"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Naxçıvanda Vaqif Rəcəbov anıldı


Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Ordusunun həyata keçirdiyi antiterror əməliyyatlarında vətənin müdafiəsində qəhrəmancasına şəhid olmuş Rəcəbov Vaqif Yaqub oğlunun ildönümü geniş tədbirlə qeyd edilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Naxçıvan Şəhər Polis İdarəsi, Əlahiddə Ümumqoşun Ordunun, Daxili Qoşunların və Sərhəd Qoşunlarının əməkdaş və zabitləri, Ali Məclisin deputatları, Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimləri, həmçinin şəhər məktəblərinin kollektivləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək başçı Cabbar Musayevin şəhid ailələrinə olan dərin hörmətini çatdırıb və şəhidlərin xatirəsinin daim qəlblərdə uca tutulacağını qeyd edib. O, Rəcəbov Vaqif Yaqub oğlunun 2009-cu ildən Daxili Qoşunlarda xidmətə başladığını, nümunəvi xidmətinə görə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla təltif edildiyini, 2023-cü il sentyabrın 20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror əməliyyatları zamanı Ağdərə rayonunun Vəngili kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olduğunu xatırladıb.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İmran Əliyev, şəhid Vəli Quliyevin anası Həqiqət Quliyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və qazi Seymur Məmmədov çıxış ediblər.

Tədbir sonunda şəhid Vaqif Rəcəbovun adına yazılmış şeir kitabı anası Məryəm Rəcəbovaya təqdim edilib. Şagirdlər tərəfindən şəhidlərə həsr olunmuş şeirlər qiraət edilib, şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.

 

22 Sentyabr 2025, 19:42 - 76

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar