"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Əli daşı piri” dini turizmin inkişafına töhfə verə bilər


Azərbaycan zəngin milli-mənəvi dəyərlərə və qədim tarixi-dini abidələrə sahib ölkələr sırasındadır. Bu cür mədəniyyətin qorunub saxlanılması və gələcək nəsilə ötürülməsi hər zaman vacib məsələlər sırasında olmuşdur. Məlumdur ki, uzun illər çar Rusiyasının xristianlaşdırma siyasəti və sonrakı sovet dövründə dinsizliyin bir ideologiya altında təbliğ olunması bölgədə olan dini abidələrə böyük ziyan vurmuşdur. Ancaq Azərbaycan XX əsrin 90-cı illərində öz müstəqilliyini əldə etdikdən sonra tarixi abidələrimizin qorunmasının əhəmiyyəti önə çıxmağa başladı.

Məlumdur ki, əlverişli coğrafi şəraitə və əsrarəngiz təbiətə malik olan Azərbaycan hər zaman müxtəlif xalqların yaşaması üçün ideal məkan olmuşdur. Məhz bu səbəbdən burada məskunlaşan insanlar öz dini ibadətlərini rahat şəkildə yerinə yetirmək üçün müxtəlif binalar tikdirmiş və öz inanclarını təbliğ etmişdir. Əcdadlarımızın bizə miras qoyduğu bu ibadətgahlar bu gün də əhali arasında müqəddəs sayılaraq ziyarət olunur.

Azərbaycan ərazisində baş verən tarixi hadisələrin müxtəlifliyi özündə bu yerlərdə ayrı-ayrı dinlərin də mövcud olmasına zəmin yaratmışdır. Qədim dövrdən başlayaraq burada yaşayan əhali tarixin ayrı-ayrı dövrlərində bütpərəstlik, zərdüştilik, yəhudilik, xristianlıq kimi dinlərə sitayiş etmiş və onların bu və ya digər dərəcədə yayıla bilməsi ilə yanaşı, bir-birinə qarşılıqlı təsir göstərməsi üçündə mədəni şərait yaranmışdır.  Ancaq VII əsrdə Azərbaycan ərazisinin ərəblər tərəfindən işğal olunması və onların özləri ilə gətirdikləri islam dinin burada yayması nəticəsində hazırda burada yaşayanların əksəriyyətinin İslam dininə etiqadına mənsub olmasına səbəb olmuşdur.

Artıq  IX əsrdən etibarən İslam dini tam şəkildə Azərbaycan əhalisi tərəfindən inam bəslənilən bir etiqada çevrilmişdir. Buna baxmayaraq, hələ də əhali arasında qədim dövrdən qalan dini inancların təsiri nəticəsində xüsusi rəğbət bəslənilən yerlərin müqəddəs elan olunması və oraların ziyarət olunması bir dini ibadət meyarına çevrilmişdir.

“Ziyarətgahlar” adlanan belə yerlər əsasən xalq arasında rəğbət bəslənilən şəxslərin ya evləri, ya da nə vaxtsa keçdiyi yerlər, dayandıqları məntəqələr idi. Buna görə də böyük inanca sahib Azərbaycan xalqı müxtəlif zamanlarda pirlər də inşa etdirib. Onların əksəriyyəti həm yerli sakinlər tərəfindən, həm də ölkənin hər tərəfindən gələn şəxslər tərəfindən ziyarət olunur. 

Belə pirlər arasında əsasən imamların və rəğbət bəslənilən müxtəlif din xadimlərinin adı ilə bağlı ziyarətgahlar mövcuddur. Məlumdur ki, ölkəmizdə Əli qədəmgahları, imamzadələr, övliya və seyid pirləri, Həzrət Xızırın, Əshabi-Kəhfin, Cərciz peyğəmbərin adları ilə bağlı ocaqlar əsrlər boyunca qorunaraq bu günümüzə kimi gəlib çıxmışdır. Tarixin müxtəlif sınaqlarından çıxmış bu ibadətgahlar hal-hazırda xalqın inanc bəslədiyi yerlər sırasındadır.

Bakı kəndlərində inanc yerləri

Azərbaycanın müxtəlif ərazilərində olduğu kimi Bakı və onun ətraf kəndlərində də dini etiqad tələblərinə uyğun olaraq bir çox ziyarətgahlar və müxtəlif dini inanc yerləri olmuşdur. Məhz Hz Əlinin (ə) (598-661)   adını daşıyan pirlər bu sırada xüsusi yer tutur. Buna misal olaraq, “Əli ayağı” adlandırılan məscid-ziyarətgahı, Buzovna, Türkan, Zığ, Nardaran kəndində yerləşən pirləri  göstərmək olar. Ehtimal olunur ki, bu ziyarətgahlar islamdan qabaq olan inanc yerlərinin üzərində yaranıb. Sonrakı dövrlərdə islam dini bu qədim inanc yerlərini Əlinin adı ilə bağlayıb. Lakin tarixi həqiqət ondan ibarətdir ki, Həzrət Əli (ə) heç zaman nəinki Azərbaycan torpaqlarında, heç Qafqaz ərazisində olmamışdır və onun buraya gəlməsi haqqında tarixi mənbələrdə hansısa məlumata rast gəlinməyib. 

Qeyd etmək lazımdır ki, Azərbaycan əhalisi İslamı qəbul etdikdən bu günə kimi Həzrət Əliyə (ə) sonsuz ehtiram və sevgi bəsləmişdir. Buna görə də ölkəmizin müxtəlif bölgələrində onun özünün və ya atının ayaq izləri həkk olunduğu iddia edilən onlarla ziyarətgahlar və pirlər mövcuddur.

 

Belə  yerlərdən biri də “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğunun ərazisində yerləşən, tarix memarlıq abidəsi sayılan Həzrəti Əlinin adını daşıyan (ə.) pirdir. Xalq arasında Məmmədli (Məhəmmədi) kəndində yerləşən bu pirə “Əli daşı piri” deyilsə də, bir çox mənbələrdə bu pir “Əli ayağı” kimi qeyd olunmuşdur. Bu memarlıq abidəsi kəndin şimalında A.Mustafayev küçəsində yerləşir və XVI əsrə aid edilir . 

Pirin Əli daşı (və ya ayağı) adlandırılması xalq arasında söylənilən rəvayətlərə əsaslanır. Onlardan birində deyilir ki, “Həzrət Əli (ə.s.) buradan keçərkən həmin bu yerdə nahar etmişdir. Nahar əsnasında O, Allah tərəfindən bütün canlılara  ruzi payı verildiyini söyləmişdir. Ordakılardan biri – Hətta bu daşın içində olsa belə? dedikdə o, bəli, demişdir. Həzrət Əli (ə.s.) gələnlərə demişdir ki, bu daşın içində bir qurd var, ağzında yaşıl yarpaq yeyir. Sonra öz fikrinin əsaslandırmaq üçün  O, daşı əli ilə iki yerə bölmüş və  dediklərini əyani sürətdə görmüşlər ”. O zamandan Abşeron əhli Əli daşı pirini ruzi-bərəkət bəxş edən pir kimi tanıyır və onu müqəddəs məkan kimi ziyarət edirlər. 

“Əli daşı” (ayağı) piri dördkünc şəkildə tikilmiş günbəzli bir binadan ibarətdir. Pir binasının ümumi uzunluğu 7200 sm, eni isə 320 sm-dir. Bu pir iki otaqdan ibarətdir, hər otağın öz girişi var. Çox güman ki, böyük otaq kiçik otağın yanında sonradan tikilib. Böyük otağın giriş qapısı üzərində göy rənglə boyanmış yazı-kitabə qoyulmuşdur. Otağın qapısı üzərinə yerləşdirilmiş iki sətirlik kitabənin mətni belədir: “Vəqfin sahibi bakılı Qasım Xanın oğlu Hacı Ağabala”

Ehtimal olunur ki, bu piri tikdirən binanın üzərində adı qeyd olunan şəxs olmuşdur. 

Binanın kiçik otağının dam örtüyü günbəzlidir. Bu otağın daxilində qəbir yeri izlənilmir. Lakin iki parça daş vardır ki, bu daşların hər biri bir yarımkürə şəklindədir. Daşların üzərində tam ortada yumru bir boşluq mövcuddur. Bura ziyarətə gələnlər əsasən bu daşın üzərində şam yandırar və ya nəzir-niyazlarını qoyarlar. Pirin Əli adı ilə əlaqələndirilməsi məhz bu daşlardır.

Əli daşı pirinin (ayağının) ətrafında eyni adlı qəbristanlıq da mövcuddur.  Belə ki, 2015-ci ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Bakı-Abşeron arxeoloji ekspedisiyasının rəisi  t.e.f.dr İdris Əliyev tərəfindən Əli daşı Piri (ayağı) və qəbristanlığı  ərazisində elmi-tədqiqat işləri aparılmışdır. Burada aparılan  ilkin arxeoloji tədqiqat işləri nəticəsində qəbristanlıq ərazisində 17 qəbir, bir  sadə ornamentli sənduqə, müxtəlif ölçülü əsasən şaquli vəziyyətdə düzülmüş sınmış yazılı baş daşları aydın müşahidə olunmuşdur. Pirin yaxınlığında olan yazılı başdaşıları ornamentlə bəzədilib. Bir daşın arxa səthində daraq, güzgü, xəncər təsvir olunmuşdur. Bu növ başdaşılar XVIII-XIX əsrlərə aid edilir.

Məmmədli (Məhəmmədi) kənd camaatının dediyinə görə, Bakının bütün kəndlərindən bu pirə ziyarətə gələrmişlər. Gələn zəvvarlar özləri ilə bura qurbanlar gətirib kəsər və halva nəzir edərmişlər.

Bu gün də “Əli daşı piri”nə istər kənd camaatı, istərsə də turistlər böyük maraq göstərir. Bu pirin tarixi əhəmiyyətini göz önünə gətirərək onun barəsində daha ətraflı tədqiqat işinin aparılması olduqca əhəmiyyətlidir. Belə pirlərin tarixi həqiqətlərin ortaya çıxarılması və onların tanıdılması bölgənin yerli mədəniyyətinin zənginliyini də ortaya qoya bilər. Bu isə öz növbəsində milli mədəniyyətimizin və memarlığımızın tanıdılmasından əlavə, bölgənin turizm potensialının artmasında da müstəsna rol oynayacaq. Dini memarlıq abidələrimizin, o cümlədən pirlərin geniş tədqiqat obyektinə çevrilməsi bölgə memarlığının qədim ənənələrdən qaynaqlanan tarixinin üzə çıxarılmasında və yenidən yaşadılması ilə yanaşı, gələcək nəsillərə ötürülməsində olduqca vacib bir addım sayılacaq.

Sonda xüsusi olaraq qeyd edə bilərik ki, Azərbaycanda yaşayan və bu əraziyə gələn hər bir şəxs azad şəkildə öz dini inancını yaşaya bilər. Bu isə milli tolerantlığımızdan irəli gəlməklə yanaşı, həm də dini turizmin inkişafına da öz təsirini göstərməkdədir. Azərbaycana gələn  turistlərin əksəriyyətinin görmək istədiyi və dini məkanlar arasında pirlərin də mövcud olması həm onların memarlıq quruluşu, həm də qədim dini ənənələrin islam ilə birləşməsi nəticəsində yaranan tolerantlığın bir göstəricisi olması ilə əlaqədardır.

Günay Rzayeva

İsmayıllı Regional Turizm İdarəsi

 

 

 

29 Oktyabr 2025, 18:39 - 59

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar