"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Keçmişdən gələcəyə - toplaşaq muzeylərə!


Mədəni irsimiz xalqımızın milli yaddaşı, tarixi varlığımızın və mənəvi dəyərlərimizin əsas ifadəsidir. Bu irsin qorunduğu ən mühüm məkanlardan biri olan  muzeylər keçmişin izlərini yaşadan, xalqın tarixini, mədəniyyətini və düşüncə dünyasını  gələcək  nəsillərə  çatdıran  mühüm  elm və  mədəniyyət ocaqlarıdır. Muzeylər  yalnız  tarixi  əşyaların nümayiş etdirildiyi məkan deyil, həm də zamanın  yaddaşını  qoruyan,  keçmişlə  bu gün arasında mənəvi  körpü yaradan, cəmiyyətin mədəni inkişafına  xidmət edən dəyərli institutlardır.

Bir xalqın gücü yalnız onun iqtisadi inkişafı, elmi-texniki nailiyyətləri və müasir imkanları ilə müəyyən olunmur. Əsl güc, eyni zamanda, həmin xalqın öz tarixini  bilməsində, milli-mədəni dəyərlərinə  sahib  çıxmasında və bu dəyərləri gələcək nəsillərə ötürməsində özünü göstərir. Çünki tarix yalnız keçmişdə baş vermiş hadisələrin  məcmusu  deyil. Tarix  xalqın kimliyini formalaşdıran, onun dünyagörüşünü, mənəvi dəyərlərini və milli düşüncə tərzini yaşadan böyük bir yaddaşdır. 

Tarixi yaddaşın qorunması xalqın mənəvi varlığının  davamlılığını təmin edən mühüm amillərdən biridir. Keçmişə aid hər bir abidə, hər bir eksponat və hər bir mədəniyyət  nümunəsi  xalqın  həyat  yolunun  müəyyən  bir  səhifəsini  özündə  yaşadır.  Bu  dəyərlərə  sahib  çıxmaq  yalnız  keçmişə  hörmət  göstərmək  deyil,  həm də  gələcək  nəsillər  qarşısında  məsuliyyətli  mövqe  nümayiş  etdirməkdir.

Bu gün  qloballaşan  dünyada  xalqların öz  milli kimliyini qoruması xüsusi əhəmiyyət  daşıyır.  Müasir  dövrdə  sürətlə  dəyişən  həyat  tərzi,  yeni  texnologiyalar və  informasiya  imkanlarının   genişlənməsi  insanlara  böyük  üstünlüklər  qazandırsa  da, bəzən  onları öz  tarixi  köklərindən  uzaqlaşdıra  bilər. Lakin  müasir  inkişaf  keçmişdən  ayrılmaq deyil. Lakin müasir inkişaf keçmişdən ayrılmaq deyil. Əksinə, müasir imkanlardan səmərəli istifadə etməklə tarixi irsimizi daha geniş auditoriyaya tanıtmaq, onu yeni nəsillərə daha maraqlı və əlçatan formada təqdim etmək mümkündür.

Bu  gün  əsas  vəzifələrdən  biri  milli  irsimizi müasir yanaşmalarla təqdim etmək, onu gənc nəslə daha maraqlı və əlçatan formada çatdırmaqdır. Çünki mədəni irsin qorunması və  təbliği  yalnız muzeylərin və mədəniyyət müəssisələrinin deyil,  bütövlükdə  cəmiyyətin  qarşısında duran mühüm mənəvi və ictimai vəzifədir.    

“Keçmişdən gələcəyə – toplaşaq muzeylərə!” çağırışı sadəcə bir şüar deyil, hər birimizi tariximizə sahib çıxmağa, milli irsimizi qorumağa və onu gələcək nəsillərə ötürməyə  səsləyən  mənalı  bir  çağırışdır.  Öz  tarixi  keçmişini  tanıyan, mədəni dəyərlərini  qoruyan  xalq  bu  gününü   daha  yaxşı  anlayır  və  gələcəyini  daha  inamla qurur.

Məhz bu məqsədə xidmət edən təşəbbüslərdən biri də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin həyata keçirdiyi “İrs Dostu” proqramıdır. Bu proqram milli-mədəni irsin qorunması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsi baxımından mühüm əhəmiyyət daşıyır. Proqramın əsas ideyası insanları tarixi irsimizə daha da yaxınlaşdırmaq, muzeylərə, tarixi abidələrə və mədəniyyət nümunələrinə diqqətli və məsuliyyətli münasibət formalaşdırmaqdır.

“İrs Dostu” proqramı cəmiyyətin müxtəlif təbəqələrində mədəni irsə marağın artırılmasına, insanların öz tarixini daha dərindən öyrənməsinə və milli dəyərlərimizə bağlılıq hissinin gücləndirilməsinə xidmət edir. Bu təşəbbüs göstərir ki, mədəni irs yalnız qorunmalı olan keçmiş yadigar deyil, həm də gələcəyin formalaşmasına təsir edən mühüm mənəvi sərvətdir.

Bu məqalə “İrs Dostu” proqramının ruhuna uyğun olaraq, Azərbaycanın zəngin tarixi-mədəni irsini qorumaq, onu dünyaya tanıtmaq, tariximizi gələcək nəsillərə sevdirmək, təhsil  və  mədəniyyəti  vahid  bir  platformada birləşdirmək arzusu ilə qələmə  alınmışdır. Proqramın əsas məqsədi hər bir insanda öz tarixinə, milli dəyərlərinə  və  mədəni  irsinə  qarşı  sevgi və məsuliyyət hissi formalaşdırmaqdır.

Çünki irsimiz sadəcə keçmişdən bizə qalan dəyərlər deyil. O, kimliyimizi, yaddaşımızı və milli ruhumuzu yaşadan böyük mənəvi xəzinədir. Hər bir insan öz tarixinin yalnız izləyicisi deyil, həm də onun qoruyucusudur. Tariximizi öyrənmək, mədəni sərvətlərimizi qorumaq və onları gələcək nəsillərə çatdırmaq hər birimizin üzərinə düşən vacib vəzifədir.

Muzeylər keçmişimizin yaşadığı, tariximizin danışdığı, milli dəyərlərimizin qorunduğu xüsusi məkanlardır. Muzeylərə ziyarət yalnız eksponatlarla tanış olmaq deyil, həm  də  xalqımızın  keçdiyi  yolu  öyrənmək,  tarixi  hadisələrdən nəticə çıxarmaq və vətənə bağlılıq hissini daha da gücləndirməkdir. Xüsusilə gənc nəslin muzeylərə  marağının  artırılması onların milli kimliyini dərk etməsinə, mədəniyyətimizə  hörmət  ruhunda  formalaşmasına  və  gələcəyin  savadlı,  məsuliyyətli  və  vətənpərvər  vətəndaşları  kimi  yetişməsinə  böyük  töhfə  verir.

Bu gün qarşımızda duran ən vacib suallardan biri budur: biz öz tariximizi nə dərəcədə bilirik, milli irsimizi  necə  qoruyur  və  onu  gələcək  nəsillərin yaddaşına necə həkk edirik?

Bu sualın cavabını tapmaqda muzeylərin rolu əvəzsizdir. Muzeylər tarixin canlı yaddaşıdır. Onlar  yalnız  qədim  əşyaların  qorunduğu  məkan deyil, həm də  keçmişlə bu gün arasında körpü yaradan, tariximizi və milli-mədəni irsimizi yaşadan  dəyərli  mədəniyyət  ocaqlarıdır.  Muzeylərdə  nümayiş  olunan  hər  bir eksponat öz dövrünün  həyat  tərzini, insanların  düşüncəsini, zəhmətini və yaradıcılığını əks etdirir. Bir əşyanın əsl dəyəri onun qədim olmasında deyil, bizə çatdırdığı tarixi məlumat  və  mənəvi  irsdədir.  

Muzeylər  vasitəsilə  keçmişimizi  daha  yaxından  tanıyır,  ondan  nəticə  çıxarır  və  milli kimliyimizi daha dərindən dərk edirik. Eyni zamanda, muzeylər insanlarda araşdırmaq, öyrənmək və düşünmək bacarığını inkişaf etdirən mühüm təhsil məkanlarıdır. Burada tarix sadəcə oxunan məlumat deyil, əyani şəkildə müşahidə olunan, hiss edilən və dərk edilən canlı bir prosesə çevrilir. Buna  görə  də  tariximizi  qorumaq,  muzeylərə  maraq  göstərmək  və  bu  zəngin  irsi  gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi məsuliyyətidir.

Muzeylər  xalqların  mədəni  yaddaşının  aynası,  keçmişlə  bu  gün  arasında  qurulan  canlı  körpülərdir. Onlara baxaraq haradan gəldiyimizi, hansı dəyərlər üzərində formalaşdığımızı və gələcəyə hansı izlərlə addımladığımızı daha dərindən anlaya  bilərik. Hər  bir  muzey  eksponatı  sadəcə tarixi bir əşya deyil, əsrlərin yaddaşını özündə  yaşadan  bir  hekayədir.

Bir  saxsı  qab  min  illər  əvvəl  yaşamış  insanların gündəlik  həyat  qayğılarından, bir  qılınc  onların  azadlıq  və  mübarizə  ruhundan,  bir  sənət  əsəri  isə  həmin  dövrün  estetik  düşüncəsindən  xəbər  verir. Muzeyə  daxil  olan insan  əslində  zaman  maşınına  minmiş  olur.  O, yalnız  keçmişi  seyr  etmir,  həm  də  özünün  həmin  tarixin  davamı  olduğunu  dərk  edir.  Bu  isə insanın öz kimliyini, xalqının keçdiyi yolu və  gələcək  qarşısındakı  məsuliyyətini  daha yaxşı anlamasına imkan  yaradır.

Muzeylərin əsas vəzifələrindən biri də yalnız mövcud irsi qorumaq deyil, onu öyrənmək, tədqiq etmək və cəmiyyətə təqdim etməkdir. Müasir dövrdə muzeylər ənənəvi sərgi məkanından daha geniş funksiyalar daşıyır. Onlar elmi araşdırmaların aparıldığı, maarifləndirici tədbirlərin keçirildiyi, gənc nəslin tarix və mədəniyyətlə əlaqəsinin gücləndirildiyi mühüm ictimai  platformalara  çevrilmişdir.

Bunun ən gözəl nümunələrindən biri olan Heydər Əliyev Mərkəzi klassik mənada muzey tipi olmasa da, muzey, sərgi salonları və müxtəlif mədəniyyət məkanlarını özündə birləşdirən çoxfunksiyalı mədəniyyət kompleksi kimi Azərbaycanın zəngin mədəni irsinin müasir dövrdə təqdim olunduğu, keçmişin irsi ilə gələcəyin innovativ düşüncəsini bir araya gətirən, ölkənin milli ruhunu və mədəni kimliyini əks etdirən mühüm mədəniyyət ocaqlarından biridir.

Heydər Əliyev Mərkəzi yalnız memarlıq baxımından deyil, həm də mədəniyyətin, incəsənətin, elmin  və  müasir  düşüncənin  təbliği  baxımından böyük əhəmiyyət daşıyır. Burada  keçirilən  sərgilər, beynəlxalq  layihələr, mədəni tədbirlər və təqdimatlar Azərbaycanın tarixini, mədəni dəyərlərini və yaradıcı potensialını daha geniş  auditoriyaya  çatdırmağa imkan  verir.

Mərkəzin axıcı və sərhəd tanımayan memarlıq üslubu estetik gözəlliklə yanaşı, ənənəvi dəyərlərlə müasir düşüncənin və innovasiyanın uğurlu vəhdətini ifadə edir. Memarlıq, incəsənət, tarix və müasir texnologiyaların ahəngdar şəkildə birləşdiyi bu məkan ziyarətçilərdə milli irsə maraq oyadır, onları öz köklərini daha dərindən dərk etməyə və gələcəyə inamla baxmağa sövq edir.

Memarlıq baxımından Heydər Əliyev Mərkəzi milli-mədəni irsin qorunması ilə müasir  yanaşmanın  uğurlu uzlaşmasını nümayiş etdirən nadir nümunələrdəndir. Burada  yaradılan  zəngin  mədəni  mühit  tarixi  irsin öyrənilməsinə, təbliğinə və gələcək  nəsillərə  ötürülməsinə  mühüm töhfə verir. Mərkəz  bir  daha göstərir ki, mədəni irs yalnız keçmişdən qalan yadigar deyil. O, hər dövrdə yeni məna qazanan, cəmiyyətin inkişafına təsir göstərən və gələcəyə istiqamət verən mənəvi sərvətdir. Tarixi  qorumağın  ən  doğru  yolu  onu  olduğu kimi saxlamaqla yanaşı, müasir düşüncə və yaradıcılıqla zənginləşdirərək gələcəyə daşımaqdır.

Məhz  bu  xüsusiyyətlərinə  görə  Heydər  Əliyev Mərkəzi yalnız möhtəşəm memarlıq nümunəsi deyil, həm də tarixlə gələcəyin qovuşduğu, milli ruhun, elmi düşüncənin və mədəni inkişafın vəhdətini  özündə  əks  etdirən  mühüm  mənəvi  məkandır.

 Azərbaycanın zəngin muzey irsi yalnız böyük şəhərlərdə yerləşən iri mədəniyyət mərkəzləri  ilə  məhdudlaşmır.  Ölkəmizin  müxtəlif  bölgələrində  fəaliyyət  göstərən tarix-diyarşünaslıq muzeyləri də xalqımızın keçmişini, milli-mədəni dəyərlərini və özünəməxsus  regional  xüsusiyyətlərini  yaşadan  mühüm yaddaş məkanlarıdır.

Tarix-diyarşünaslıq muzeyləri hər bir bölgənin tarixini, mədəni irsini və özünəməxsus  simasını qoruyan müqəddəs yaddaş ocaqlarıdır. Bu muzeylərdə saxlanılan qədim əmək alətləri, silahlar, xalçalar, bəzək əşyaları, məişət nümunələri, arxeoloji tapıntılar və digər qiymətli eksponatlar əsrlərin sükutunu pozaraq ulu babalarımızın həyat yolundan, zəhmətindən, yaradıcılığından və dünyagörüşündən xəbər verir.

Muzeyə daxil olan hər bir ziyarətçi burada tarixi əşyalarla yanaşı, həm də öz keçmişinin izlərinə,  milli  kimliyinin  dərin  köklərinə  şahidlik  edir. Dulusçuluq   nümunələrindən  tutmuş  orta  əsr  silahlarına,  incə  naxışlı  xalçalardan  gündəlik  istifadə  olunan  məişət  əşyalarına qədər hər bir eksponat  qədim insanların həyat tərzini, estetik zövqünü  və  mübarizə  ruhunu  əks  etdirən canlı tarix nümunəsidir.

Muzeylər  insanlara  keçmişi  öyrətməklə  yanaşı,  milli  dəyərlərə hörmət, öz mədəni irsinə bağlılıq və qürur hissi aşılayır. Bu  məkanlar  regionlarımızın mədəni simasını formalaşdıran, əsrlərin sükutunu danışdıran yaddaş ocaqlarıdır. Onların hər bir eksponatı  bizə  xatırladır  ki,  zəngin  bir tarixin varisi olmaq böyük qürur olduğu qədər, həmin irsi qorumaq və gələcək nəsillərə çatdırmaq üçün də mühüm mədəniyyət ocaqlarıdır.

Bu gün Azərbaycanda 200-dən artıq müxtəlif profilli muzey fəaliyyət göstərir və onların hər biri xalqımızın zəngin tarixi-mədəni irsinin qorunması, elmi əsaslarla araşdırılması  və  gələcək  nəsillərə  çatdırılması  baxımından  mühüm  əhəmiyyət daşıyır. Görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığını yaşadan ev muzeylərindən  tutmuş  tarix,  ədəbiyyat,  incəsənət,  hərb,  istiqlal,  teatr, xalça və tətbiqi sənət, miniatür kitab muzeylərinə, eləcə də tarix-etnoqrafiya muzey-qoruqlarına qədər müxtəlif istiqamətləri əhatə edən bu mədəniyyət ocaqları Azərbaycanın çoxəsrlik yaddaşını, milli kimliyini və mənəvi dəyərlərini qoruyaraq cəmiyyətə təqdim edən əvəzsiz  irs  məkanlarıdır. 

   Bəs muzeylərə nə üçün müraciət edirik? Onlar yalnız keçmişdən qalan əşyaların saxlanıldığı  məkanlardırmı? Əslində, hər bir muzey elmi araşdırmaların aparıldığı, tarixi  faktların  öyrənildiyi,  mədəni  dəyərlərin təhlil olunduğu və cəmiyyətə çatdırıldığı canlı bilik mərkəzidir. Burada hər bir eksponat sadəcə nümayiş obyekti deyil, müəyyən  bir  dövrün həyat tərzini, düşüncə sistemini və insan əməyini öyrənməyə  imkan verən qiymətli tarixi mənbədir.

Hər bir muzey xalqın keçmişindən xəbər verən, onun mədəni düşüncəsini, həyat fəlsəfəsini və  dünyagörüşünü əks etdirən canlı yaddaş xəzinəsidir. Muzeylərə ziyarət yalnız baxış keçirmək deyil, araşdırmaq, öyrənmək və dərk etmək prosesidir. Çünki tarixə toxunmaq, onu anlamaq və gələcəyə ötürmək üçün ilk növbədə onu tanımaq lazımdır.

Azərbaycanın muzey xəzinəsində xüsusi yer tutan sahələrdən biri də görkəmli şəxsiyyətlərin ev muzeyləridir. Bu muzeylər xalqımızın elm, ədəbiyyat, incəsənət, musiqi  və  ictimai  fikir  tarixində  mühüm iz qoymuş şəxsiyyətlərin həyat və yaradıcılıq  yolunu  yaşadır.  Burada ziyarətçilər yalnız böyük insanların xatirəsi ilə tanış olmur, həm də onların formalaşdığı mühit, yaradıcılıq dünyası, idealları və cəmiyyət qarşısındakı xidmətləri haqqında daha dolğun məlumat əldə edirlər.

Görkəmli şairlərin, alimlərin, bəstəkarların və digər görkəmli şəxsiyyətlərin ev muzeylərində qorunan şəxsi əşyalar, əlyazmalar, sənədlər, fotoşəkillər və digər eksponatlar  həmin  insanların  mənəvi  dünyasını  və  yaşadıqları dövrün ictimai-mədəni  mənzərəsini  əks  etdirən  mühüm  elmi  mənbələrdir. Bu  məkanlar yalnız xatirə  ünvanı  deyil,  həm  də  gənc nəslin elmə, yaradıcılığa və milli dəyərlərə marağını artıran maarif ocaqlarıdır.

Ev muzeyləri keçmişlə bu gün arasında mənəvi əlaqə yaradır, insanlara göstərir ki, böyük şəxsiyyətlərin irsi yalnız onların yaşadığı dövrlə məhdudlaşmır. Onların düşüncələri, əsərləri və xidmətləri bu gün də cəmiyyətin inkişafına təsir göstərən qiymətli mənəvi sərvətdir.

Milli dövlətçilik və hərbi tarix profilli muzeylər isə xalqımızın dövlətçilik düşüncəsini, azadlıq mübarizəsini və milli iradəsini yaşadan mühüm elmi-mədəni mərkəzlərdir. Bu muzeylərdə qorunan sənədlər, hərbi geyimlər, silahlar, bayraqlar, orden  və  medallar, şəxsi  əşyalar  və digər eksponatlar vasitəsilə ziyarətçilər tariximizin müxtəlif  mərhələlərini  daha dərindən öyrənirlər.

Bu muzeylər bizə hansı yolu keçdiyimizi, dövlətimizin və müstəqilliyimizin hansı dəyərlər üzərində qurulduğunu anlamağa kömək edir. Burada insan tarixə sadəcə tamaşaçı kimi deyil, öz milli yaddaşının bir hissəsi kimi yanaşır. Keçmiş nəsillərin mübarizəsini və fədakarlığını öyrənmək isə vətənə bağlılıq, məsuliyyət və milli şüur hissini gücləndirir.

İncəsənət və dekorativ-tətbiqi sənət muzeyləri xalqımızın estetik düşüncəsini, yaradıcılıq imkanlarını və sənətkarlıq ənənələrini yaşadan mühüm mədəniyyət məkanlarıdır. Rəngkarlıq, heykəltəraşlıq, qrafika, xalçaçılıq, keramika, zərgərlik və digər sənət nümunələri vasitəsilə xalqın dünyagörüşü, həyat tərzi və mənəvi dəyərləri öyrənilir.

Sənət əsərləri yalnız gözəllik nümunəsi deyil. Onlar xalqın tarixini, yaddaşını və kimliyini ifadə edən mühüm məlumat daşıyıcılarıdır. Bir xalçadakı naxış, bir sənət əsərindəki obraz və ya bir tətbiqi sənət nümunəsindəki ornament əsrlər boyu formalaşmış düşüncə və yaradıcılıq ənənələrindən xəbər verir.

Arxeologiya və etnoqrafiya profilli muzeylər isə xalqımızın ən qədim tarixini öyrənmək  üçün  mühüm  elmi  mənbələrdir. Burada  qorunan  arxeoloji  tapıntılar, qədim əmək alətləri, məişət nümunələri, bəzək əşyaları və etnoqrafik materiallar insanların minilliklər ərzində yaratdığı mədəni irsi əks etdirir.

Bu muzeylər bizə göstərir ki, tarix yalnız yazılı mənbələrdə deyil, həm də torpaq altında  qorunan  maddi sübutlarda, xalqın gündəlik həyatında və nəsildən-nəslə ötürülən  ənənələrdə  yaşayır. Arxeologiya və etnoqrafiya muzeyləri insanın öz köklərini daha dərindən  dərk etməsinə, milli kimliyini anlamasına və irsinə məsuliyyətlə  yanaşmasına  imkan yaradır.

Miniatür  kitab  muzeyləri  və  digər  ixtisaslaşmış  muzeylər isə mədəni irsin müxtəlif  sahələrini təqdim edən xüsusi əhəmiyyətli yaddaş məkanlarıdır. Bu muzeylərdə qorunan nadir kitablar, əlyazmalar, sənət nümunələri və xüsusi kolleksiyalar  insanlara mədəniyyətin müxtəlif  formalarını tanımaq imkanı verir.

Bu  məkanlar  sübut  edir  ki, bəzən kiçik ölçülü bir eksponat belə böyük tarixi və elmi  əhəmiyyət  daşıya  bilər. Kitab, sənət və yaradıcılıq nümunələri insan düşüncəsinin  inkişaf yolunu göstərir, araşdırma marağını artırır və mədəni irsin nə qədər zəngin olduğunu nümayiş etdirir.

Bəs “İrs Dostu” olmaq nə deməkdir? İrs Dostu olmaq yalnız muzeylərə və tarixi məkanlara baş çəkmək deyil. Bu, öz tarixini öyrənmək, mədəni sərvətlərinə hörmətlə yanaşmaq, onları  qorumaq  və  gələcək nəsillərə çatdırmaq məsuliyyətini dərk etməkdir. Hər  bir insan milli irsin qorunmasında öz rolunu anlamalı və bu böyük yaddaş xəzinəsinin yaşadılmasına töhfə verməlidir.

Muzeylərə  yalnız  turist  kimi  deyil, öyrənən, araşdıran  və  sahib  çıxan bir insan kimi  daxil  olaq. Çünki  muzeylər  sadəcə ziyarət edilən məkanlar deyil, elmin, yaddaşın və mənəvi dəyərlərin yaşadığı məktəblərdir. Onların hər biri keçmişimizi öyrənmək, bu  günümüzü  anlamaq  və  gələcəyimizi  daha  inamla qurmaq üçün bizə yol göstərir.

Gəlin, muzeylərə  yalnız  baxmaq  üçün deyil, öyrənmək və dərk etmək üçün toplaşaq. Gəlin, tariximizi  sevək, irsimizi  qoruyaq  və  gələcək  nəsillərə  daha zəngin bir mədəni miras  ötürək. Çünki tarixini sevən və qoruyan xalq öz kimliyini qoruyur.

Muzeylərin qapıları yalnız keçmişə açılan qapılar deyil, gələcəyə aparan yollardır. Tariximiz  bizim yaddaşımız, irsimiz isə gələcəyimizdir. Öz tarixini bilən xalq öz yolunu daha aydın görür və  gələcək  qarşısında daha məsuliyyətli addımlar atır.

Bu  gün  hər  birimizin  üzərinə  düşən  vəzifə  abidələrimizi  qorumaq, mədəni irsimizi  tanıtmaq  və  onu  gələcək  nəsillərə  sevgi ilə ötürməkdir. Bir “İrs Dostu” olaraq  hər  birimiz bu tarixi xəzinənin könüllü qoruyucusuyuq. Tarixi yaşadan, abidələri sevdirən və milli irsi gələcəyə daşıyan məhz insanların ona olan sevgisi və sahib çıxmaq iradəsidir.

Sonda hər birimiz özümüzə bir sual verək: tariximizin hansı səhifəsini gələcək nəsillərə  ötürəcəyik?

Cavab verdiyimiz bu sual bizim irsimizə münasibətimizi, milli yaddaşımıza bağlılığımızı və gələcək qarşısındakı məsuliyyətimizi müəyyən edəcək. Tariximizə sahib çıxaq, irsimizi qoruyaq və gələcəyə silinməz bir iz qoyaq!

 

 Samir  Zülfiyev

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi  yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Qəbələ Regional İdarəsinin İsmayıllı rayonu üzrə baş mütəxəssisi.

6 Avqust 2026, 22:02 - 230

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar