"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tank qəhrəmanı Aqilin vədi


Aqil Vaqif oğlu Məmmədov Birinci Qarabağ müharibəsinin qəhrəmanı və Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən igidlərdəndir. O, 1971-ci il iyulun 7-də İsmayıllı rayonunun Güyüm kəndində sadə və zəhmətkeş bir kolxozçu ailəsində anadan olmuşdur.
Aqil Məmmədovun ailəsi  kənd təsərrüfatı ilə məşğul olurdu və onun uşaqlığı əkinçilik və heyvandarlıqla bağlı zəhmətkeş şəraitdə keçmişdir. 
Valideynlərinin tərbiyəsi altında böyüyən Aqil Məmmədov, uşaq yaşlarından əməksevərliyi, doğruluğu və vətən sevgisi ilə seçilirdi. O, Diyallı tam orta məktəbində təhsil almış, burada müəllimlərinin və dostlarının rəğbətini qazanmışdır. Məktəbi uğurla bitirdikdən sonra gənc yaşda Sovet ordusunda hərbi xidmətə çağırılmışdır. Hərbi xidmətdə göstərdiyi şücaət və məsuliyyət, onun həm vətəninə, həm də xalqına olan bağlılığının bir ifadəsi idi. Hərbi xidmətdən geri döndükdən sonra, ailəsinin və yaxınlarının dəstəyi ilə doğma kəndində böyük bir toy mərasimi keçirmiş və sevdiyi bir  qadınla ailə qurmuşdur. Ailəsinə bağlılığı və sevdiklərinə olan sevgisi onun şəxsiyyətinin ayrılmaz bir hissəsi olmuşdur. Lakin Qarabağ müharibəsi başlayanda, Aqil  ölkəsinin müdafiəsi üçün silaha sarılmış və doğma torpaqlarını qorumaq üçün döyüşlərə qatılmışdır. 
1992-ci ildə, Azərbaycanın suverenliyi və Qarabağın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərin ən qızğın çağında, Aqil ailəsini və yeni qurduğu ocağını geridə buraxaraq, könüllü olaraq Qarabağın müdafiəçiləri sırasına qoşuldu. O, döyüş meydanına addım atarkən, müharibənin dəhşətləri və təhlükələri ilə qarşılaşacağını bilirdi, lakin vətənə olan dərin  sevgisi bu çətin qərarı verməyə vadar etdi.
Toyundan cəmi bir neçə ay sonra Aqil Məmmədovun sorağı artıq ön cəbhədən gəlməyə başladı. Vətən torpaqlarının müdafiəsi onun üçün həyatının ən vacib vəzifəsinə çevrilmişdi. O, döyüşlərin ən qızğın anlarında müharibənin ağırlığını çəkən, sərt şərtlər altında belə mərdlik göstərən bir tankçı kimi özünü təsdiqlədi. Onun taktiki bacarığı və döyüş hazırlığı, həmçinin strateji düşüncə qabiliyyəti tez bir zamanda diqqət çəkdi və ona müharibə sahəsindəki xüsusi bacarıqlarını nümayiş etdirmək imkanı verdi. Beləliklə o məşhur komandir Allahverdi Bağırovun dəstəsinə qoşuldu. A.Bağırovun dəstəsində Aqil Məmmədov, döyüşlərin ən təhlükəli və çətin məqamlarında əsl qəhrəmanlıq nümayiş etdirdi. 
Bu dəstədə vuruşmaq, Aqil üçün bir şərəf idi. O, döyüş meydanında deyil, eyni zamanda hərbi texnikanın da idarə olunmasında böyük ustalıq nümayiş etdirirdi. Tankçı kimi qazandığı təcrübə və biliklərini, yeni gələn gənc əsgərlərə öyrətməyə səy göstərirdi. Onun bu xidmətləri sayəsində, dəfələrlə evlərinə və rayon hərbi komissarlığına komandiri tərəfindən təşəkkür və razılıq məktubları göndərilmişdir. Bu məktublar, Aqilin vətənə olan sədaqətini və onun əsgərlər arasındakı yüksək nüfuzunu bir daha təsdiqləyirdi. 
Bir neçə dəfə qısa müddətlik evə qayıtmaq fürsəti tapan Aqil hər dəfə ailəsi və yaxınları ilə keçirdiyi vaxtı ömrünün ən qiymətli anları kimi dəyərləndirirdi. Ailəsinin sevgisi və dəstəyi, onun müharibə dövründəki ən böyük güc mənbəyi idi. 
Lakin döyüş meydanında qalan yoldaşlarının vəziyyəti və vətənə olan borcu, onu tez bir zamanda geri dönməyə sövq edirdi. O, döyüş bölgəsinə qayıdarkən  gələcəkdə körpəsi ilə görüşəcəyinə dair arzusu ilə yaşayırdı, lakin bu sevinci ürəyində qaldı. 
1993-cü il iyunun 14-də Ağdam rayonunun Şelli kəndi uğrunda gedən ağır döyüşlərdə Aqil Məmmədov vətən uğrunda canını fəda edərək şəhidlik zirvəsinə ucaldı. Döyüşdəki cəsarəti və fədakarlığı, həm silahdaşları, həm də ətrafındakı insanlar tərəfindən yüksək qiymətləndirildi və onun qəhrəmanlığı bütün xalqın yaddaşında dərin iz buraxdı. 
Aqil Məmmədovun ölümündən bir neçə ay sonra dünyaya gələn oğlu, Aqil Məmmədli, atasının adını və xatirəsini daşıyan yeganə yadigar olur. O, atasının irsini yaşadan və onun qəhrəmanlığını gələcək nəsillərə ötürən bir sima kimi böyüyür. Şəhid Aqil Məmmədovun  xatirəsini əbədiləşdirmək üçün adı Diyallı kənd orta məktəbə verilmişdir. Adını daşıdığı bu məktəb gələcək nəsillərdə  vətənpərvərlik ruhunu aşılayır. 
Hazırda şəhid Aqil Məmmədovun məzarı Diyallı kənd qəbiristanlığında yerləşir. Məzar  kənd sakinləri üçün müqəddəs bir yerə çevrilmişdir. Şəhid Aqil Məmmədovun xatirəsi, yalnız ailə üzvləri və dostları tərəfindən deyil, geniş bir ictimaiyyət tərəfindən də əziz tutulur və xalqımız tərəfindən də əziz tutulur və o, unudulmaz bir qəhrəman kimi yaddaşlarda qalır. 

"ŞƏHİD ATAMLA FƏXR EDİRƏM"
“Bu sözləri o dedi Aqil Məmmədov adına Diyallı kənd orta məktəbinin şagirdi Aqil Məmmədli. Aqillə sarılı-qırmızılı bir payız günü babasının, atasının və ən nəhayət, özünüm doğulub boya-başa çatdığı Güyüm kəndində görüşmüşdük. Hansı məktəbdə oxuyursan sualına bundan da artıq fəxrlə "öz adıma olan məktəbdə" deyə cavab vermişdi. Və aylar sonrası sözü-söhbəti yaşı-başı ilə uyuşmayan bu qəribə təbəssümlü oğlanla şəhid Aqil Məmmədovun oğlu Aqil Məmmədli ilə yenidən həmsöhbət oldum. Balaca Aqil yaddaşıma ən kiçik və kiçik olduğu qədər də maraqlı bir müsahib kimi həkk olundu. Söhbətə atasından başladıq.
-Atanı az da olsa xatırlayırsan?
-Atamı?! Nə danışırsız, haradan xatırlayaram, axı o mən dünyaya gəlməmişdən 6 ay əvvəl şəhid olmuşdur. Mən atamı nənəmin, anamın, döyüş yoldaşlarının xatirələrindən tanıyıram.
Və sonra da uşaq yaşına, uşaq başına uyuşmayan bir ciddiyyətlə əlavə etdi: "atam igid oğlan olub. Anam isə dünyanın ən gözəl qadınıdır".
Söhbətimiz boyu ilk dəfə kövrəlir, fəxr, vüqar dolu gözlərinə yaşına uyuşmayan bir kədər çökür.
 -Atam anamı nənəmə tapşırıb darda olan Vətənin harayına tələsir, amma bilmir ki, anam ömürlük nənəmin amanında qalası olacaqmış. Beləcə, atam Azərbaycanın yeni qəhrəmanlıq salnaməsini yazanlardan biri olur. Tankçı idi mənim atam, yoldaşlarının dediyinə görə, hər cür hərbi texnikadan yaxşı baş çıxarırmış. Bir sıra döyüşlərdə böyük məharət göstərir. Atamın komandirindən gələn razılıq məktublarını nənəm bu gün də qoruyub saxlayır.
Susur, bir xeyli xəyala dalır, sonra yenidən sözünə davam edir:
-Ədəbiyyat müəllimimiz Dədə Qorquddan, Koroğludan, Qaçaq Nəbidən danışanda mən onların sırasında Atamı görürəm, igid atamı, şəhid atamı.
-Aqil, atanın, yüzlərlə atan kimi Vətən oğullarının uğrunda qan tökdükləri Qarabağ torpaqları düşmən tapdağı altındadır və istəsək də, istəməsək də müharibə alnımıza yazılıb. Birdən o savaş sənin yetkinlik yaşına, əlinin silah tutduğu günə təsadüf etdi?
-Göz qırpmadan, fikirləşmədən döyüşə gedərəm.
-Axı, sən ananın tək övladı, şəhid Aqilin yeganə nişanəsisən?
Düşünür, düşünür, qəşəng dodaqları arasında pıçıltılar dolaşır və inadla bayaqkı sözlərini təkrarlayır: gedərəm, hökmən gedərəm. 14 yaşlı bu şəhid balasının hayqırtıya, nərəyə dönən sözləri qulaqlarımda əks-səda verib ruhuma bir rahatlıq gətirir. Yox, torpaqlarımız düşmən tapdağında qalmayacaq, Vətənimiz dünya durduqca ikiyə bölünmüş bir can olmayacaq. Nə qədər ki, belə oğullar var Azərbaycan yaşayacaq, var olacaq, bir olacaq.”(L.Əliyeva, Diyallı 2007)

Günay Rzaeva

Faiq Nəsibov

 

Paylaş: