Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Dostluq münasibətləri sözlə deyil, əməllə möhkəmlənir. Azərbaycan ilə İtaliya arasındakı əlaqələr də son illərdə məhz əməli işlər, ortaq maraqlar və qarşılıqlı etimad sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. 2 gün öncə, sentyabrın 30-da Bakıda Prezident İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarellanın mətbuata verdiyi bəyanatlar bu münasibətlərin güclənməsinin canlı sübutu oldu. İtaliya Prezidentinin ölkəmizə artıq ikinci dəfə rəsmi səfəri bir daha göstərdi ki, bu əməkdaşlıq təsadüfi deyil, ardıcıllıq və dərin qarşılıqlı etimad üzərində qurulub. Əslində, hələ 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi və beş il əvvəl qəbul olunmuş Hərtərəfli Strateji Tərəfdaşlıq Bəyannaməsi münasibətlərə möhkəm təməl yaratmışdı. O vaxtdan bəri baş tutan qarşılıqlı səfərlər, intensiv siyasi dialoq və ortaq layihələr bu dostluğu daha da gücləndirib. Azərbaycan–İtaliya əməkdaşlığının əsas sütunlarından biri də enerji sahəsidir. İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşı olmaqla yanaşı, xüsusilə qaz layihələrində mühüm mövqe tutur. TAP layihəsi bu əməkdaşlığın ən uğurlu nümunəsidir. Prezident İlham Əliyev bir daha xatırlatdı ki, 2017-ci ildə Prezident Mattarellanın şəxsi dəstəyi ilə layihənin qarşısında yaranmış çətinliklər aradan qaldırıldı. 2020-ci ildən etibarən Azərbaycan qazı TAP vasitəsilə İtaliyaya və Avropanın digər ölkələrinə çatdırılır. Bu gün isə Azərbaycan 14 ölkəyə qaz ixrac edir və enerji sahəsində qlobal güvənilən tərəfdaş kimi tanınır. Enerji əməkdaşlığı yeni istiqamətlərdə də genişlənir. Xəzərin dibi ilə Orta Asiyadan Azərbaycana, buradan isə Avropaya elektrik enerjisinin ötürülməsini nəzərdə tutan layihə yaxın illərdə reallaşdırılacaq. Bu, yalnız Azərbaycanın enerji diplomatiyasını möhkəmləndirməyəcək, həm də İtaliya ilə tərəfdaşlığın miqyasını daha da böyüdəcək. Lakin münasibətlər təkcə iqtisadi və enerji sahəsi ilə də məhdudlaşmır. Bu əməkdaşlığın humanitar müstəvisi də var. Oktyabrın 1-də Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı məhz bu istiqamətdə atılmış mühüm addımlardan biri hesab olunmalıdır. Prezident İlham Əliyevin 2020-ci ildə Romaya səfəri zamanı irəli sürdüyü təşəbbüs qısa müddətdə reallaşdı. Bu gün yüzlərlə gənc burada təhsil alır. Universitet elm, mədəniyyət və təhsil sahəsində iki ölkə arasında körpü rolunu oynayacaq, xalqlarımızın dostluğunu daha da gücləndirəcək. Azərbaycan–Avropa İttifaqı münasibətlərində də yeni mərhələ başlanır. Prezident İlham Əliyev bəyanatında vurğuladı ki, son dövrdə əlaqələrdə irəliləyiş müşahidə olunur və İtaliya bu prosesdə həmişə Azərbaycanın yanında olub. Deməli, Avropa ilə əməkdaşlığımızın möhkəmlənməsində İtaliyanın dəstəyi xüsusi əhəmiyyət daşıyır. Bütün bunlar göstərir: Azərbaycan–İtaliya münasibətləri sadəcə diplomatik bəyanatlardan ibarət deyil. Onun arxasında ortaq layihələr, real əməkdaşlıq və xalqlarımızı birləşdirən səmimi dostluq dayanır. Bu gün bu münasibətlər təkcə strateji tərəfdaşlıq deyil, həm də nümunəvi əməkdaşlıq modelidir. Bu dostluğun gücü ondan ibarətdir ki, burada yalnız iqtisadi maraqlar deyil, xalqlarımızın gələcəyə yönəlmiş arzuları, ortaq dəyərləri və bir-birinə olan hörməti dayanır. Azərbaycanla İtaliya arasındakı münasibətlər təkcə bu günümüz üçün deyil, gələcək nəsillər üçün də etibarlı körpü rolunu oynayır. Bu körpüdən keçən hər addım xalqlarımızın yaxınlığını, dövlətlərimizin gücünü və ortaq yolumuzun dayanıqlığını bir daha təsdiqləyir.
Samirə Hüseynova
2 Oktyabr 2025, 18:13 - 293
Paylaş: