Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Danışan yaddaş
Birinci Qarabağ savaşı… Alov içində yanan kəndlər, nigaran qalan analar, səngərlərdə gəncliyin ömrü… Bu odun, bu dərdin içindən xalqımıza reallıqları, dəqiq xəbərləri çatdıran insanlar – jurnalistlər də vardı. Onlardan biri də AzTV-nin Qarabağ üzrə xüsusi müxbiri Allahverdi Əsədov idi. O, xəbərləri çatdırmaqla kifayətlənmirdi – o, xalqın ürəyindəki sızıltını, döyüşçünün gözündəki ümid işığını bütün Azərbaycana duyururdu.
Görüş – zamanın nəfəsi
Allahverdi müəllimlə görüşüm mənim üçün sadə bir tanışlıq deyildi. Mən sanki o an tarixlə üz-üzə gəldim. Planım müsahibə almaq idi, amma alınmadı. O danışmağa başlayanda sözləri müsahibəni üstələdi, mən sadəcə dinlədim. Hər cümləsi bir xatirə, hər sözü bir dərs idi.
“Onun danışığında mən illərin tozunu yox, yaddaşın təmizliyini gördüm. Sözləri məni Qarabağın o qara günlərinə aparırdı – küçələri yanmış, viran qoyulmuş, insanları öldürülmüş, amma ümidini itirməmiş Qarabağa”. O vaxtı uşaq olsam da, AzTV-dən onun səsinin gələcəyi reportajları həsrətlə gözləyirdik.
Sadə simada böyük ruh
Onun siması sadə idi, səsi sakit idi, amma içində bir ruh, bir mübarizlik yaşayırdı. Mən onda jurnalistdən daha çox bir vətəndaşı gördüm – Qarabağın dərdini öz dərdi bilən, şəhidlərin xatirəsini qəlbində daşıyan bir insan.
“Görəsən, bu qədər hadisəni yaşayıb da insan necə bu qədər təmkinli qala bilər? Amma arada içindəki yanğını “ehh, ehhh” deyib fikrini yekunlaşdırırdı. Çox maraqlıdır ki, buir insan necə həm ağrını, həm də ümidini eyni anda daşıya bilər?”
Onun hazırladığı hər veriliş sanki bir xalqın kitabına yazılmış səhifə idi. O səhifələrdə həm göz yaşının izi, həm də qürurun səsi vardı.
Sözün gülləsi
Allahverdi Əsədovun gördüyü iş sadəcə jurnalistlik deyildi. Bu, həm də bir vəzifə, bir borc idi. Müharibədə yalnız güllə yox, söz də döyüşürdü. O, sözün gücü ilə həm xalqına ümid verdi, həm də Qarabağın həqiqətlərini gələcəyə daşıdı.
Mənim baxışım – canlı xatirə
Onunla görüşdən sonra içimdə tək bir fikir qaldı:
“Allahverdi Əsədov təkcə müxbir deyil. O, Qarabağın canlı yaddaşıdır. Onun səsi verilişlərdə itmir – tariximizin, millətimizin yaddaşında əbədi yaşayır.”
Onunla nə vaxtsa müsahibə edəcəm. Ən azı mənəvi hazır olanda…
Emin Tarverdiyev
"Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri
Paylaş: