"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

TORPAQ - uğrunda ölən varsa, VƏTƏNDİR!


“Qarabağ”…Bu ad elə bil torpağın sinəsində döyünən bir ürək kimidir. Yaşıllığı ilə könülləri oxşayan, dağlarının dumanı ilə sirr daşıyan, bulaqlarının səsi ilə layla çalan bir diyar.. Amma bizim üçün Qarabağ təkcə təbiətin möcüzəsi deyil - bu torpaq müqəddəsliyin, səbrin, həsrətin və qürurun adı olub həmişə.

Hələ uşaqkən, səkkizinci sinifdə oxuyanda bu mövzuda bir esse yazmışdım. O yazı bir az kədərli, bir az da ümidli idi. Mən o zaman Qarabağı təkcə xəritədə deyil, anamın dualarında, nənəmin göz yaşlarında, hər evin içində pıçıldanan “Kaş bir gün qayıdaq…” arzusunda görürdüm. Həmin esseni yazarkən Türkmənçay müqaviləsindən və Qarabağın çəkdiyi ağrılardan ailəmdən və tarix dərslərindən eşitdiklərimi bilirdim. Bir uşaq kimi keçmişi özümdən uzaq görsəydim də, bu torpağın insanlar üçün nə qədər dəyərli olduğunu hiss edirdim. İndi isə o yazını oxuyanda görürəm ki, 15 yaşlı mən bir xalqın yaddaşı, dərdi və ümidini kağıza köçürmüşdü. Hər sətrin içində bir acı, bir göz yaşı ilə yanaşı gələcək ümidlər var idi.

 Zaman keçdikcə o uşaq qələmindəki arzu böyüdü, bizlə birgə yaşadı. O diləklər bir xalqın yaddaşına, bir millətin ruhuna çevrildi. Biz böyüdük, amma onlar bizdən əvvəl yetişdilər- içimizdə ümid, səbir və qürur kimi kök saldı, bizi bərkitdi.

Və nəhayət, illərlə bizimlə yaşayan o həsrət bir gün ümidə çevrildi. Xalq səssiz göz yaşlarını yumruğa döndərdi, o səssizlikdən bir hayqırtı doğuldu -Qarabağ hayqırtısı. Hər kəs anlayırdı ki, bu dəfə tarix yenidən yazılacaq.Övladını son baxışla yola salan analar, nişan üzüyünü əllərində yox, ürəklərində daşıyan gənclər vardı. Amma hamısının gözündə bir parıltı yanırdı-Qarabağın işığı.

O işıq 2020-ci ilin payızında, 44 gün davam edən Vətən müharibəsində səngərləri, zirvələri, torpağı işıqlandırdı. Cəbrayılın, Füzulinin, Qubadlının, Şuşanın yolları boyunca igid oğullarımız canlarını sipər edib irəli atıldılar. Hər zirvədə bir ad, hər addımda bir qəhrəmanlıq yazıldı. Dağların başında dalğalanan bayraq hər dəfə bir şəhidin nəfəsini daşıyırdı. Hər döyüş bir dastan, hər şəhidlik bir əfsanə idi.

Tankların gurultusu, mərmilərin səsi arasında “Qarabağ bizimdir!” nidaları göyü titrədirdi. Əsgərlərimiz yalnız silahla yox, inamla döyüşürdülər – çünki bilirdilər ki, arxalarında bütün bir xalq dayanır. Hər evdə bir dua, hər qəlbdə bir ümid vardı.

O günlərdə ölkənin hər yeri olduğu kimi Naxçıvan da bu vətənin döyünən ürəyi idi. Qarabağa gedən hər yolun başlanğıcında bu xalqın duası, inamı vardı. Zəfər soraqlı o günlərdə Naxçıvana gətirilən torpaqlarımız uğrunda canını fəda edən hər bir şəhid elə bil bütün xalqın övladı idi. Hər qarşılanış həm ağrılı, həm də qürurlu idi. İnsanlar ağlaya-ağlaya “Vətən sağ olsun” deyirdi.. Hər bayraq ucalığında onlarla şəhidin adını, hər azan səsində o qəhrəmanların ruhunu yaşadırdı.

Bu torpaq o qəhrəmanların qanı ilə suvarıldı, bu Zəfər onların inamı ilə yazıldı. Hər göz yaşı bir and, hər dua bir inam oldu. Və nəhayət, o ağrının içindən bir amal, bir Zəfər doğuldu.

Artıq beş il keçib o günlərdən... Mən indi o illərin uşağı kimi yox, həmin inamın şahidi kimi yazıram. Aradan illər keçib, amma o hisslərim hələ də eyni təzəlikdədir- yenə həmin səslər, o baxışlar, o andlar bu gün də yaddaşımdadır. Fərq ondadır ki, bu dəfə sətirlərimdə göz yaşı yox, qürur və minnətdarlıq var.

O vaxt həsrət dediyimiz Qarabağ indi Vətən torpağıdır - azad, nəfəs alan, həyatla dolu torpaq. Biz isə o torpağa yalnız ayaqlarımızla yox, qəlbimizlə qayıtdıq. Çünki torpağın azad olunması bir anın, bir döyüşün yox, bir dövrün, bir nəslin, bir ruhun nəticəsidir. Bu Zəfəri xalq bir yumruq kimi sıxılaraq qazandı.

Hər kəsin payı vardı bu qələbədə -səngərdə vuruşan əsgərin, dua edən ananın, ürəyi ilə döyüşən xalqın..Ali Baş Komandanın dəmir iradəsi, ordumuzun rəşadəti, xalqın birliyi -bunlar hamısı Zəfərin sütunları idi. Və o sütunların bünövrəsində Ulu Öndər Heydər Əliyevin illər əvvəl söylədiyi o uzaqgörən sözlər dayanırdı:

“GÖZLƏYİN… BİZ BU TORPAQLARA MÜTLƏQ QAYIDACAĞIQ!”

O söz indi tarix səhnəsində bir gerçəklik kimi yaşayır.

Bəli, biz qayıtdıq-təkcə silahla yox, inamla, səbrlə, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı xalqımızın iradəsi ilə. Və zaman göstərdi ki, bu, sadəcə bir siyasi cümlə yox, bir millətin andı imiş. Hər qarış torpaqda bir dua, bir nəfəs, bir həyat var indi.

Bu qayıdış təkcə torpağa dönmək deyildi; bu, tarixi ədalətin bərpası, milli kimliyin dirçəlişi idi. Biz itirdiyimizi tapmaqla yanaşı, özümüzü də yenidən kəşf etdik. O illərin ağrısı artıq bizə dərs, şəhidlərimizin izi isə yol oldu.

İndi mən hər dəfə bu günün gənclərinə baxanda, onların baxışlarında həm şəhidlərin ruhunu, həm də gələcəyin təməlini, Zəfərin işığını görürəm. Hər baxışda bir inam, bir qürur, bir vətən sevgisi parlayır. Onlar artıq bizim kimi “Qarabağ bizimdirmi?” sualını vermirlər- çünki bilirlər, Qarabağ bizimdir! Və bu inamla onlar artıq tarix öyrənmirlər, tarixin öz müəllimlərinə çevrilirlər. Onların hər biri – hər uşaq, hər gənc, hər bir vətəndaş bu Zəfəri ürəyində yaşadır və onun missiyasını davam etdirir. Çünki bu, yalnız bir torpağın deyil, bir xalqın, bir millətin qələbəsidir və onu qorumaq hər birimizin müqəddəs vəzifəsidir.

Torpaqlar azad olundu, amma bu azadlıq təkcə sərhədlərin yox, ruhların azadlığı idi. Bu gün Qarabağda, Şərqi Zəngəzurda, illərlə həsrət qaldığımız yurd yerlərində həyat yenidən doğulur. O torpaqlarda yalnız evlər yox, ümidlər də bərpa olunur. Hər tikilən məktəb, hər ucalan bina, hər əkilən ağac sanki bir səs kimi deyir: “Biz qayıtmışıq!” Uşaq gülüşləri yenidən dağlara səslənir, evlərin pəncərələrindən işıq süzülür. Hər nəfəsdə bir dua, hər addımda bir qürur var. Hər yerdə bir dirçəliş, bir həyat nəfəsi duyulur. İndi həmin torpaqlarda azan səsləri ucalır, məktəblərin qapıları açılır, bayrağımız dalğalanır. O yerlər artıq nisgilin yox, qürurun ünvanıdır.

İndi o köhnə dəftərimi-səkkizinci sinifdə yazdığım o ağrılı esseni-xatırlayanda, sətirlər arasında bir uşaq səsi eşidirəm: “Kaş bir gün bu torpaqlar azad ola…”Və illər sonra, o səsə artıq cavab verirəm:-“O gün gəldi.”

O sətirləri oxuyarkən, mən onların mənasını daha dərindən anlayıram. O zaman sadəcə yazmışdım: “Torpaq uğrunda ölən varsa, Vətəndir.”

    İndi isə bu sözləri sadəcə yazmıram-hiss edirəm, yaşayıram, qürurla deyirəm:

-TORPAQ – uğrunda ölən varsa, VƏTƏNdir!

Mən də bu Vətənin övladı olaraq onun uğrunda canımı fəda etməyə daim hazıram. Allah torpaq uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin!

    QARABAĞ AZƏRBAYCANDIR!

 Aygül Məmmədova

Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşı, “Naxçıvan Ekoloji Maarifləndirmə və Ətraf Mühitin Mühafizəsinə Dəstək” İB-nin sədri, doktorant

 

30 Oktyabr 2025, 13:35 - 1024

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar