Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan xalqının qəhrəmanlıq tarixinə adını qızıl hərflərlə yazdıran igid oğullarımızdan biri də Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan hərbi tibb qulluqçusu, baş leytenant Aqşin Faiq oğlu Ənvərlidir. O, öz peşə borcunu və Vətən qarşısında müqəddəs vəzifəsini son nəfəsinə qədər şərəflə yerinə yetirərək əsl qəhrəmanlıq nümunəsi göstərib.
Aqşin Ənvərli 1994-cü il oktyabrın 10-da Qəbələ şəhərində anadan olub. 2001–2012-ci illərdə Qəbələ şəhərində yerləşən N. Apayev adına 4 nömrəli tam orta məktəbdə təhsil alıb. Hələ məktəb illərindən elmə və biliyə marağı ilə seçilən Aqşin gələcək həyat yolunu tibb sahəsinə həsr etmək qərarına gəlib. Bu məqsədlə 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olub və 2018-ci ildə ali təhsilini başa vurub.
Universiteti bitirdikdən sonra hərbi xidmətə başlayan Aqşin Ənvərli 2018-ci ildə tibb xidməti leytenantı hərbi rütbəsi ilə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə başlayıb. Peşəkarlığı, məsuliyyəti və işinə ciddi yanaşması sayəsində qısa müddət ərzində fərqlənərək Xüsusi Təyinatlı Qüvvələrin Tibb Xidmətinin rəisi vəzifəsinə təyin edilib.
2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Aqşin Ənvərlinin həyatında da taleyüklü bir mərhələyə çevrildi. O, müharibənin ilk günlərindən etibarən Azərbaycan Ordusunun tərkibində döyüşlərə qatılaraq Cəbrayıl, Füzuli, Qubadlı, Şuşa və Xocavənd istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edib. Onun əsas vəzifəsi döyüş meydanında yaralanan hərbçilərə təxirəsalınmaz tibbi yardım göstərmək, onların həyatını xilas etmək idi.
Aqşin Ənvərli ən çətin və təhlükəli anlarda belə öz həyatını düşünmədən yaralı silahdaşlarının köməyinə tələsirdi. O, döyüş meydanında yalnız hərbi həkim kimi deyil, həm də əsl döyüşçü, silahdaşlarının dayağı və mənəvi güc mənbəyi kimi tanınırdı. Səngərdə göstərdiyi şücaət və fədakarlıq nəticəsində baş leytenant hərbi rütbəsinə yüksəlib.
2020-ci il noyabrın 6-da Xocavənd istiqamətində gedən şiddətli döyüşlər zamanı Aqşin Ənvərli şəhidlik zirvəsinə ucalıb. O, ömrünün ən məhsuldar çağında, cəmi 26 yaşında Vətən uğrunda canından keçərək adını Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinə yazdırıb. Qəbələ rayonunda torpağa tapşırılan şəhidimizin məzarı bu gün də onun Vətənə olan sonsuz sevgisinin və fədakarlığının rəmzidir.
Aqşin Ənvərlinin döyüş meydanında göstərdiyi igidlik və xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə o, ölümündən sonra “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, eləcə də “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib. Bundan əlavə, Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən, döyüş tapşırıqlarının yerinə yetirilməsi zamanı göstərdiyi şücaətə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeninə layiq görülüb.
Aqşin Ənvərlinin həyat yolu bir daha sübut edir ki, Vətən sevgisi yalnız sözlə deyil, əməl və fədakarlıqla ölçülür. O, həkim kimi insan həyatını xilas etməyi özünə peşə seçmişdi. Müharibədə isə bu müqəddəs missiyanı ən ağır şəraitdə, düşmən atəşi altında belə davam etdirdi. Onun üçün yaralı əsgərin həyatı hər şeydən üstün idi.
Bu gün Aqşin Ənvərlinin adı yalnız ailəsi və doğmaları üçün deyil, bütün Azərbaycan xalqı üçün qürur mənbəyidir. O, həm həkim, həm zabit, həm də Vətəninin azadlığı uğrunda canından keçən qəhrəman oğul kimi yaddaşlarda yaşayır.
Şəhidlər ölmür, onlar xalqın yaddaşında, tarixində və gələcək nəsillərin qəlbində əbədi yaşayırlar. Aqşin Ənvərlinin qəhrəmanlıq yolu da daim ehtiramla xatırlanacaq.
Günay Rzayeva


\

4 Noyabr 2026, 22:30 - 14
Paylaş: