"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Gülnar Nəsibli: Sükutun səsi və ya ekranın arxasında çökən ruhlar


İnternet oyun asılılığı səssiz, lakin dağıdıcı bir psixoloji pozuntudur. Bu problem təkcə vaxt itkisi deyil, gəncin emosional, sosial və ailə həyatını ciddi şəkildə zəiflədən bir vəziyyətdir. Oyun asılılığı cəza və qadağalarla deyil, elmi əsaslı terapevtik yanaşmalar və dəstəkləyici sosial mühit vasitəsilə müalicə olunmalıdır. Gənci ittiham etmək əvəzinə, onu bu nöqtəyə gətirən psixoloji və sosial səbəbləri anlamaq real və davamlı həll yoludur.

Son illərdə gənclər arasında internet oyunlarına həddindən artıq bağlılıq ciddi psixoloji problemə çevrilmişdir. Bu oyunlar dopamin mexanizmləri üzərindən asılılıq yaradacaq şəkildə dizayn olunur və fərdi real həyatdan tədricən uzaqlaşdırır. Xüsusilə onlayn platformalar saxta sosial bağlılıq hissi yaradaraq tənhalığı daha da dərinləşdirir.

Oyun asılılığı çox vaxt stressdən, emosional boşluqdan və ailədaxili problemlərdən qaçış vasitəsi kimi formalaşır. Problemin ən təhlükəli tərəfi isə onun uzun müddət görünmədən inkişaf etməsidir. Valideynlərin tətbiq etdiyi qadağa və cəza üsulları vəziyyəti yaxşılaşdırmır, əksinə gəncin tənha qalmasını və aqressiyanı artırır.

Bu pozuntu xəstəlik kimi qəbul edilməli və elmi yanaşma ilə müalicə olunmalıdır. Koqnitiv Davranış Terapiyası və dəstəkləyici müalicə mühitləri bu sahədə effektiv nəticələr verir.

Cəmiyyət olaraq gənci mühakimə etmək daha asandır. Müəllimənin keçmişi, ailə əlaqələri və ya təhsil nəticələrini müzakirə etməkdənsə, bir gəncin müəlliminə güllə atacaq qədər psixoloji olaraq məhv olmasının səbəblərini düşünmək daha vacibdir. Vətəndaş olaraq bu prosesdə bizim də məsuliyyətimiz var və bunu etiraf etmədən real həll mümkün deyil.

Biz hələ də qınama mövqeyindən çıxa bilmirik. Halbuki bu problem hər kəsin qapısını döyə bilər. Bu gün hər iki valideyni işləmək məcburiyyətində qalan, xüsusi təhsil müəssisələrinə çıxışı olmayan minlərlə şagird var və eyni davranış pozuntuları onların arasında da müşahidə oluna bilər. Sırf hansısa özəl müəssisədə təhsil alır deyə aqressiya nümayiş etdirməkdənsə, problemin həllinə yönəlmiş müzakirələr aparmaq cəmiyyət olaraq daha sağlam yanaşma olardı.

 

 

Gülnar Nəsibli, müstəqil ekspert

7 Fevral 2026, 22:45 - 2120

Paylaş: