"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəki xan sarayının silah arxivi: oxdan topa qədər


Şəki Xan sarayın ikinci mərtəbəsindəki döyüş səhnələrində soyuq və odlu silahlar yanaşı təsvir olunublar. Bu, təsvirlərdə köhnə ilə yeni silahlar zamana qarşı birlikdə savaşır.

Tarixi memarlıq abidəsi Şəki Xan sarayını ziyarət edən bəzi insanlar divar rəsmlərinə yalnız gözəl naxışlar kimi baxır. Ancaq bu rəsmlər sadəcə göz oxşamır, onlar həm də özlərində tarixi faktları ehtiva edirlər. Məsələn, ikinci mərtəbədəki salonun frizində əks olunmuş döyüş səhnələri XVIII əsrdə döyüşçülərin necə silahlanması, hansı silah növlərindən istifadə etməsi haqqında geniş məlumat verir. Bir sözlə, bu təsvirlər dekorativ element olmaqla qalmır, silahşünaslıq və hərb tarixi üçün də mühüm vizual mənbə hesab olunur.

Sarayın ikinci mərtəbəsində mərkəzi salonun divarlarındakı 18 metr uzunluğunda frizin 4,34 metri ov, 13,66 metri isə döyüş səhnələrinə həsr olunub. İki fərqli hökmdarın başçılıq etdiyi, müxtəlif geyimli atlı dəstələr dalğalanan bayraqlar altında bir-birinə doğru irəliləyir. Hər iki tərəfdən artilleriya atəş açır, piyadalar əlbəyaxa vuruşur, yerdə ölənlərin cəsədləri və kəsilmiş başlar görünür, sahibini itirmiş atlar hürkərək qaçışır.

Kompozisiyada iki hərbi birləşmənin cinahlardan mərkəzə doğru hərəkəti və toqquşma anı təsvir olunub. Döyüşün başlanğıcı göstərilsə də, nəticəsi qəsdən qeyri-müəyyən saxlanılıb.

Rəsmlərdə silahları şərti olaraq üç qrupa ayırmaq olar: soyuq silahlar, odlu silahlar və artilleriya. Soyuq silahlar arasında yay və ox xüsusi yer tutsa da onlar döyüş anında deyil, əsasən süvarilərin təchizatı kimi təqdim olunublar. Şərq frizində hökmdarı müşayiət edən zadəganların belindən asılmış oxdanlar qızılı işləmələri ilə xüsusi diqqət çəkir. Bu oxdanların bədii tərtibatı, üzərlərindəki nəbati ornamentlər onların sadəcə hərbi ləvazimat deyil, həm də sahibinin sosial mövqeyini və zövqünü ifadə edən əşyadır.

Soyuq silahlar arasında nizə və qılınc təsvirləri də az deyil. Uzun saplı, metal uclu nizələr əsasən süvarilər tərəfindən şaquli vəziyyətdə tutulub. Ucluqları uzunsov yarpaq formasındadır və saçaqvari elementlərlə bəzədilib.

Qılınclar bir-birinin təkrarıdır: əyri tiyəli, bir ağızlı. Dəstəklərin çoxu aslan və ya bəbir başı şəklindədir. Həm döyüşçülərin əlində, həm də bayraqların üzərində təsvir olunmuş qılınclar forma etibarilə şəmşiri xatırladır.

Soyuq silahların mövcud olduğu bir dönəmdə ondan müdafiə silahları da var idi. Belə ki, orta əsrlərdə zirehli geyim və dəbilqələr müdafiə geyimi və ya müdafiə silahı hesab olunurdu. Müdafiə silahları kompleksinə dəbilqə, zirehli əsləhə, əlavə  müdafiə elementləri sayılan sinəbənd, qalxan, qolçaq və ayaqlıqlar aiddir. XX əsrin əvvəllərində istifadədən çıxmış bu müdafiə geyim dəstinin çəkisi müxtəlif dövrlərdə ölçüsündən asılı olaraq 12-16 ilə 5-9 kiloqram arasında dəyişmişdir.

Odlu silahlar əsasən uzun lüləli tüfənglərdən ibarətdir. Onlar Səfəvilər dövrünün ən məşhur silahlarından olan, xanlıqlar dövründə Şəkidə də hazırlanıb işlədilən və xalq arasında “dayandoldurum” adlanan lülədən dolma çaxmaqlı tüfənglərdir. Bu ad silahın xüsusiyyətini əks etdirir: bir dəfəlik atəş üçün uyğun olan silahları atəş açmazdan əvvəl “dayanıb doldurmaq” lazım gəlirdi.

XVIII əsrdə Şəki xanlığı özü odlu silah istehsal edirdi. Əbəs yerə deyildir ki, o zamanlar Qarabağ xanının vəziri olmuş Molla Pənah Vaqif “Dəhrdə oldu mənə dildarü dilbər bir tüfəng” müxəmməsi ilə Şəki xanı Məhəmmədhüseyn xan Müştaqdan yaxşı bir tüfəng istəmişdir. Müştaq isə sarayında yaşayan şair Rəfae ilə birlikdə Vaqifə qızıl suyuna salınmış tüfəng və “Gəlmiş ol alicənabın qasidi istər tüfəng!” misrası ilə başlayan şeir göndərmişdi.

Rəsmlərdə təsvir olunan odlu silahlar arasında qısa lüləli, Qafqaz tipli çaxmaqlı tapançalar da yer alır. Döyüşçülərin kəmərindən asılmış buynuz formalı barıt qabları da bir növ silah təchizatına daxildir. Bu qabların barıt götürmək üçün böyük, silaha doldurmaq üçün isə kiçik dəliyi olurdu.

Sarayın həm Şərq, həm Qərb divar rəsmlərində artilleriya yer alır. Təsvir olunan toplar uzun metal lülədən, iki iri taxta təkər üzərindəki lafetdən və arxa dayaqdan ibarətdir. Bu quruluş onları qala divarında sabit duran ağır toplardan fərqləndirir və döyüş meydanında daşınan sahə artilleriyası kimi xarakterizə etməyə imkan verir.

Rəssamın bir tərəfdən qədim süvari silahlarını – nizə, qılınc və yayı – qoruyub saxladığı, digər tərəfdən tüfəng, tapança və topu daxil etdiyi döyüş səhnələri dövrün hərbi texnologiyası haqqında geniş məlumat əldə etməyə imkan verir. Müxtəlif odlu və soyuq silahların eyni səhnədə təsviri “köhnədən yeniyə” keçidi deyil, müxtəlif silah sistemlərinin uzun müddət yanaşı mövcud olduğu mürəkkəb tarixi mərhələni göstərir. Beləliklə, Şəki Xan sarayının divarları həm sənət əsəri, həm də XVIII əsr Azərbaycan, bilavasitə Qafqaz və Şərq hərb mədəniyyətinin vizual tarixi göstəricisi kimi mühüm əhəmiyyət daşıyır.

 

Şəki “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğunun elmi işçisi

Zəminə Rəsulova

 

 

5 Noyabr 2026, 14:41 - 75

Paylaş: