Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Naxçıvan Muxtar Respublikasında aqrar sahədə ilk qadın kooperativinin yaradılmasına başlanılıb. Yeni təşəbbüs Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü ilə reallaşdırılır və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi ilə Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə həyata keçirilir.
Kooperativ, aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirərək, onların həm istehsal, həm də satış mexanizmlərini birlikdə qurmasına imkan yaradacaq. Təşəbbüs, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial güclənməsinə yönəlmişdir.
İlkin mərhələdə kooperativ süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək, qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində keçirilən “Kooperativ quruculuğu” mövzusunda hibrid formatlı seminarda Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli, eləcə də Azərbaycanda və Türkiyədə uğurlu təcrübəyə malik kooperativ rəhbərləri iştirak ediblər.
Seminar çərçivəsində kooperativlərin yaradılması və idarə olunması, marketinq və satış strategiyaları ilə bağlı təqdimatlar keçirilib və iştirakçılar arasında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, indiyədək Azərbaycanda müxtəlif bölgələrdə 14 qadın kooperativi fəaliyyət göstərir. Bu kooperativlər aqrar sektorun müxtəlif sahələrini əhatə edir və qadınların iqtisadi rolunun gücləndirilməsində mühüm yer tutur.



22 Sentyabr 2025, 20:23 - 78
Paylaş: