"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Tahir Tahiroviç: İlber Ortaylının Naxçıvan səfəri – elm və ruhun görüşü


Dünyaca məşhur tarixçi, Türkiyənin böyük düşüncə adamı, professor İlber Ortaylı keçən ay Naxçıvan Muxtar Respublikasına səfər etdi. Bu səfər təkcə bir akademik görüş, bir mühazirə və ya universitet tədbiri deyildi. Bu Naxçıvanın elm, mədəniyyət və maarif tarixində iz buraxacaq hadisə idi.

Hər ölkə, hər şəhər böyük ziyarətçilər görür. Amma hər şəhər bu ziyarətçiləri heyran buraxa bilmir. İlber Ortaylının “Naxçıvanda hər kənddə musiqi məktəbi , Naxçıvan Dövlət Universitetində simfonik orkestr var.  Atatürkün istədiyi cümhuriyyət bu idi” sözləri təkcə bir kompliment deyil, bir düşüncənin nəticəsi idi. Bu, Muxtar Respublikanın  illərlə formalaşmış maarifçilik ənənəsinə verilən yüksək qiymət idi. Professorun bu ifadəsi, əslində, Naxçıvanın nə qədər dərin mədəni əsaslara malik olduğunu göstərir. Bəzən bir şəhərin inkişafını binalar, yollar, sənaye müəssisələri ilə ölçürlər. Amma Naxçıvanın böyüklüyü başqa yerdədir. Bura insana yatırılan sərmayənin vətənidir. Burada elm, musiqi, mədəniyyət bir həyat tərzidir.

Bu səfərin əsas təşəbbüskarı və təşkilatçısı olan Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev son illərdə bu ali təhsil ocağını yeni bir mərhələyə daşıyıb. Universitetin qapıları artıq yalnız tələbələrə deyil, dünyaca tanınmış elm adamlarına, ictimai xadimlərə də açıqdır. Hər belə görüş bir universitet üçün təkcə tədris hadisəsi deyil, həm də ruhi bir hadisə, tələbələrin dünya görüşünə açılan pəncərədir.

Naxçıvan Dövlət Universitetinin tələbələri bu illər ərzində bir çox tanınmış alim və ziyalılarla bir araya gəliblər. Amma İlber Ortaylının gəlişi həm miqyas, həm də mənəvi təsir baxımından fərqli idi. O, tarixi bir ensiklopediyanın canlı versiyasıdır. Hər cümləsində bir əsrin səsi, bir millətin ruhu var. Naxçıvanda söylədiyi fikirlər təkcə auditoriyada deyil, sosial şəbəkələrdə, mediada, insanların yaddaşında uzun müddət qalacaq.

Bəzən bir şəhərin, bir bölgənin intellektual nüfuzunu bir səfər dəyişə bilir. İlber Ortaylının Naxçıvana səfəri də belə idi ,  Naxçıvanın düşüncə xəritəsində yeni bir parıltı. O, buradan heyranlıqla ayrıldı. "Naxçıvan Dövlət Universiteti hər zaman hafizəmdə örnək universitetlər arasında qalacaqdır".
 
Bəlkə də bu heyranlığın səbəbi sadəcə qədim abidələr, təbiət, və ya tarixi binalar deyildi. Əsl səbəb insan idi, bu torpağın ziyalıları, tələbələri, musiqi sevən uşaqları, və ən əsası, mədəniyyətə göstərilən sevgi idi.
Bu hadisə həm də bir mesaj idi: Naxçıvan yalnız coğrafi baxımdan Azərbaycanın qərb qapısı deyil, elm və mədəniyyət baxımından da onun fəxarət qapısıdır.
İlber Ortaylının ayaq basdığı torpaq bu dəfə daha da gur nəfəs aldı, çünki onu anlayacaq, onun dediklərini dəyərləndirəcək bir auditoriya vardı.

Rektor Elbrus İsayevin bu səfəri həyata keçirməklə göstərdiyi təşəbbüs tək bir tədbirin təşkilindən daha çoxdur  və bu, maarifçilik ideyasının davamıdır. Hər belə layihə Naxçıvan tələbəsinin dünya görüşünü bir az da genişləndirir, onu beynəlxalq düşüncə ilə tanış edir.
Bəli, İlber Ortaylı istənilən ölkəyə dəvət edilə bilər, amma hər yer onun qəlbində iz buraxa bilmir. Naxçıvan bunu bacardı. Bu, bir uğurdan da artıqdır bu, mədəniyyətin qalibiyyətidir.

Nəticə etibarilə, bu səfər bir daha göstərdi ki, elm və mədəniyyət sərhəd tanımır. Naxçıvan Muxtar Respublikası öz intellektual enerjisi ilə bu gün təkcə regional deyil, milli səviyyədə də nümunə göstərir.
Və İlber Ortaylının dediyi kimi  “Atatürkün istədiyi Cümhuriyyət bu idi”
Onu qorumaq və yaşatmaq isə bizim borcumuzdur.

Tahir Tahiroviç, kinorejisor

 

 

9 Oktyabr 2025, 22:44 - 108

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar