"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Əbədi sülhün yol xəritəsi


Azərbaycan Prezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və Ermənistan Baş naziri Nikol Paşinyanın Vaşinqton görüşü və nəticələr böyük əhəmiyyətə malikdir və tarixi nailiyyətdir. Azərbaycan Respublikasının Prezidentinin və Ermənistan Respublikasının Baş nazirinin Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərində keçirilmiş görüşünə dair Birgə Bəyannamənin imzalanması ilk növbədə Azərbaycan dövlətinin siyasi, diplomatik qələbəsidir. Bu görüşün ümumilikdə böyük faydaları zaman keçdikcə daha çox hiss olunacaq. Əvvəla belə bir əhəmiyyətli sənədin ABŞ-da imzalanması və Prezident Trampın bilavasitə iştirakı ABŞ - Azərbaycan münasibətlərinin yüksək səviyyədə olduğunun təsdiqidir. Həmçinin hər iki dövlətin tərəfdaşlığı, iqtisadi, ticari və digər sahələrdə əlaqələrinin daha da inkişaf edəcəyinin sübutudur. ABŞ-nin Ermənistan və Azərbaycan arasında sülhə dəstək verməsi, bu prosesdə iştirakı və regionda ümumi sabitliyin nəzarətə götürülməsi deməkdir. Zəngəzur yolu ilə bağlı da nailiyyətin əldə olunması, habelə ABŞ-nin burada qatqısı kənar təhdidləri neytrallaşdıracaq. Ermənistan və Azərbaycan arasında 30 illik savaş, gərginlik, problemlər bu görüşün, imzalanmış Bəyannamənin timsalında tam həllini tapdı demək olar. Ehtimal olunan yeni münaqişə, yeni müharibəyə qapılar bağlandı və ABŞ kimi böyük və qüdrətli dövlətin iştirakı, xeyir - duası ilə əbədi sülhün təməli qoyuldu.
Azərbaycanın bu görüşdə növbəti qələbəsi və nailiyyəti 907-ci düzəlişin ləğvinə nail olunmasıdır. Bu, Azərbaycana ABŞ-nin birbaşa yardımını qadağan edirdi. Ermənistan ilə sülhə nail olunması, üstəlik 907-ci düzəlişin ləğv edilməsi, habelə Zəngəzur dəhlizi məsələsinin həllini tapması Prezident İlham Əliyevin, Azərbaycan dövlətinin misli görünməmiş tarixi nailiyyətlərindəndir. Bu əlamətdar hadisələr Azərbaycanın təhlükəsizliyini, yüksək tempdə inkişafını, əbədi sülh şəraitində olmasını qarantiya altına alır. Təkcə Azərbaycan və Ermənistan üçün yox, bütün bölgə üçün, ümumiyyətlə Qafqaz üçün önəmli və vacib mərhələyə qədəm qoyulur. Bu prosesə mane olmaq istəyən gücləri dəf edib, qaranlıqları yarıb, sədləri aşıb dövlətimizi dünya miqyasında belə bir məqama qaldıran siyasətin bünövrəsi ümumilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdu, cənab Prezident İlham Əliyev tərəfindən də davam etdirilərək sona çatdırıldı.
Ölkəmiz üçün yeni və böyük imkanlar indən belə açılacaq, üfüqlər genişlənəcək, dövlətin qüdrəti, dünyadakı əhəmiyyəti artacaq.

Tural İrfan
Politoloq

Paylaş: