Elə ermənilərin özləri də öz mənfur əməllərini etiraf etməkdən çəkinmir, yazdıqları ilə özlərini ifşa edirlər.

Özlərini siyasətçi hesab edənlərin əksəriyyətini Xocalıda baş vermiş hadisələrdən siyasi məqsədlər üçün istifadə etmək daha çox maraqlandırırdı. Amma bu acizlik, mövqesizlik o zaman həmin insanları xalqın gözündən daha çox saldı. Xocalı hadisəsi barədə dünya ictimaiyyətini lazımi qədər məlumatlandırmaq yalnız Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidi ilə siyasi hakimiyyətə gəldikdən sonra mümkün oldu. Məhz onun fəaliyyəti nəticəsində Xocalı məsələsinə həm ölkənin siyasətində, parlamentdə, xarici siyasətdə ciddi əhəmiyyət verilməyə başlandı. Xocalı soyqırımının bütün dünyada tanınması istiqamətində əməli addımlar atıldı. Amma nəzərə almaq lazımdır ki, Heydər Əliyevə qədər Azərbaycan “dırnaqarası siyasilərinin” başı daxili münasibətlərə qarışdığı bir müddətdə ermənilər dünya ictimaiyyəti arasında Xocalıdakı hadisələr barədə təhrif olunmuş, özləri üçün faydalı məlumatlar formalaşdırmağa müəyyən qədər nail olmuşdular. Ona görə də əsl həqiqətləri anlatmaq üçün çox gərgin əmək sərf etmək lazım gəlirdi. Dahi, müdrik liderimiz Heydər Əliyev elə ilk imkan düşən kimi bu sahədə ciddi fəaliyyətə başladı. O, hələ prezident səlahiyyətlərini həyata keçirdiyi vaxtda, Milli Məclisin sədri kimi, təcili tədbirlər görülməsi üçün 26 iyul 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasına müraciət etdi. 1994-cü il fevral ayının 24-də Milli Məclis hər il fevralın 26-sının “Xocalı Soyqırımı Günü” kimi yad olunması barədə qərar qəbul etdi. 1995-ci il fevral ayının 24-də isə, Milli Məclis dünya parlamentlərinə və beynəlxalq təşkilatlara Xocalı soyqırımının tanınması ilə bağlı müraciət etdi. 

Azərbaycanın həm daxili, həm də xarici siyasətində, diplomatic münasibətlərin qurulmasında Xocalı soyqırımına münasibət mühüm bir yer tutdu. Ulu öndərin müəyyən etdiyi bu xətt artıq beynəlxalq aləmdə nüfuzlu bir siyasətçi kimi tanınan, Ulu öndərin layiqli davamçısı cənab Prezidentimiz İlham Əliyevin fəaliyyətində də diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun bu sahədəki xidmətləri – xüsusən “Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının uğurları barədə də danışmamaq mümkün deyil. 

2008-ci il may ayının 8-də Şuşanın işğalının ildonümü günü Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan “Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən çox ölkədə yüzlərlə könüllünün iştirakı ilə uğurla davam etdirilir. İslam Əməkdaşlıq Təşkilatının  üzvü olan 57 ölkə, o cümlədən, Meksika,Pakistan, Kolumbiya, Çexiya,Bosniya  və  Herseqovina, Peru,  Handuras,  Sudan, Rumıniya dövlət və  parlamentləri  səviyyəsində Xocalı soyqırımını rəsmi  olaraq  tanıyan ölkələrdir.  Görülən məqsədyönlü tədbirlər nəticəsində dünyanın 10-dan çöx ölkəsinin parlamenti, eləcə də ABŞ ştatlarının bir çoxu bu qətliamı “Xocalı soyqırımı” kimi qəbul etmişdir.

Bu günlərdə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər, piketlər keçirilir, ermənilərin vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər, materiallar nümayiş etdirilir. Dünya ölkələrinin nüfuzlu qəzetlərində faciəyə həsr olunmuş məqalələr çap olunur, televiziya və radio kanallarında verilişlər yayımlanır.

Onu da qeyd etmək lazımdır ki, 28  il  gözlənilən Günəş, nəhayət, Xocalı  üçün  də  doğdu. 2020-ci  il  27  sentyabr  tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində  başlayan  cavab  savaşı düşməni nəinki  susdurdu, həm də qol-qanadını qırdı.  Ani  bir  əmrlə əks-hücum əməliyyatı başlandı. Müzəffər Azərbaycan  Ordusu  özünün  qan  haqqı  olan  torpaqlarını işğalçı düşməndən birdəfəlik təmizləmək, respublikamızın ərazi  bütövlüyünü   bərpa etmək  üçün  geriyə  dönüşü  olmayan  şanlı və  o  cümlədən, haqlı zəfər yürüşünə başladı.  Azərbaycan Respublikasının Prezidenti, Şanlı Azərbaycan   Ordusunun  Ali  Baş  Komandanı   İlham  Əliyev tərəfindən “dəmir  yumruq” adlandırılan  bu  hərəkat,  sözün  həqiqi mənasında, düşmənin başını əzməyə müvəffəq  oldu.

Şanlı Azərbaycan  Ordusu   Ali  Baş  Komandan cənab  İlham  Əliyevin əmrlərinə dəqiqliklə əməl edərək, işğalçılar tərəfindən ələ keçirilən torpaqlarımızı  bir-bir  qaytarır, cəbhə bölgəsindən gələn fərəhverici xəbərlər xalqın  da  “dəmir  yumruq”  kimi  birləşməsinə vəsilə   olurdu. 10  noyabr  2020-ci ildə rəsmi İrəvanın hərbi  kapitulyasiyaya  razılıq verməsi ilə  savaş  Azərbaycanın möhtəşəm zəfəri ilə yekunlaşdı.  Qalan  torpaqlar  da  həqiqi sahibinə qaytarıldı. Qazanılan  tarixi  zəfər Xocalıda  baş  verənləri Azərbaycan xalqına  unutdurmasa  da, yaramıza məlhəm  oldu. 2021-ci ildə  ilk  dəfə Xocalı soyqırımının anım  günü  matəmlə qarışıq fərəh,  qürur  göz  yaşları ilə  yad  edildi.  Damarlarında Azərbaycan,  türk  qanı daşıyan, illərlə Xocalını xatırlayarkən gizlində və  aşkarda  göz  yaşı axıdan hər kəs,  bu  gün  Xocalıda və  başqa  rayonlarda  şəhid  olmuş  qardaş  və bacılarını  yad  edərkən  iftixarla  bu  müjdəni verə  bilir:  Qisasınızı aldıq, Xocalı şəhidləri!

Allah şəhidlərimizə rəhmət eləsin. 

 

Samir Zülfiyev, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi.

16 Fevral 2026, 19:56 - 204

Paylaş: