Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 avqust 2026-cı ildə Naxçıvana səfəri zamanı Azərbaycan Televiziyasına verdiyi müsahibə muxtar respublikanın qarşıdakı illərdə inkişaf istiqamətlərini müəyyən edən mühüm siyasi mesajlarla zəngin oldu. Müsahibədə Naxçıvanın təhlükəsizliyindən iqtisadi inkişafına, enerji potensialından nəqliyyat imkanlarına, kənd təsərrüfatından turizmə, tarixi-mədəni irsin qorunmasından müasir idarəetməyə qədər geniş spektrli məsələlərə toxunuldu. Bu fikirlərin ümumi məzmunu göstərir ki, Naxçıvanın inkişafına yanaşma artıq yalnız mövcud problemlərin həlli üzərində qurulmur. Qarşıya qoyulan əsas məqsəd muxtar respublikanın yeni iqtisadi imkanlarını üzə çıxarmaq, onun regional əhəmiyyətini artırmaq və gələcək inkişaf üçün daha möhkəm zəmin yaratmaqdır. Prezidentin Naxçıvana 17-ci səfəri də dövlətin bu qədim diyarın inkişafına davamlı diqqətinin göstəricisidir.
Naxçıvan üçün inkişafın ilk şərti, təbii ki, təhlükəsizlikdir. Coğrafi mövqeyi onun müdafiə qabiliyyətinin daim yüksək səviyyədə saxlanılmasını zəruri edir. Əlahiddə Ordunun yaradılması, müasir silah və texnika ilə təchizat, komando qüvvələrinin formalaşdırılması Azərbaycan Ordusunun ümumi modernləşmə siyasətinin Naxçıvanda da ardıcıl şəkildə həyata keçirildiyini göstərir. Güclü müdafiə sistemi isə sosial-iqtisadi inkişaf üçün etibarlı mühit yaradır.
Müsahibədə enerji təhlükəsizliyi də xüsusi yer tutur. Naxçıvanın 100 faiz qazlaşdırılması, mövcud enerji güclərinin artırılması, 300 meqavatlıq istilik elektrik stansiyasının inşasına başlanılması, yeni Günəş elektrik stansiyalarının yaradılması və su elektrik enerjisi imkanlarının genişləndirilməsi muxtar respublikanın enerji sisteminin daha da möhkəmləndirilməsinə xidmət edir. Burada diqqətçəkən əsas məsələ Azərbaycanın enerji siyasətində Naxçıvana artıq fərqli baxışın formalaşmasıdır. Naxçıvan yalnız enerji ilə təmin edilən ərazi deyil, gələcəkdə enerji istehsal edən və ixrac edən mühüm mərkəzlərdən biri kimi nəzərdə tutulur. Günəş enerjisi üzrə böyük potensialın mövcudluğu, yeni istehsal güclərinin yaradılması və batareya saxlanc sistemlərinin qurulması bu istiqamətdə atılan addımların sistemli xarakter daşıdığını göstərir. Enerji potensialının genişləndirilməsi həm də sənayeləşmə üçün əlverişli şərait yaradır. Naxçıvan Sənaye Parkının təməlinin qoyulması bu baxımdan mühüm hadisədir. Sənaye parklarının yaradılması yalnız yeni müəssisələrin fəaliyyətə başlaması demək deyil. Bu, istehsalın şaxələndirilməsi, yeni iş yerlərinin açılması, sahibkarlığın inkişafı və yerli iqtisadi imkanların daha səmərəli istifadəsi üçün yeni platformadır. Naxçıvanda müasir sənaye komplekslərinin yaradılması ilə bağlı planlar da bu siyasətin davam etdiriləcəyini göstərir.
Muxtar respublikanın iqtisadi gələcəyində nəqliyyat və logistika xüsusi rol oynayacaq. Bu baxımdan Zəngəzur dəhlizinin yaradılması Naxçıvanın inkişaf perspektivlərini əhəmiyyətli dərəcədə dəyişə biləcək strateji layihədir. Azərbaycanı Naxçıvanla birləşdirəcək yeni nəqliyyat bağlantısı həm ölkədaxili əlaqələrin güclənməsinə, həm də Naxçıvanın beynəlxalq nəqliyyat marşrutlarında mövqeyinin yüksəlməsinə imkan verəcək. Horadiz-Ağbənd avtomobil yolunun tamamlanmaq üzrə olması, dəmir yolu layihələrinin davam etdirilməsi və Naxçıvan dəmir yolunun yenidən qurulması bu prosesin praktiki mərhələyə keçdiyini göstərir. Xüsusilə dəmir yolunun yükaşırma qabiliyyətinin gələcəkdə 15 milyon tona çatdırılması planı Naxçıvanın tranzit imkanlarının necə geniş miqyasda qiymətləndirildiyini nümayiş etdirir. Əslində, Naxçıvanın coğrafi mövqeyi düzgün infrastruktur qurulduğu halda onun ən mühüm iqtisadi üstünlüklərindən birinə çevrilə bilər. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin əlaqələndiyi məkanda yerləşməsi Naxçıvan üçün yeni logistika imkanları yaradır. Bu marşrutlar vasitəsilə yükdaşımaların artması yeni xidmət sahələrinin, ticarət obyektlərinin, logistika mərkəzlərinin və əlavə iş yerlərinin yaranmasına səbəb ola bilər. Zəngəzur dəhlizinin əhəmiyyəti yalnız nəqliyyatla məhdudlaşmır. Elektrik enerjisi xətlərinin, fiber-optik rabitənin və gələcəkdə digər kommunikasiya sistemlərinin bu istiqamətdə qurulması layihənin daha geniş regional bağlantı sisteminə çevrilməsinə imkan yaradır. Beləliklə, nəqliyyat dəhlizi eyni zamanda enerji və rəqəmsal bağlantı dəhlizi funksiyasını da daşıya bilər.
Naxçıvanın kənd təsərrüfatının inkişafı da ümumi strategiyanın mühüm hissəsidir. Yeni Dövlət Proqramında muxtar respublikanın xüsusi yer alması, suvarma layihələrinin həyata keçirilməsi, artezian quyularının qazılması və müasir suvarma sistemlərinin qurulması kənd təsərrüfatının imkanlarını genişləndirəcək. Suvarılmayan torpaqların dövriyyəyə cəlb olunması isə həm istehsalın artmasına, həm də kənd yerlərində məşğulluğun yüksəlməsinə şərait yarada bilər. Bununla yanaşı, Naxçıvanın inkişafı yalnız iqtisadi göstəricilərlə ölçülmür. Bu qədim diyar Azərbaycan dövlətçilik və mədəniyyət tarixində özünəməxsus yer tutur. Möminə xatun məqbərəsinin bərpası, Əcəmi Naxçıvaninin irsinin qorunması və digər tarixi abidələrin konservasiyası Naxçıvanın milli-mədəni kimliyinin yaşadılmasına xidmət edir. Bu irsin qorunması həm də turizm potensialının inkişafı üçün mühüm baza yaradır. Naxçıvanın təbiəti, tarixi abidələri və əlverişli iqlimi onun turizm imkanlarını artırır. Bununla belə, turizm potensialının tam reallaşdırılması üçün müasir xidmət və mehmanxana infrastrukturunun inkişaf etdirilməsi vacibdir. Yeni beşulduzlu hotelin tikintisinə başlanılması bu istiqamətdə görülən işlərin göstəricilərindən biridir.
Sosial sahədə həyata keçirilən tədbirlər də inkişaf strategiyasının insan mərkəzli xarakterini göstərir. DOST və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti, yeni elektrik avtobuslarının istifadəyə verilməsi, şəhərlərarası nəqliyyatın yenilənməsi, uşaq bağçalarının tikintisi və təmiri, həmçinin yüzlərlə kilometr yolun yenidən qurulması əhalinin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Müsahibədə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyası çərçivəsində nəzərdən keçirilməsi də xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın müxtəlif bölgələrinin öz potensialına uyğun şəkildə inkişaf etdirilməsi və onların bir-birini tamamlayan iqtisadi məkan kimi formalaşdırılması baxımından əhəmiyyətlidir. Xüsusilə Zəngilan və Ordubad arasındakı yaxınlıq gələcəkdə nəqliyyat, enerji, ticarət və digər əlaqələrin genişləndirilməsi üçün mühüm imkan yaradır. Burada idarəetmə məsələsi də diqqətdən kənarda qalmır. Qarabağ və Şərqi Zəngəzurda tətbiq olunan yeni idarəetmə mexanizmlərinin Naxçıvanda da tətbiq edilməsi dövlət idarəçiliyinin səmərəliliyinin artırılmasına yönəlmiş struktur islahatlarının tərkib hissəsidir. Məqsəd Naxçıvanın muxtar respublika statusunu qorumaqla idarəetməni müasir tələblərə uyğunlaşdırmaq və inkişaf proseslərini daha çevik təşkil etməkdir.
Prezidentin müsahibəsində səslənən fikirlərdən belə bir nəticəyə gəlmək mümkündür ki, Naxçıvan qarşıdakı mərhələdə daha çox imkanlar məkanı kimi çıxış edəcək. Təhlükəsizlik baxımından güclü, enerji baxımından dayanıqlı, iqtisadi baxımdan fəal və nəqliyyat baxımından daha əlçatan Naxçıvanın regional əhəmiyyəti də artacaq. Ən əsası isə bu inkişafın müxtəlif istiqamətləri bir-birindən təcrid olunmuş şəkildə deyil, qarşılıqlı əlaqədə həyata keçirilir. Enerji sənayeni, nəqliyyat ticarəti, suvarma kənd təsərrüfatını, tarixi irs turizmi, sosial infrastruktur isə bütün bu proseslərin insan həyatında real nəticəyə çevrilməsini təmin edir.
11 avqust müsahibəsinin əsas mesajı məhz burada özünü göstərir: Naxçıvanın inkişafı keçmiş nailiyyətlərin qorunması ilə kifayətlənməyəcək, yeni iqtisadi, enerji, nəqliyyat və sosial imkanların yaradılması ilə daha da sürətləndiriləcək. Dövlətin siyasi iradəsi, maliyyə imkanları və uzunmüddətli strateji planları Naxçıvanın Azərbaycanın ümumi inkişaf xəritəsində daha mühüm mövqeyə çıxması üçün möhkəm zəmin yaradır. Bu mənada Naxçıvanın gələcəyi yalnız muxtar respublikanın daxili inkişafı baxımından deyil, Azərbaycanın regional mövqeyinin möhkəmlənməsi baxımından da əhəmiyyətlidir. Tarixi yaddaşını qoruyan, müasir texnologiyalara açıq olan, yaşıl enerjiyə söykənən və beynəlxalq nəqliyyat bağlantılarının mühüm həlqəsinə çevrilən Naxçıvan Azərbaycanın yeni inkişaf mərhələsinin mühüm dayaqlarından biri olacaq.
Hüseynova Samirə Adəm qızı
14 Avqust 2026, 16:36 - 209
Paylaş: