Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Azərbaycan Milli QHT Forumu 1 illik hesabat açıqlayıb. Hesabatda təşkilatın gördüyü işlərlə bağlı maraqlı məlumatlar yer alıb. Azərbaycan Milli QHT Forumunun prezidenti Ramil İskəndərli ilə müsahibəmizdə biz də bəzi detallara toxunduq.
- AMQF-nin son bir ildəki fəaliyyətini necə qiymətləndirirsiniz? Ən vacib uğurlar hansılardır?
- Azərbaycan Milli QHT Forumu son bir il ərzində həm yerli, həm də beynəlxalq miqyasda çoxşaxəli və aktiv fəaliyyət göstərib. Ən mühüm uğurlarımızdan biri QHT-lərin ixtisaslaşmış koalisiyalarının, həmfikir qruplarının qurulmasında və onların fəaliyyətinin təşkilatı baxımından dəstəklənməsi, QHT-lərin onların beynəlxalq platformalara çıxış imkanlarının artırılması və COP29-la əlaqədar QHT Koalisiyasının yaradılması olubr. Forum, eləcə də, “Qlobal Cənub QHT Platforması”nı təsis etməklə beynəlxalq və regional əməkdaşlığa yeni impuls verib. Həmçinin, ölkə daxilində QHT-lərin ictimai iştirakçılıq təşəbbüslərinin gücləndirilməsi məqsədilə də əsas nailiyyətlərdəndir. Bir sıra İctimai Şuralarla görüşlər keçirilmiş və birgə əməkdaşlıq tədbirləri həyata keçirilib.
- Son bir ildə ölkə daxilində QHT-lərin vəziyyətində nə kimi dəyişikliklər müşahidə etmisiniz?
- Son bir ildə QHT-lərin fəaliyyətində bir sıra yeni, innovativ, spesifik ixtisaslaşmış sahələr üzrə layihələrin, təşəbbüslərin həyata keçirilməsi müşahidə olunub. Dövlət qurumları ilə əməkdaşlıq imkanları artıb, Milli Məclisdə və İcra qurumlarında ictimai dinləmələr və ictimai müzakirələrin sayı xeyli artıb. QHT-lər ümumilikdə daha çox koalisiya quruculuğu, regional əməkdaşlığa və innovativ təşəbbüslərə yönəlməyə başlayıb. Biz həmçinin daha gənc və dinamik təşkilatların meydana çıxmasının şahidi oluruq.
- AMQF dövlət strukturları ilə QHT-lər arasında körpü rolu oynayır. Bu istiqamətdə konkret hansı təşəbbüslər irəli sürülüb?
- Forum bu istiqamətdə bir neçə mühüm təşəbbüslə çıxış edib. Dövlət orqanlarının iştirakı ilə QHT-lərlə mütəmadi məsləhətləşmələr təşkil olunub, ictimai şuraların işinin təkmilləşdirilməsi üçün təkliflər verilib. Bir neçə dövlət qurumunda QHT nümayəndələrinin iştirakı ilə ictimai dinləmələrdə iştirakçılığımız artıb.
- Forumun beynəlxalq əməkdaşlıq istiqamətində hansı addımları atılıb və hansı tərəfdaşlarla işləyirsiniz?
- AMQF son dövrdə beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi önəm verib. COP29 QHT Koalisiyasının yaradılması ilə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına tərəfdaş olan QHT-lərlə sıx əməkdaşlıq qurulub. Bununla yanaşı, Qlobal Cənub QHT Platformu vasitəsilə Latın Amerikası, Afrika və Asiya ölkələrindən olan QHT-lərlə strateji tərəfdaşlıqlar qurulub. Bizim beynəlxalq təşəbbüslərimiz, yaratdığımız beynəlxalq koalisiyalar artıq BMT və digər beynəlxalq strukturlar tərəfindən tanınır.
- Gənc QHT-lərə və yeni təşəbbüslərə dəstək baxımından hansı proqramlar həyata keçirilir?
- Gənc QHT-lərin dəstəklənməsi AMQF-nin prioritet istiqamətlərindəndir. Yeni yaranan QHT-lərə ilkin yönləndirici məsləhətlər təqdim olunur.
- Regionlarda fəaliyyət göstərən QHT-lərlə iş hansı səviyyədədir və onların aktivliyini artırmaq üçün hansı tədbirlər görülür?
- Region QHT-ləri ilə əlaqələrin gücləndirilməsi üçün regionalra səfərləri artırmaq istəyirik. Zəngilan, Siyəzən, Quba və digər bölgələrdə müəyyən tədbirlər, fəaliyyətlər olub, amma hesab edirəm ki bu istimaqəti biz gücləndirməliyik. Yerli problemlərin mərkəzə çatdırılması və regional QHT-lərin səslərinin eşidilməsi üçün fəaliyyətimiz güclənməlidir.
- AMQF ictimai nəzarət və şəffaflıq mövzusunda hansı təşəbbüslərlə çıxış edir?
- Forumun İdarə Heyətinin sədri və üzvü Zaur İbrahimov, həmçinin bir neçə QHT sədrləri Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının “Korrupsiyaya qarşı mübarizə üzrə dövlət proqramlarının monitorinqi üzrə” işçi qrupuna cəlb edilmiş qeyri-hökumət təşkilatlarının nümayəndələri və müstəqil ekspertlərin iştirakı ilə onlayn formatda iclaslarda iştirak edir və öz təkliflərini verirlər. Həmçinin QHT-lərin müxtəlif sahələrdə monitorinq hesabatları hazırlanıb və aidiyyəti qurumlara təqdim olunub. AMQF özü də hesabatlılıq nümunəsi olaraq illik fəaliyyət hesabatını ictimaiyyətə açıq şəkildə təqdim edir.
- Sizin sədrliyiniz dövründə AMQF-nin daxili strukturunda və idarəetməsində nə kimi islahatlar aparılıb?
- Sədrliyim dövründə idarəetmənin çevik və hesabatlı olması üçün daxili struktur islahatları həyata keçirilib. Forumun Katibliyinin funksiyaları yenidən müəyyənləşdirilib, tematik sahələr üzrə QHT qrup və koalisiyaları üzrə horizontal əməkdaşlıq mexanizmləri işləyir, daxili strukturda isə İdarə Heyəti vasitəsilə çevik qərarların kollektiv şəkildə qəbul edilməsi təmin olunub. Yaxın gələcəkdə isə üzvlərlə əlaqələrin rəqəmsallaşdırılması və üzvlük bazasının yeni informasiya sistemləri tətbiq olunması nəzərdə tutulur.
- QHT-lərin maliyyələşməsi və dayanıqlılığı sahəsində hansı əsas çətinliklər var və AMQF bu problemlərin həllinə necə töhfə verir?
- QHT-lərin maliyyələşməsi sahəsində əsas problemlərdən biri qlobal donor fondlarının kəsilməsi tendensiyasına uyğun olaraq, donorların məhdudluğu əsas problemlərdən birdir. Digər ölkələrlə müqayisədə bu maliyyə imkanları baxımından Azərbaycan QHT-ləri üçün daha yaxşı əlçatanlıq var. Belə ki, bizdə milli donor institutunun formalaşması, donor məhdudluğu problemini böyük dərəcədə həll edir.
- Növbəti il üçün AMQF-nin əsas prioritetləri nələr olacaq? Gələcək fəaliyyət planınızı necə görürsünüz?
- Növbəti il üçün əsas prioritetlərimizdən biri QHT sektorunun hüquqi mühitinin inkişafı, ictimai iştirakçılığın peşəkarlaşması tendensiyasının gücləndirilmıəsi, və beynəlxalq təmsilçiliyin daha da artmasıdır. COP29 sonrası mühitdə iqlim ədaləti və dayanıqlı inkişaf sahəsində QHT-lərin rolunun daha da genişləndirilməsi də gündəmdə olacaq. Eyni zamanda, Qlobal Cənub QHT Platforması çərçivəsində beynəlxalq həmrəyliyin və cənub-cənub əməkdaşlığının inkişafına xüsusi diqqət yetiriləcəkdir.