"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Əlində qələm, ürəyində Vətən sevgisi – Müəllim şəhidlərimizin ölməz xatirəsinə


Bu ifadə sadəcə bir söz birləşməsi deyil – bu, Azərbaycan müəlliminin simvoludur. Elmli, mərd, Vətəninə sadiq gənclər yetişdirmək ideyasıdır. Şəhid müəllimlərimiz bu ideyanı həm sinifdə, həm də səngərdə həyata keçirdilər.

2020-ci ilin payızında Azərbaycan tarixi yeni bir səhifə açdı. 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsi xalqımızın qəhrəmanlıq salnaməsinə çevrildi. Bu mübarizə təkcə torpaqların azadlığı deyil, həm də ruhun, qeyrətin, milli birliyin qələbəsi idi. Qələbənin bu müqəddəs yolunda canından keçən qəhrəmanlarımız arasında əllərində qələm, ürəklərində isə sonsuz Vətən sevgisi olan şəhid müəllimlərimiz də vardı.

Müəllim–insanın mənəvi dünyasının memarı, millətin sabahını formalaşdıran şəxsiyyətdir. Onun əlindəki qələm bir millətin gələcəyini yazan silahdır. Amma elə bir an gəldi ki, bu müqəddəs insanlar qələmi yerə qoyub, Vətənin müdafiəsi üçün silaha sarıldılar. Bu müqəddəs missiyanı daşıyan yüzlərlə müəllim Vətən müharibəsində könüllü olaraq döyüşə yollandı. Onlar sinif otaqlarından döyüş meydanlarına getdilər. Hər yerdə eyni amal uğrunda – Vətənin gələcəyi uğrunda vuruşdular onlar.

Müəllimlərimiz yaxşı bilirdilər ki, Vətənin sabahı yalnız məktəb partası arxasında yetişən şagirdlərin biliyində deyil, həm də azad torpaqlarda açan gül kimidir. Hər biri ömrünün ən parlaq səhifəsini Vətən sevgisi ilə yazdı.

Onlar arasında ölkənin hər bölgəsindən – Gəncədən, Ağdamdan, Lerikdən, Şamaxıdan, Kürdəmir və Ağstafadan müxtəlif fənləri tədris edən müəllimlər vardı. Amma onları bir amal birləşdirirdi – Vətən sevgisi.

Sinif otaqlarında vətənpərvərlikdən danışan, gəncləri dövlətinə, bayrağına sədaqət ruhunda böyüdən bu insanlar, Vətən çağıranda, bu dəfə öz canları ilə qəhrəmancasına  düşmənə dərs keçdilər.

Bəziləri Şuşanın sıldırım qayalarında azadlıq nəğməsi oxudu, bəziləri Suqovuşanın soyuq sularında şəhid qanı ilə tarixi yazdı. Talışın dağlarında, Xocavəndin meşələrində, Cəbrayılın düzlərində, Füzulinin səhralarında bu müəllim oğullar son nəfəsədək vuruşdular, yüksək və şərəfli zirvə olan şəhidlik zirvəsinə ucaldılar. Onlar həm öyrədən, həm qoruyan, həm də gələcəyin yolunu işıqlandıran insanlar oldular.

Müəllim şəhidlərimizin həyatı bir daha sübut etdi ki, Vətənə xidmətin sərhədi yoxdur. Onlar məktəbdə qələm döyüşdə silah tutaraq – Vətənin gələcəyi uğrunda mübarizə apardılar. Qələm və silah onların həyatında birləşdi: biri gələcəyi yazmaq üçün, digəri o gələcəyi qorumaq üçün.

Bu gün bütün şəhidlər kimi müəllim şəhidlərimizin adları da məktəblərdə, auditoriyalarda, küçələrdə və parklarımızda əbədiləşdirilib. Onların portretləri sinif otaqlarında şagirdlərin üzünə baxır, hər baxışda bir mesaj verir: “Vətəni sevmək sadəcə sözlə deyil, əməllə göstərilməlidir.”

Müəllimlər düşmənə yalnız döyüş meydanında deyil, həm də öz ömürləri ilə dərs keçdilər və göstərdilər ki, müəllim olmaq – insan yetişdirmək, şəhid olmaq – tarix yazmaqdır.

Bəli, biz bu gün azad nəfəs alırıqsa, dərslərimizi azad məktəblərdə oxuyuruqsa, gənclərimiz azad torpaqlarda böyüyürsə, bu şəhidlərimizin, o cümlədən şəhid müəllimlərimizin sayəsindədir. Hər bir azad nəfəsimizdə, hər bir məktəb zəngində, hər bir vətənpərvər şagirdin baxışında onların ruhu yaşayır, Vətən səmasının ulduzları kimi daim parlayır. Qəhrəmanlıqları təkcə bir döyüşün yox, bütöv bir xalqın yaddaşında əbədi yaşayacaq.

Bu gün məktəblərdə müəllimlər öz şagirdlərinə dərs deyərkən, şəhid həmkarlarının ruhunu hər addımda hiss edirlər. Onların qələm tutan əlləri bir vaxtlar silah tutub Vətəni qoruyub. Bu müqəddəs peşə artıq təkcə bilik öyrətmək yox, həm də şəhidlik mərtəbəsinə yüksələnlərin izini yaşatmaq missiyasıdır. Hər il onların xatirəsinə həsr olunan tədbirlərdə müəllimlər və şagirdlər bir araya gələrək onları qürurla anırlar.

Bu torpağın hər zərrəsində onların izi var. Onların səsi bu gün məktəb zənglərinin sədasında, uşaqların gülüşündə, azad Şuşanın, azad Cəbrayılın, azad Füzulinin küləyində eşidilir.

Şəhidlik – ucalığın zirvəsidir, müəllimlik isə ucalığın yoludur. Bu iki ucalıq birləşəndə isə əbədiyyət yaranır. Onların hər biri Azərbaycan müəlliminin, Azərbaycan vətəndaşının, Azərbaycan gəncliyinin qürur mənbəyidir.

Əbədiyaşar adlar, sönməz ruhlar.

Qələmləri ilə gələcək yazan, canları ilə tarix yazan müəllimlərimizin xatirəsi əbədi yaşayacaq. Onlar bu torpağın yaddaşına işıq kimi həkk olunublar.

Vətən sağ olduqca, azad bayrağımız dalğalandıqca, məktəblərimizdə zənglər çaldıqca, onların adları da səslənəcək.

Çünki onlar göstərdilər ki, müəllim olmaq – öyrətmək, şəhid olmaq – millətin ruhunu diriltməkdir.

Allah bütün şəhidlərimizə, xüsusilə də müəllim şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad, məqamları uca olsun!

 

Zöhrə Əsədova

Naxçıvan Müəllimlər İnstitutunun magistrantı

31 Oktyabr 2025, 14:49 - 463

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar