"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tural İrfan yazır: Bakı ilə Şam arasında yeni diplomatik səhifə açılır


Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Hüseyn əl Şaraanın Azərbaycana səfəri və ikitərəfli əlaqələrin inkişafı istiqamətində aparılan müzakirələr dövlətimizin qazandığı növbəti uğurdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Hüseyn əl Şaraa ilə geniş tərkibdə görüşünün baş tutması ölkələrimiz arasında yeni bir xoş gələcək üfüqünün açılmasıdır. Prezident İlham Əliyev Suriya Prezidentinin ölkəmizə səfərinin ikitərəfli əlaqələrimizin inkişafında mühüm əhəmiyyət kəsb edəcəyinə ümidvarlığını bildirməsi artıq bu yöndə müəyyən niyyətlərin olduğunun təsdiqidir. Uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı Əsəd rejimi dövründə münasibətlərimizdə durğunluğun olduğunu deyən dövlətimizin başçısı vurğulayıb ki, Suriyada yeni hakimiyyətin qurulmasından sonra əlaqələrimizin inkişafı üçün böyük perspektivlər açılıb.
Məlumdur ki, əvvəlki hökumətin dövründə anti-Azərbaycan siyasəti çərçivəsində dövlət maraqlarımıza zidd addımlar atılır, əsasən erməni terror təşkilatlarının Suriyadakı fəaliyyətinə münbit şərait yaradılırdı. Lakin yeni hökumət dövründə artıq bu kimi halların qarşısı alınıb və Azərbaycanla dost münasibətləri qurulmaqdadır. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin və Baş nazirin müavininin rəhbərliyi ilə nümayəndə heyətinin Suriyaya səfərini xatırladan Prezident İlham Əliyev həmin səfər zamanı keçirilən görüşlərlə müxtəlif sahələrdə əməkdaşlığımızın inkişafı ilə əlaqədar layihələrin müzakirə edildiyini vurğulayıb. Yəni, Azərbaycan Suriyaya rəsmi nümayəndə heyəti göndərməklə münasibətlərin sıxlaşmasında maraqlı olduğunu əyani şəkildə nümayiş etdirib. 
Prezidenti Əhməd əl Şaraa Antalya Diplomatiya Forumu çərçivəsində dövlətimizin başçısı ilə görüşünü məmnunluqla xatırlayıb. Qeyd edək ki, məhz həmin görüşdə dövlət başçımız onu Azərbaycana səfərə dəvət etmişdi. Prezident əl Şaraa Azərbaycanın Suriyaya göstərdiyi qardaşlıq dəstəyinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirməklə hər iki ölkə arasında dostluğun qardaşlıq səviyyəsində olması istəyini ifadə etmiş olub. 
O, əvvəlki hakimiyyətin Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrə xələl gətirdiyini təəssüflə qeyd etməklə pozulmuş münasibətlərin yenidən bərpasında maraqlı olduğunu dilə gətirib. Ölkəsinin Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlı olduğunu deyərək bu sahələrdə Azərbaycanla əlaqələrə ehtiyac duyduqlarını gizlətməyib. 
Suriya prezidenti Qarabağın azad edilməsindən məmnunluq hiss keçirdiyini ifadə etməklə ərazi bütövlüyümüzü, suverenliyimizi dəstəklədiyini bir daha vurğulamış olub. 
Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğulayıb. Bununla da Suriyanın Azərbaycana həm bölgədə həm dünyada güc və söz sahibi kimi yanaşdığını diqqətə çatdırıb, bu səbəbdən də belə bir qüdrətli dövlətlə əlaqələrdə maraqlı olduğunu ifadə etmiş olub. Prezidentlərin görüşündə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib. Bu da enerji sahəsində də yeni layihələrin, mübadilələrin olacağını proqnozlaşdırmağa əsas verir. Görüşdə həmçinin Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilərək bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanıb və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunub. Artıq bu mübadilənin həyata keçirilməsi ölkələrimiz arasında qurulan iqtisadi, ticari, siyasi əlaqələrin daha da yüksək səviyyədə inkişaf edəcəyini göstərir. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırılmaqla dövlətimizin Suriyanın bərpasına da töhfə verəcəyi bir daha xatırladılıb. Məhz buna görə də Prezident Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini deyib. 
Söhbət zamanı Azərbaycanla Suriya arasında humanitar, təhsil və mədəniyyət sahələrində əməkdaşlığa toxunulması, o cümlədən suriyalı tələbələrə Azərbaycanda təqaüdlərin verilməsi və mədəni abidələrin bərpası ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılması təhsil və mədəniyyət sahələrində də ölkələrimiz arasında yeni əlaqələrin irəliləyəcəyini göstərir. Ölkəmizin işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və quruculuq işlərində təcrübəsinin olduğu nəzərə alınaraq vurğulanıb ki, bu xüsusda Azərbaycan Suriyanın postmünaqişə dövründə bərpa və quruculuq prosesinə öz töhfəsini verə bilər. Bir sözlə Azərbaycan Suriyaya öz köməkliyini, dəstəyini əsirgəməyəcəyini ifadə etməklə sıx əlaqələrin inkişafında maraqlı olduğunu bəyan edib. 
Azərbaycan və Suriya arasında münasibətlərin inkişaf etdirilməsi Azərbaycanın xarici  siyasətində, xüsusən regionda və Yaxın Şərqdə baş verən yeniliklərdə mühüm yer tutmaqla yanaşı dövlətimizə qarşı maraq və diqqəti artırır. Azərbaycan Yaxın Şərq regionunda da sabitlik və əməkdaşlıq təşəbbüsləri ilə öz töhfələrini verir, münaqişəli məsələlərdə vasitəçilik rolu ilə təsir qabiliyyəti olduğunu sübut edir. Dövlətimizin balanslı və çoxşaxəli, dövlət başçısının müdrik xarici siyasəti Azərbaycanın bu bölgədə də etibarlı tərəfdaş kimi qəbul olunmasına səbəb olur. Azərbaycan və Suriya arasında münasibətlərin inkişaf etdirilməsi digər ərəb ölkələrinin də diqqətindədir. Ortaq maraqlar həmin ölkələrin də Azərbaycanla daha sıx əlaqələr qurmasına və ya mövcud münasibətlərin daha da sıxlaşdırılıb sağlamlaşmasına gətirib çıxaracaq ki, bu da dövlətimizin qabaqcıl nailiyyətlərindəndir.

Paylaş: