"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tolerant rəssam - Eldar Mikayılzadə


        Azərbaycanın xalq rəssamı, UNESCO yanında Rəssamlar Birliyinin üzvü, Azərbaycan manatının ilk eskizlərinin müəllifi. Eldar Mikayılzadə  uşaq yaşlarından xalçaçılıqla yaxından maraqlanmış, bu sənət onun həyatının bir parçasına, zaman keçdikcə əsas qayəsinə çevrilmişdir.

         Xalq rəssamları S.Bəhlulzadə və  L.Kərimovun əhatəsində püxtələşmiş rəssam Sultan Məhəmməd, Behzad  yaradıcılığından ilhamlanmış, onları özünə müəllim qəbul etmişdir. E.Mikayılzadənin müxtəlif illərdə London, Paris, İstanbul, Brüssel kimi şəhərlərdə fərdi sərgiləri keçirilmiş, Frankfurtda keçirilən sərgidə “Yaranış” xalçası qızıl medala layiq görülmüşdür.

             Hələ on yaşında ikən Qurani Kərim öyrənməyə başlayan  E.Mikayılzadə həm də öz dinini gözəl bilən, inanclı bir insandır. Rəssamın "114. Bismillah", "İslam", "Bismillahir-rəhmanir-rəhim", “ On dörd məsum”, “Səcdə” adlı xalçaları özlərinin dərin mənalı kompozisiyası ilə insanı heyran edir. E.Mikayılzadənin dinimizə və ərəb əlifbasına bələd olması “114. Bismillah” kimi bir əsərin meydana gəlməsinə səbəb olmuşdur. İslam dinində "Bismilləhir-Rahmənir-Rahim!" kəlməsi peyğəmbərə 114 dəfə nazil olmuşdur. 113 surədə başlanğıc kimi işlənmişdir və "Tövbə" surəsində "Bismilləhir Rahmənir Rahim" başlanğıcda gəlməsə də, "Nəml" surəsində başlanğıcda gəlməklə yanaşı, ayələrin birində də  işlənmişdir ki, bu da Quran üzrə ümumi 114 edir. Bu mübarək cümlənin ərəb əlifbasının müxtəlif yazı və xətt şəkilləri ilə 113 cür yazılış forması məlumdur. E.Mikayılzadə isə  öz xalçasında  "Bismilləhir-Rahmənir-Rahim!" cümləsinin eynilə peyğəmbərə nazil olduğu qədər yazılmasını istəmiş və onu fərqli bir yazı üsulu ilə bulud şəklində yazaraq 114-ə tamamlamış, xalçanı isə "114. Bismillah" adlandırmışdır.

        Ancaq qeyd edilməlidir ki, Eldar Mikayılzadə sadəcə İslam deyil, digər təkallahlı dinlərə də hörmət və ehtiram göstərən sənətkar, multikultural ölkənin tolerant vətəndaşıdır. Xalçaçı rəssamın müxtəlif illərdə ərsəyə gətirdiyi "Üç peyğəmbər" , "Üç din"  və  "Xilaskar" kimi möhtəşəm sənət əsərləri onun səmavi dinlərə olan ehtiramının təzahürüdür.

       Bu günlərdə isə ictimaiyyət Eldar Mikayılzadənin ilk dəfə olaraq Vatikanda sərgilənən “Səmavi dinlər” adlı triptixi haqqında danışır. Üç ayrı xalçadan ibarət olan bu triptix Yəhudilik, Xristianlıq və İslam dinlərinin tarixini, müqəddəs ayinlərini,  ritual və hekayələrini özündə əks etdirir.

      Yəhudilik dininə həsr olunmuş xalçanın kənar haşiyələrində David ulduzu və içərisində yerləşdirilmiş menora bu dinin rəmzi kimi diqqət çəkir. Xalça dünyanın altı gündə yaradılışı ilə başlayıb, Musa peyğəmbərin Nebo dağında dünyaya vida etməsi ilə bitir. Xalçanın kompozisiyasında Nuhun gəmisi, Yusifin quyuya atılması, İsrailoğullarının köçü, sarı rəngli inək, əhd sandığı kimi müxtəlif dini hekayələr vizuallaşdırılmışdır.

         Səmavi dinlərin ikincisi olan xristianlığa həsr olunmuş xalça Məryəm ananın doğumu ilə başlayıb çarmıxa çəkilmiş İsa peyğəmbərin ruhunun göylərə yüksəlməsi ilə bitir. Xalçanın kompozisiyasında İsa peyğəmbərin müqəddəsliyi həm onun doğumu, həm də çarmıxa çəkildiyi anda ətrafında bəyaz göyərçinlərin təsvir olunması ilə göstərilib.  Xalçanın kompozisiyasına İsa peyğəmbərin müxtəlif möcüzələri, həvarilərlə birlikdə sonuncu şam yeməyi kimi səhnələr daxil edilmişdir.

          Təkallahlı dinlərin sonuncusu olan İslam dininə ithaf olunmuş xalça kompozisiyasının mərkəzində müsəlman dünyasının müqəddəs ziyarət yeri olan Kəbə dayanır. Xalçanın kompozisiyası İslam peyğəmbəri Həzrəti Məhəmmədin doğumu, bütlərin yıxılması ilə başlayıb, Bilal Həbəşinin Kəbədə azan çəkməsi ilə bitir.  Bu xalça üzərində isə İslam dinində bütün müsəlmanlar tərəfindən qəbul edilən dini hekayələrə yer verilmiş, xalçanın müxtəlif hissələrində Quran ayələri yerləşdirilmişdir. Xalçada “Fil” surəsi-əbabil quşları, Sevr mağarası, peyğəmbərin hicrəti, Kəbənin yenidən qurulması, Bizansa elçi göndərilməsi kimi maraqlı faktlara da yer verilmişdir.

        Ümumiyyətlə Eldar Mikayılzadənin yaratmış olduğu “Səmavi dinlər” triptixi  estetik sənət əsəri səviyyəsini aşaraq möhtəşəm bir həyat fəlsəfəsinin, uzun illərin araşdırma və emprik biliklərinin tolerant xülasəsinə çevrilib. Üç xalça bir sənətkarın yaradıcılıq məhsulu olmaqla yanaşı onu yetişdirən, formalaşdıran Azərbaycan mədəniyyətinin və tolerantlığının da ilmə-ilmə toxunmuş dastanıdır.

Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi

Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi

Zəminə Rəsulova

 

 

31 Oktyabr 2025, 11:34 - 160

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar