Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Müharibənin ən şiddətli günlərini yaşayırdıq. Hər gün,durmadan işğal olunmuş ərazilərimiz azad olunurdu. Bunun sevinci də ayrı bir ruh yüksəkliyi gətirirdi xalqımıza...
Oktyabr ayının 11-i, gecə vaxtı Gəncə erməni raketinə bir daha tuş gəlir. Bu dəfə daha ağır, daha sarsıdıcı, daha üzücü oldu. Çünki, sivil vətəndaşlarımız yatdıqları yerdə, düşmən tərəfindən hədəf alınmış, onlarla insanımız şəhid olmuşdu.
Sentyabr ayının 27-dən etibarən mən də işim gərəyi Tərtər rayonuna ezam olundum. Orda yaşananları, düşmənin mülkü insanlara necə divan tutduğunu çəkərək ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq. Oktyabrın 11-i 00:00 yekun xəbərin ardından heyət istirahət üçün Bərdə şəhərinə qayıtdıq. Gecələcəyimiz məkana təzəcə çatıb, əl-üzümüzə su vurub, kameranın batareyaları enerji yığsın deyə toka taxmışdım ki, müxbirim Elnur Tofiqdən zəng gəldi: "Elşad,Gəncə vurulub, hazırlaşın gedirik Gəncəyə". Sürücümüz Müslüm (yaşı çox olduğundan baba deyirdik) baba tez maşını işə saldı,mən də avadanlıqlarımı toplayıb düşdük yola - Gəncəyə.Bərdədən Gəncəyə qədər olan məsafə biz getdikcə sanki daha da uzanırdı, çata bilmirdik. Yol boyu kimsə dinmir, danışmırdı. Amma içimizdən danışır, vəziyəti analiz edirdik. Nəhayət şəhərə çatdıq. İnsan izdihamını gördükdə terror aktının miqyasının nə qədər geniş olduğunu bildik.
Əraziyə çatmamış maşında canlı yayım üçün bütün hazırlığımı tamamlayıb hazır vəziyyətə gətirdim. Hadisə yerinə çatan kimi canlı yayımla "ƏSAS MƏSƏLƏ" verilişinə qoşulduq. Gözümün önündə yaşananlar hələ də yaddaşımda, yuxularımdadır. Ərazidəki hər kəs nəsə etməyə,əlindən gələn yardımı etməyə çalışırdılar, ən çox da FHN əməkdaşları. Canlı qüvvə bir tərəfdən, texnika bir tərəfdən, xüsusi təlim görmüş itlər də bir tərəfdən. Hər saniyənin öz hökmü var idi. Dağıntılar altında sağ qalmış sakinlər zamanla mücadilə edirdilər.
Bizim işimiz isə burda yaşananları çəkmək, müxbirlərim Elnur Tofiq və Xaliq Qurbanlı hadisə yerindən, Aztv studiyasından da Rövşən Məmmədov və qonaqları terror aktını şərh edərək dünyaya çatdırmaq idi. Bunun üçün də əlimizdən gələni edirdik. Mənzərə o qədər ağır, o qədər acı idi ki, izah etməkdə adam aciz qalır. Kənarda göz yaşları içərisində yaxınlarından xoş xəbər gözləyənlər, onlardan müsahibə almağa çalışan yerli və xarici jurnalistlər, dağıntılar altından çıxarılan yaralı və şəhidlər... Hamısı gözümüz önündə yaşanırdı. Bunu yaşamaq heç də asan deyil.
Bu minvalla təqribən gecə saat 02:00-dan səhərə qədər canlı yayımda qalaraq xilasetmə prosesini çəkdim.
Bu hadisədən 5 il ötür. Və mən yenə həmin ərazidəyəm,yenə çəkirəm. O günün acısını,bu günün qələbəsini.