Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakultura Mərkəzinin təşkilatçılığı ilə 2025-ci il 13–23 oktyabr tarixlərində Xəzər dənizində və daxili su hövzələrində balıq ehtiyatlarının elmi əsaslarla öyrənilməsi və qiymətləndirilməsi məqsədilə keçirilən ekspedisiya uğurla yekunlaşıb. Bu barədə qurumdan məlumat verilib. Ekspedisiya Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutu, Heyvandarlıq və Balıqçılıq Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, eləcə də Türkiyə Respublikasından dəvət olunan mütəxəssislərin iştirakı ilə həyata keçirilib. Tədqiqat çərçivəsində Xəzər dənizinin müxtəlif bölgələrindən və daxili su hövzələrindən balıq və digər su bioresurslarına dair nümunələr toplanıb, populyasiya, biomüxtəliflik və ekoloji vəziyyət üzrə ilkin elmi müşahidələr aparılıb. Balıqların yem bazasının öyrənilməsi məqsədilə götürülmüş su nümunələrinin laborator təhlili hazırda davam edir. Əldə edilən nəticələr əvvəlki illərin göstəriciləri ilə müqayisə ediləcək və yekun hesabat hazırlanacaq. Hazırlanacaq hesabat əsasında 2026-cı il üçün balıq ov kvotalarının müəyyənləşdirilməsi və su bioresurslarının davamlı idarə olunması istiqamətində təkliflər formalaşdırılacaq. Yekun sənəd Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim ediləcək.
23 Oktyabr 2025, 18:44 - 75
Paylaş: