Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tarix boyu xalqları bir-birinə yaxınlaşdıran ən möhkəm körpülər ortaq dil, mədəniyyət və mənəvi dəyərlər olub. Eyni soykökə, zəngin tarixi irsə və oxşar milli-mənəvi ənənələrə malik türk xalqları bu gün həmin bağları yalnız keçmişin yadigarı kimi deyil, gələcəyin inkişaf modeli kimi də qiymətləndirirlər. Məhz bu baxımdan Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər təkcə dövlətlərarası əməkdaşlıq nümunəsi deyil, bütövlükdə Türk dünyasının birliyinin və həmrəyliyinin real təzahürüdür. Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstan Respublikasına dövlət səfəri bu qardaşlığın yeni məzmun və keyfiyyət qazandığını bir daha nümayiş etdirdi. Səfər çərçivəsində keçirilən görüşlər, imzalanan sənədlər və dövlət başçılarının mətbuata bəyanatları göstərdi ki, iki ölkə arasında siyasi münasibətlərlə yanaşı, humanitar, mədəni və mənəvi əlaqələr də ardıcıl şəkildə möhkəmlənir. Azərbaycan ilə Qırğızıstan arasında münasibətlərin fərqləndirici cəhəti ondan ibarətdir ki, bu əməkdaşlıq yalnız siyasi və iqtisadi maraqlara əsaslanmır. Xalqlarımızı birləşdirən ortaq tarix, türk kimliyi, mədəni irs və qarşılıqlı hörmət dövlətlərarası münasibətlərə xüsusi məzmun verir. Məhz buna görə də son illərdə həyata keçirilən humanitar layihələr iki ölkənin yaxınlaşmasında mühüm rol oynayır.
Prezident İlham Əliyevin bəyanatında Qarabağın bərpasına göstərilən dəstəyə görə Qırğızıstana təşəkkürünü ifadə etməsi bu dostluğun səmimiliyini nümayiş etdirən mühüm məqamlardan biri oldu. Dövlət başçısı xatırlatdı ki, Prezident Sadır Japarovla birlikdə Ağdam rayonunda "Manas" adını daşıyan məktəbin açılışında iştirak ediblər. İşğaldan azad edilmiş ərazilərdə inşa olunan bu təhsil müəssisəsi sadəcə məktəb deyil, Türk dünyasının həmrəyliyini və qardaş xalqların Azərbaycanın bərpa prosesinə verdiyi dəstəyi əks etdirən rəmzi layihədir. "Manas" adı qırğız xalqının milli yaddaşını, qəhrəmanlıq salnaməsini və zəngin mənəvi irsini ifadə edir. Bu adın Qarabağda yeni məktəbə verilməsi gələcək nəsillərə ortaq tariximizi və qardaşlıq münasibətlərimizi aşılayan mühüm mesajdır. Bu layihə göstərir ki, Azərbaycan ilə Qırğızıstan arasında münasibətlər yalnız bugünkü maraqlara deyil, gələcək nəsillərin ortaq dəyərlər ruhunda yetişməsinə də xidmət edir. Humanitar əməkdaşlığın digər mühüm istiqamətlərindən biri də görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun irsinin Azərbaycanda yüksək qiymətləndirilməsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Bakıda Çingiz Aytmatovun abidəsinin və adını daşıyan parkın açılması xalqlarımızın mədəni yaxınlığının növbəti nümunəsidir. Bu təşəbbüs böyük yazıçının yaradıcılığına ehtiramın ifadəsi olmaqla yanaşı, Azərbaycan cəmiyyətinin qırğız xalqının mədəni irsinə verdiyi dəyərin göstəricisidir. Eyni zamanda, Prezident İlham Əliyev bir neçə il əvvəl Bişkekdə açılmış Qırğızıstan-Azərbaycan Dostluq Parkını da xatırladaraq onun iki xalq arasında dostluğun simvoluna çevrildiyini vurğuladı. Həm Bakıda, həm də Bişkekdə yaradılan bu mədəni məkanlar dövlətlərarası münasibətlərin yalnız rəsmi sənədlərlə deyil, insanların qəlbində formalaşan qarşılıqlı rəğbətlə möhkəmləndiyini nümayiş etdirir.
Son illərdə qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, elm, təhsil, incəsənət və turizm sahələrində əməkdaşlığın genişlənməsi də münasibətlərin humanitar əsaslarını daha da gücləndirib. Belə layihələr xalqların bir-birini daha yaxından tanımasına, ortaq tarixi irsin qorunmasına və yeni əməkdaşlıq istiqamətlərinin formalaşmasına mühüm töhfə verir. Qırğızıstanın Azərbaycanın Qarabağda həyata keçirdiyi bərpa və quruculuq işlərinə verdiyi dəstək iki ölkə arasında etimadın yüksək səviyyəsini göstərir. Bu münasibətlər qarşılıqlı hörmət və etibara əsaslandığı üçün davamlı xarakter daşıyır. Dövlət başçılarının təşəbbüsləri nəticəsində həyata keçirilən humanitar layihələr isə bu dostluğun gələcək nəsillər üçün də möhkəm təməl üzərində inkişaf edəcəyini göstərir.
Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri bir daha təsdiqlədi ki, Türk dünyasının gücü yalnız ortaq tarixdə deyil, bu gün birlikdə həyata keçirilən layihələrdə, qarşılıqlı dəstəkdə və gələcəyə hesablanmış təşəbbüslərdədir. Azərbaycan ilə Qırğızıstan arasında möhkəmlənən qardaşlıq münasibətləri türk dövlətlərinin inteqrasiyasına yeni töhfələr verməklə yanaşı, regionda sülhün, əməkdaşlığın və qarşılıqlı etimadın daha da güclənməsinə xidmət edir.
Hüseynova Samirə Adəm qızı
1 Avqust 2026, 21:14 - 185
Paylaş: