"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Anar Orucov: Ürəyimdəki nisgilin bitdiyi yer - Şuşadan Xankəndiyə


​Tarix 24 sentyabr 2020-ci il. Şəxsi işlərimlə əlaqədar Türkiyəyə yola düşəndə, cəmi bir neçə gün sonra bütün xalqımızın taleyinin dəyişəcəyindən xəbərsiz idim. Sentyabrın 27-də İkinci Qarabağ müharibəsi başladı. Mən isə əslində qardaş, ancaq o an üçün mənə qərib olan bir ölkədə qalıb, sözün əsl mənasında öz ürəyimi "yeyir"dim. Vətən müharibəsində minlərlə igidimiz şəhidlik zirvəsinə ucaldı, on minlərlə qardaşımız qazi adını qazandı, mən isə köməyə gələ bilmirdim. Koronavirusa yoluxmağım da bir tərəfdən maneçilik yaradırdı. O günlərin acısı, o çarəsizlik içimdə elə bir nisgil, elə bir dərin yara açmışdı ki, bu illər ərzində qaysaq bağlamadı.
​Artıq o qürur dolu, şərəfli, amma bir o qədər də ağrılı günlərdən 6 ilə yaxın vaxt keçir. Dostlar, qohumlar dönə-dönə Qarabağa dəvət etsələr də, getmirdim, gedə bilmirdim.  Ürəyim o torpaqlar üçün quş kimi çırpınırdı, ancaq içimdəki o səssiz vicdan əzabı ayaqlarımı geri çəkirdi. Həftələr idi ki, dostlarımızın qrupunda növbəti Qarabağ səfəri planlaşdırılırdı. Yenə tərəddüd içindəydim, ruhumla ağlımın, ürəyimlə beynimin o yorucu mübarizəsi davam edirdi. Ta ki, dəli-dolu dostum Emin Tarverdiyev  məsələyə sərt, amma dostyana bir nöqtə qoyana qədər: "Getməsən, səninlə bir daha danışan deyiləm!".
​Bu sözlərdən sonra artıq qaçmaq olmazdı. Martın 27-si gecə saat 12-də, yağışın pəncərələri döyəclədiyi bir Bakı axşamında yola çıxdıq. Martın 28-i Füzulidən başlayan bu tarixi səyahətimiz Xocavənd, Tuğ kəndi və Azıx mağarası ziyarətləri ilə davam etdi. Yol boyu dağıdılmış yurd yerlərini gördükcə içimdən qəzəb və kədər qarışıq ağır bir hiss keçirdi. Amma eyni zamanda o xarabalıqların içindən boylanan yeni həyata, çəkilən yollara baxdıqca o kədərin yerini qəribə bir inama, təsəlliyə verirdi.
​Nəhayət, dumanı dağlarına tac olan o qədim qalaya – əsrarəngiz Şuşaya gəlib çatdıq. O müqəddəs torpağa ayaq basdığım an zaman sanki dondu. İçimdə qopan fırtınaları kimsə görmədi... Hamıdan xəbərsiz, gizli-gizli, səs çıxarmadan ağladım. Bu, təkcə mənim yox, bütöv bir nəslin, milyonların itirdiyi, illərlə uzaqdan boylandığı yurd həsrətinin göz yaşları idi. Sıldırım qayalara baxdıqca igid əsgərlərimizin şücaəti kino lenti kimi gözümün önündən keçirdi. Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə sağlam ömür diləyirəm. Onların sayəsində başımız dikdir.
​Və indi burdayam... Xankəndi. Mistik, əsrarəngiz şəhər. Bura sadəcə bir torpaq parçası deyil, illərdir  içimdə böyütdüyüm arzuların, qürurun təcəssümüdür. Xankəndinin havasını udduqca içimdəki o köhnə günahkarlıq hissi tamamilə yoxa çıxır və yerini şəffaf bir gələcək ümidinə verir. Kaş ki, indi yanımda həyat yoldaşım Əfsanə də olardı, bu dumanlı, sirli şəhərin gözəlliyinə, bu anın sehrinə birlikdə dalardıq. Buraları gəzdikcə xəyallarım lap uzaqlara gedir... Gözlərimi yumub oğlum Fatehin bu azad torpaqlarda, tam sülh içində, qorxusuz-ürküsüz qaçıb-oynayacağı günləri xəyal edirəm. O hələ çox balacadır, amma böyüyəndə bu torpaqların dəyərini, bu dinc səmanın hansı fədakarlıqlar bahasına başa gəldiyini mütləq biləcək. 8 noyabr Zəfər günündə bağçada dediyi şeirin misrasını xatırlayıram: Keşikçi olacağam, Öz doğma torpağıma.:
​Xankəndi, mən sənə yenə geri dönəcəm. Amma bu dəfə içimdəki o ağrılı nisgillə deyil, tamamilə azad olmuş, ümidli və qürurlu bir ruhla.

Anar Orucov, Korporativ satış üzrə mütəxəssis

31 Mart 2026, 21:43 - 116

Paylaş: