"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

"Vətən Bağı" Naxçıvan təlimlərini yekunlaşdırdı


“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyi Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi “Naxçıvan gənclərinin sağlamlığı naminə – Narkotikə yox təşəbbüsü” layihəsini uğurla başa çatdırıb. Layihə çərçivəsində 5 maarifləndirici təlim təşkil olunub.
Təlimlərdən öncə layihə rəhbəri, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev Naxçıvana səfər edərək tədbirlərin keçiriləcəyi məkanları müəyyənləşdirib, dövlət rəsmiləri və gənclərlə görüşlər keçirib, layihənin mahiyyəti barədə məlumat verib.
Hər bir təlim başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
İlk təlim 28 iyun 2025-ci ildə Naxçıvan şəhərində baş tutub və 35 gəncin iştirakı ilə keçirilib. 5 iyulda Şərur rayonunda təşkil olunan növbəti təlimdə daha 35 gənc maarifləndirilib. 12 iyulda Babək rayonunda keçirilən üçüncü təlimdə 30 gənc iştirak edib. 19 iyulda Culfa rayonunda baş tutan təlimə isə 30 gənc qatılıb və narkomaniyanın fəsadları barədə ətraflı məlumat alıblar. Yekun təlim 26 iyulda Ordubad rayonunda keçirilib. Burada rekord iştirakçı sayı qeydə alınıb – 36 nəfər. Təlimdə gənclərin bilikləri yoxlanılıb, onları maraqlandıran suallar cavablandırılıb.
Ümumilikdə 150 nəfərin iştirakı nəzərdə tutulsa da, təlimlərdə 166 gənc iştirak edib və faydalanıb.
Hər təlimin əvvəlində iştirakçılar arasında pre-testlər keçirilib, məqsəd izah olunub. Daha sonra psixoloq-təlimçi Çapay Quliyev narkotik maddələrin fərdi və ictimai təsirləri, asılılığın mərhələləri, risk faktorları, sosial və psixoloji dəstək yolları barədə geniş məlumat verib. O, həmçinin zərərli vərdişlərin insanın sağlamlığına, mənəviyyatına və dini dəyərlərinə zidd olduğunu vurğulayıb.
Sorğuların nəticələrinə görə, pre-test mərhələsində iştirakçıların 78,2 faizi düzgün, 21,8 faizi isə səhv cavab verib. Post-testin nəticələrinə əsasən isə düzgün cavabların faizi 99,9-a yüksəlib, bu da təlimlərin yüksək səmərə ilə keçirildiyini göstərib.
Hər təlimin sonunda fəallıq göstərən iki iştirakçıya hərbi jurnalist Səxavət Məmmədin yeni nəşr olunmuş “Savaş və Duman” kitabı təqdim olunub.
“Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev saytımıza açıqlamasında təlimlərin əhəmiyyətini belə dəyərləndirib: “Bildiyiniz kimi, iyun-iyul aylarında Naxçıvanda 5 təlim keçirdik. Açığını desəm, belə yüksək səviyyədə maraq və iştirak gözləmirdim. Amma Naxçıvan rəhbərliyi və yerli icra strukturları bu mövzuda keçirilən tədbirləri yüksək dəyərləndirir və dəstək göstərirlər. Culfa rayonundakı təlimdə rayon prokurorunun köməkçisi Heydər İbrahimlinin, Ordubaddakı təlimdə isə İcra Hakimiyyəti başçısının müavini Fərqanə Hüseynlinin iştirakı layihəyə verilən dəyərin göstəricisidir.
Açıq deyim ki, Naxçıvan gəncləri belə maarifləndirici təlimlərə “‘acdırlar”. Onlar bu tədbirlərin davamlı olmasını, yeni mövzularda görüşlərin keçirilməsini bizdən xahiş edirdilər. 
Xüsusilə Ordubaddakı yekun təlimdə Bakıdan gəlmiş qonaqlar – AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev, “Qaynarinfo.az” saytının redaktoru Pərvin Kazımoğlu və araşdırmaçı-ekspert Məhbubə Mehdiyevanın çıxışları gənclər tərəfindən böyük maraqla qarşılandı.
Beləliklə, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin Naxçıvan Muxtar Respublikasında həyata keçirdiyi “Naxçıvan gənclərinin sağlamlığı naminə – Narkotikə yox təşəbbüsü” layihəsi uğurla yekunlaşıb.
Qeyd edək ki, təlimlər Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin donorluğu ilə baş tutub.

Paylaş: