"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Bir şairin adıyla ucalan millət


Azərbaycan ədəbiyyatının yaddaş salnaməsinə 2025-ci il xüsusi bir səhifə kimi yazılır. Bu il milli poeziyamızın ən uca zirvələrindən birinə çevrilmiş, xalqın dərdini, sevincini və düşüncəsini sözə gətirən Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi qeyd olunur. Bu yubiley təkcə böyük bir şairin xatirəsinə ehtiram deyil – həm də bütöv bir ədəbi dövrün, milli düşüncənin və istiqlal ruhunun təntənəsidir.

"Mən xalqımın şairiyəm, Nə yazmışamsa onun dilində, Onun nəfəsində, onun gözündə yazmışam" – deyən Bəxtiyar Vahabzadə 1925-ci ilin avqust ayının 16-da Şəki şəhərində dünyaya gəldi. Uşaq yaşlarından sözün sehrinə aludə olan gələcək şair, hər misrasını xalqına borclu olduğunu anlayaraq böyüdü. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil aldığı illərdə artıq həm tələbə, həm də gənc müəllim kimi poeziyamıza yeni nəfəs gətirirdi.

Sovet senzurasının boğucu havasında belə, Bəxtiyar Vahabzadə sözün azad nəfəsini qorumağı bacardı. Onun misraları bir tərəfdən üsyan, bir tərəfdən çağırış, bir tərəfdən də milli oyanış idi. O, yalnız şair deyildi – o, milli ruhun qoruyucusu, tarixi yaddaşın keşiyində dayanan bir fikir əsgəri idi. Onun şeirlərində təsvir yox, taleyin özü vardı. “Gülüstan” poeması təkcə bir ədəbi əsər deyildi – bu, bütöv Azərbaycanın qəlb xəritəsi, parçalanmış bir millətin həsrət salnaməsi idi. “Ana dili” şeiri dil sevgisinin poetik andı, “Azərbaycan” və “Vətən marşı” isə milli kimliyin gur səsi kimi səslənirdi. Bəxtiyar Vahabzadənin poeziyası yalnız milli idealları deyil, həm də bəşəri dəyərləri – sevgi, dostluq, vicdan, sədaqət kimi ali hissləri tərənnüm edirdi. O, şeiri həyatın özü kimi yaşadı: "Sözüm varsa, varam. Sözsüz mən kiməm ki?!" – deyərək sözün müqəddəsliyini öz ömrü ilə təsdiqlədi. Öz dövrünün ədəbi, elmi və ictimai həyatında əvəzsiz xidmətləri olan Bəxtiyar Vahabzadə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor kimi yüzlərlə tələbənin qəlbində ədəbiyyat sevgisi oyatdı. Ədəbi yaradıcılığının miqyası da möhtəşəmdir: 70-dən artıq şeir kitabı, 20-dən çox irihəcmli poema, 2 monoqrafiya, 11 elmi-publisistik kitab və yüzlərlə məqalə. Əsərləri ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar dillərinə və keçmiş Sovet xalqlarının dillərinə tərcümə olunaraq dünyanın ədəbi səhnəsinə çıxmışdır. Hələ sağlığında müxtəlif dövlət mükafatları və fəxri adlarla təltif olunsa da, onun üçün ən böyük mükafat xalqının sevgisi idi.

2009-cu il fevralın 13-də Bakıda dünyasını dəyişən böyük şair, öz bədii irsi ilə ölümsüzlük qazandı. Bu gün hər bir Azərbaycan vətəndaşının yaddaşında o, həm şair, həm müəllim, həm də milli vicdan kimi yaşayır. Bəxtiyar Vahabzadənin 100 illiyi – yalnız keçmişin xatirəsi deyil, həm də gələcək nəsillərə verilən bir ədəbi və mənəvi vəsiyyətdir: "Vətənə sədaqət – sözün, əməlın və nəfəsin birliyindədir."

Böyük söz ustadı Bəxtiyar Vahabzadə vəfat etdikdən sonra Bakıda, İkinci Fəxri Xiyabanda torpağa tapşırıldı. Onun məzarı üzərində ucaldılan abidə şairin yaradıcılıq əzmini, sözün qarşısında əyilməyən mövqeyini daş yaddaşına köçürür.
Bəxtiyar Vahabzadənin xatirəsi ölümündən sonra yalnız Azərbaycanda deyil, bir çox ölkələrdə də müxtəlif formalarda əbədiləşdirilmişdir. Bakı, Şəki, Qobustan və Ağcabədidə mərkəzi küçələrdən biri onun adını daşıyır. Şəkinin mərkəzində şairin büstü ucaldılıb, Göyçay şəhərindəki “Əbədiyaşar Ədiblər” Kompleksində isə onun heykəli ədəbiyyatın ölməz simaları sırasında xüsusi yer tutur.

Vaxtın dəyirmanında daş əridi, qum oldu,
Tarixə atdığıımız qayıtdı, lüzum oldu.
Dünənin həqiqəti bu gün tərs yozum oldu,
Niyə də yozulmasın, axı, dünya fırlanır.

Xüsusi bir yaddaş məkanı isə şairin doğulub boya-başa çatdığı Şəki şəhərində fəaliyyət göstərən Bəxtiyar Vahabzadənin Ev-Muzeyidir. Burada şairin həyat və yaradıcılığına dair nadir eksponatlar, şəxsi əşyalar, əlyazmalar, fotoşəkillər və zəngin arxiv materialları nümayiş olunur. Muzeyin divarları arasında dolaşarkən, onun misralarının səsi sanki yenidən qulağında canlanır, hər bir əşya, hər bir sənəd şairin nəfəsini daşıyır. Bu muzey yalnız bir xatirə ünvanı deyil, həm də milli poeziyamızın canlı dərsliyidir. Muzeyə üz tutan ədəbiyyatsevərlər və vətənpərvərlər, Bəxtiyar Vahabzadənin irsində gizlənən milli ruhu bir daha dərinliklə hiss edirlər. Burada hər bir misra, hər bir xatirə, hər bir büst və şəkil, böyük şairin səsi kimi qonaqları qarşılayır. Muzeyin direktoru Elşən Zəkəriyyəbəyli illərdir bu irsi qoruyur, toplayır və gələcək nəsillərə çatdırmaq üçün fədakarlıqla çalışır. Onun bələdçiliyi ilə aparılan ziyarət, bir ömrün necə millətin yaddaşına çevrildiyinin canlı şahidliyinə çevrilir.

Şəki şəhərindəki Bəxtiyar Vahabzadə Ev-Muzeyi təkcə keçmişin xatirəsini qoruyan bir ünvan deyil – bu məkan sanki bağçaya çevrilmiş bir ədəbi ocaqdır. Burada ilboyu müxtəlif tədbirlər, ədəbi gecələr, poeziya axşamları keçirilir. Muzeyin qapıları hər zaman həm yerli sakinlərə, həm də uzaq diyarlardan gələn qonaqlara açıqdır.

Bəxtiyar Vahabzadə Muzeyində keçirilən görüşlər, onun ədəbi irsini yaşadan, milli poeziyamızı dünyaya tanıdan, həm də xalqlar arasında mənəvi bağları gücləndirən bir ədəbi bayrama çevrilir. Bu görüşlər sırasında elələri var ki, milli poeziyamızın beynəlxalq ədəbi körpüyə çevrildiyini bir daha təsdiqləyir.

Avqustun 16-da, Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyi münasibətilə Mahmud Kaşqari adına Beynəlxalq Fondun, Şəkidə Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun, R. Əfəndiyev adına Şəki Tarix-Diyarşünaslıq Muzeyinin, Şəki Dövlət Rəsm Qalereyasının və Şəki Xalq Tətbiqi Sənəti Muzeyinin birgə təşəbbüsü ilə şairin ev-muzeyində kitab, xalça və rəsm sərgisi açılıb.Sərgidə şairin əsərləri əsasında çəkilmiş rəsmlər, Bəxtiyar Vahabzadəyə həsr olunmuş portret xalçalar, həmçinin ədibin yaradıcılığına dair və onun müəllifi olduğu kitablar nümayiş etdirilib.

 

Qardaş Türkiyədə də Bəxtiyar Vahabzadənin zəngin irsi böyük ehtiramla qorunur və yüksək qiymətləndirilir. Onun əsərləri, ideyaları təhsil müəssisələrində və mədəni tədbirlərdə geniş şəkildə təbliğ olunur, milli-mədəni körpülərin möhkəmlənməsində mühüm rol oynayır. Elazığ şəhərində bir mərkəzi küçənin, Konya şəhərində isə bir parkın onun adını daşıması, həmçinin müxtəlif təhsil ocaqlarına bu böyük şairin adının verilməsi, göstərilən ehtiramın bariz nümunəsidir. Türkiyənin paytaxtı Ankaranın Mamak bölgəsindəki “Bəxtiyar Vahabzadə İlköğretim Okulu”, Adana şəhərində fəaliyyət göstərən “Bəxtiyar Vahabzadə Anadolu Liseyi” bu irsin canlı daşıyıcılarıdır.

Ankaranın Mamak bölgəsində yerləşən və böyük şairin adını daşıyan məktəbi ziyarət etmək bizə də nəsib oldu. Burada şairin yaradıcılığına göstərilən sevgini yaxından görmək həm qürur, həm də dərin duyğular bəxş etdi. Məktəbin hər mərtəbəsində Bəxtiyar Vahabzadənin şəkilləri, həyat yolunu əks etdirən fotoları və şeirlərindən parçalarla rastlaşdıqca, ürəyimizdən tək bir fikir keçirdi: “Yaşayırsan, ölməmisən, şair!”

 

Bir ananın iki oğlu

Bir amalın iki qolu

O da ulu bu da ulu

Azərbaycan Türkiyə!

Dinimiz bir dilimiz bir

Ayımız bir ilimiz bir

Eşqimiz bir yolumuz bir

Azərbaycan Türkiyə!

Bir milletik iki dövlət

Eyni arzu eyni niyyət

Hər ikisi cumhuriyyət

Azərbaycan Türkiyə!

Məktəbin direktoru Bilal Çeviklə görüş isə bu duyğuları daha da gücləndirdi. Onun Bəxtiyar Vahabzadəyə olan səmimi sevgisi, böyük hörməti və bu irsi gələcək nəsillərə çatdırmaq üçün göstərdiyi fədakarlıq bizi dərindən təsirləndirdi.

Burada mütəmadi olaraq şairə həsr olunmuş tədbirlər, ədəbi-bədii gecələr keçirilir. Şagirdlər Vahabzadənin şeirlərini öyrənir, onun ideyalarını müzakirə edir, Azərbaycan ədəbiyyatına sevgi ilə bağlanırlar. Bu təhsil ocaqları, əslində, Azərbaycanla Türkiyə arasında mənəvi körpünün ən işıqlı dayaqlarıdır.

Bəxtiyar Vahabzadənin nüfuzu və irsi yalnız türk dünyasında deyil, beynəlxalq miqyasda da ehtiramla yad edilir. Bunun bariz nümunələrindən biri 2015-ci ildə Serbiyanın paytaxtı Belqradda yaşandı. Burada Tsrnotravske küçəsindən başlayaraq Borska və Pere Velemiroviç küçələrinin kəsişməsinədək uzanan küçəyə Bəxtiyar Vahabzadənin adı verildi. Bu, onun poeziyasının yalnız milli sərhədlərlə məhdudlaşmadığını, bəşəriyyət üçün dəyər daşıdığını sübut edən əlamətdar hadisə idi. Bu addım, ədibin adının əbədiləşdirilməsi ilə yanaşı, iki ölkə arasında mədəni əlaqələrin və dostluq münasibətlərinin inkişafına dəyərli töhfə kimi qiymətləndirilir.

Azərbaycan xalqının sevimli şairi, milli poeziyamızın zirvələrindən biri olan Bəxtiyar Vahabzadənin 100 illik yubileyi dövlət səviyyəsində xüsusi ehtiramla qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixində imzaladığı sərəncam, şairin zəngin ədəbi irsinin, milli-mənəvi dəyərlərimizin qorunması və inkişafına verdiyi töhfələrin yüksək qiymətləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.

Bu yubiley yalnız Azərbaycanın deyil, bütün türk dünyasının ortaq bayramıdır. Çünki Bəxtiyar Vahabzadə həm də türk xalqlarının birliyini, ortaq köklərini və mənəvi bağlarını poeziyanın gücü ilə ifadə etmişdir.

Əslimi, nəslimi tanıyıram mən,

Qarışıq deyiləm, özümdən hürkəm.

Sən kimsən, sən nəsən, özün bilərsən,

Mən ilk qaynağımdan türk oğlu türkəm!

Sübutdur, dəlildir, ağlın qibləsi,

Dəyişə bilərsən ağlımı ancaq.

Canım çıxanadək qəlbimin səsi,

“Türkəm”-gerçəyini pıçıldayacaq.

Bu səbəbdən də ölkə xaricində, xüsusilə də Türk dünyası təşkilatlarında onun irsinə böyük diqqət yetirilir. Eyni tarixdə - 21 fevralda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası və Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY Ankaradakı Baş Katibliyinin binasında “Bəxtiyar Vahabzadə İli” proqramının açılış mərasimi reallaşdırıldı. Bu tədbir, əslində, təkcə bir yubiley mərasimi deyildi – bu, bir ruhun, bir söz dünyasının, bir milli yaddaşın bayramı idi. Yubiley tədbirinə Azərbaycanın Mədəniyyət Nazirliyi, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin Ankaradakı səfirliyi, Azərbaycan Milli Kitabxanası və TRT Teleradio Şirkəti təşkilati dəstək göstərdi. Tədbirdə TÜRKSOY-un rəhbərləri, hər iki qardaş ölkənin Mədəniyyət nazirliklərinin nümayəndələri, diplomatlar, elmi və ədəbi ictimaiyyətin tanınmış simaları iştirak etdilər. Eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşəbbüsü ilə Ankarada şairin adını daşıyan məktəbdə 100 illik yubiley tədbiri keçirildi. Bu görüşlər bir daha sübut etdi ki, Bəxtiyar Vahabzadənin söz dünyası sərhədləri aşır, xalqları birləşdirir, türk birliyinin ədəbi və mənəvi rəmzinə çevrilir. Onun 100 illiyi sadəcə bir yubiley deyil – türk dünyasının ortaq mədəniyyət təqvimində silinməz bir səhifədir.

 

Bəxtiyar Vahabzadə öz ömrü və yaradıcılığı ilə göstərdi ki, söz – millətləri birləşdirən, yaddaşları yaşadan, gələcəyi formalaşdıran ən güclü qüvvədir. Onun adı bu gün yalnız ədəbi mətnlərdə deyil, küçələrdə, parklarda, məktəblərdə, insanların qəlbində yaşayır. Və bu ölümsüzlük, şairin sözünün ən böyük qələbəsidir.

22 Oktyabr 2025, 20:17 - 201

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar