"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Şəhid xanımı Əfsanə Abbasova: Sevginin sonsuzluğuna gedən yol


2024-cü il iyulun 15-i idi... Günorta vaxtıdı. Telefonuma qızımdan zəng gəldi: "Ana, ata qəza keçirib, tez evə gəl...”

O an ürəyim dayandı. Ayaqlarım yerə dəymirdi. Sanki kilometrlərlə yol qət etdim o qısa məsafədə. Evdə çata bilmirdim, nəfəsim çatmırdı...

Dualar dilimdə, gözlərimdə yaş... Dedilər, “Yaralıdır, gətirirlər.” Mən inandım. Dedim, gələcək, sağalacaq, mən baxacam. Ev doldu insanla — qohumlar, qonşular, səs-küy... Amma mənim qulaqlarım yalnız bir xəbəri gözləyirdi: “Yunis gəlir.”

Axşam saat 8-ə yaxın telefon zəngi gəldi... Qaynatamın səsi titrədi: “Artıq hər şeyi bilirik...” Və o an — bir kəlmə...
“Yunis şəhid olub.”

O söz ürəyimə od kimi düşdü. Qışqırdım — səsim göylərə qalxdı. İnanmadım. Dedim, “Yunis güclüdür, gələcək!”
Amma gəlmədi...

Gecə hər kəs yatdı. Mən isə güzgü qarşısında özümlə danışdım. Dedim: “Əfsanə, sən güclü olmalısan. Sənin üç balan var. Yunis onları sənə əmanət qoyub. Ayağa qalx! Onu layiqincə qarşıla, bir şəhid xanımı kimi başını dik tut!”

Və mən etdim...

Onu gətirdilər. Tabutun yanına keçdim, dedim: “21 il sən məni başının üstündə daşıdın, bu gün mən səni başımın üstündə son mənzilə yola salıram".  Tabutun altına girdim, onunla birlikdə getdim. Əllərimlə torpaq atdım üstünə — O torpaq mənim ürəyim idi.

İndi 15 ay keçir... Amma sanki dünəndir. Hər səhər o yoxluğun içində yaşayıram, amma onun sevgisi ilə ayaqdayam.

Qızlarımız universitetə qəbul olanda ilk ona bu xəbəri çatdırdım: “Bax, arzuların yerinə yetir”. 

Bəzən səhərin o başından oyanıram, onun yanına qaçıram, saatlarla danışıram, ağlayıram, məsləhət alıram...
Sonra göz yaşımı silib evə qayıdıram — uşaqlarımız görməsin deyə.

Mən onu canımdan çox sevirəm. Onun sevgisi ömrümün nəfəsidir.

Allahdan bir diləyim var — Cənnətdə onunla yenidən qovuşmaq.
Çünki bu sevgi, bu bağ — heç vaxt bitməyəcək.

16 Oktyabr 2025, 13:37 - 246

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar