"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Əflatun – 19 yaşlı qəhrəman


Əflatun Ərzuman oğlu Həsənov 1974-cü il 24 noyabr tarixində İsmayıllı rayonunun Güyüm kəndində  anadan olmuşdur. Orta təhsilini  Diyallı kənd tam orta məktəbdə bitirdikdən sonra, 1992-ci ildə İsmayıllı rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmışdır. Əsgərlik dövründə Əflatun 9 ay ərzində Ağdam rayonunun Şelli kəndində xidmət etmişdir. Bu müddət ərzində o, Vətən müharibəsi dövründə döyüş bölgələrindəki vəzifələrini şərəflə yerinə yetirmişdir. Ömründə doğulduğu kənddən kənara heç çıxmamış gənc, Qarabağ torpağını da özünə qürbət saymırdı. Hərbi xidmətə başladığı andan etibarən, qələbə üçün mübarizə aparacağına, döyüşdən sonra doğma kəndinə qayıdacağına olan inamı sarsılmaz idi.  Əsgərliyinin birinci günündən etibarən, Əflatun Həsənovun cəsarəti və döyüş bacarığı tezliklə diqqət çəkdi. Şelli kəndində xidmət etdiyi dövrdə, döyüşlərin getdiyi bölgələrdə müxtəlif tapşırıqları icra edərək, müharibənin çətin şəraitində əzmlə mübarizə aparırdı. Onun döyüşlərdəki fədakarlığı, komandirlərinin və döyüş yoldaşlarının böyük rəğbətini qazanmışdır.
Əflatun Həsənov 1993-cü ilin  iyul ayında Ağdam uğrunda gedən şiddətli döyüşlərdə iştirak etmişdir. Erməni qüvvələri bu istiqamətdə genişmiqyaslı hücuma keçərək, texnika və canlı qüvvə ilə ciddi təzyiq göstərdilər. Əflatun öz zirehli piyada döyüş maşını ilə düşmənə qarşı sərrast atəşlə mübarizə aparırdı. Döyüşün ən çətin anlarında həmişə ön mövqedə olub, düşmənin irəliləməsinə maneə törədərək, həm öz döyüş yoldaşlarını, həm də əraziyə olan təhlükəni azaltmağa çalışmışdı. Belə gərgin döyüşlərin birində 19 iyul 1993-cü il tarixində Əflatun ağır yaralanmışdır. O, “baş beynin sol hissəsinin zədələnməsi və kəllənin sol alın hissəsindən dəlib-keçən odlu silahın qəlpə yarası” diaqnozu ilə, Ağdam bölgəsinin Qaradağlı kəndində yerləşən 1-ci hərbi səhra cərrahiyə hospitalına çatdırılmışdır. Əflatuna ilk  yardım edən tibb bacısı Məleykə Səma (Əhmədova) olmuşdur. Onu qeyd edək ki, Məleykə Səma birinci dərəcəli tibb  kapitanı rütbəsinə yüksəlmiş və "Azərbaycan bayrağı" ordeni ilə təltif olunmuşdur. Onun səmərəli fəaliyyəti və cəsarəti, müharibə dövründə müalicə edilən onlarla əsgərin həyatını xilas etməkdə əvəzsiz rol oynamışdır. Əflatunun vəziyyəti, müvafiq tibbi müdaxilələrə baxmayaraq, günü-gündən ağırlaşmış və o, Bakıda yerləşən Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalına aparılmışdır.  Həkimlərin yorulmaz səylərinə baxmayaraq, onun ağır vəziyyəti və başına aldığı güllə yarası həyati təhlükə yaradırdı. Nəticədə,  əsgərin həyatını xilas etmək mümkün olmadı. Beləliklə  Əflatun Həsənov 22 iyul 1993-cü ildə vəfat edərək şəhidlik zirvəsinə ucaldı. On doqquz yaşlı Əflatunun ölüm xəbəri anası üçün ağır bir dərd oldu. Vətən uğrunda şəhid verdiyi  oğulu üçün yas saxlayan ananın qara saçları bir gecədə bəyazladı. Onun əziz xatirəsi xalqın qəlbində dərin bir iz qoymuşdur. 
Bu gün, onun adını daşıyan qardaşı oğlu Həsənzadə Əflatun Xatir oğlu da əmisinin fədakarlıq və vətənpərvərlik yolunu davam etdirir. Əflatun Sərhəd Qoşunlarında xidmət edir, əmisinin şərəfli adını layiqincə daşıyaraq, vətənin müdafiəsi üçün böyük əzmlə çalışır. Şəhidlik zirvəsinə yüksələn Əflatun Həsənov təkcə ailəsi deyil, bütün Azərbaycan xalqı tərəfindən böyük hörmət və ehtiramla yad edilir. Hazırda onun məzarı Diyallı kənd qəbiristanlığında yerləşir.
Əzizim Qarabağda, 
Döyüş var Qarabağda.
Əflatun şəhid oldu, 
Döyüşən Qarabağda .
“Allah rəhmət eləsin, yatdığın vətən torpağı nurla dolsun, yağı düşmən əlinə keçməsin qardaş! Sən  vətənin ən dəyərli, ən namuslu igid əskərlərindən idin. Bizim qəlbimizdə daima yaşayacaqsan. Qanlı fələk səni ... əlindən çox erkən alsa da biz döyüşçülərin qəlbindən heç zaman ala bilməyəcəkdir.
Sən bizim hospitaldan getdin döyüşə , yaralandın və şəhid oldun.”
Qarabağ Ağdam bölgəsi Qaradağlı kəndi 1 –ci hərbi səhra cərrahiyə hospitalı 
Əhmədova Məleykə 10.07.93
Şəmistan Əlizamanlı Əflatun yaralanarkən onun çarpayısınin başında çox kədərli halda durub demişdir: Heyif sənə, Azərbaycan xalq nən igid övladı . Allah şəfanı versin, sağal sən vətənə çox lazımsan.

Günay Rzaeva

Faiq Nəsibov

 

Paylaş: