Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Tanınmış pedaqoq, əməkdar müəllim Vahid Məmməd oğlu Rzayev uzun sürən xəstəlikdən sonra 73 yaşında vəfat edib.
Vahid Rzayev 1952-ci ildə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şərur qəsəbəsində anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Filologiya fakültəsini Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə bitirib.
Pedaqoji fəaliyyətinə 1979-cu ildə müsabiqə yolu ilə Naxçıvan Dövlət Universitetinin “Pedaqogika və psixologiya” kafedrasında müəllim kimi başlayan Vahid Rzayev 1989-cu ildə “Zaqafqaziya xalqlarının pedaqoji əlaqələri (XIX əsr və XX əsrin əvvəlləri)” mövzusunda dissertasiya müdafiə edərək pedaqogika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb.
O, 2000-ci ildən Naxçıvan Müəllimlər İnstitutunun pedaqogika və psixologiya kafedrasında dosent vəzifəsində fəaliyyət göstərib, uzun illər gənc müəllimlərin yetişməsinə, elmi-pedaqoji mühitin formalaşmasına böyük töhfələr verib.
Vahid Rzayevin pedaqoji irsinə 7 kitab, 3 metodik vəsait və 100-dən artıq elmi məqalə daxildir. Onun “Murad Tutayuk”, “Güney Qafqaz xalqlarının pedaqoji əlaqələri”, “Naxçıvanda qızların təhsili tarixindən”, “XIX əsr və XX əsrin əvvəllərində Naxçıvanda və İrəvanda məktəb və mədrəsələr”, “Naxçıvanda məktəb və pedaqoji fikir” kimi elmi əsərləri mütəxəssislər tərəfindən yüksək dəyərləndirilib.
Elmi-pedaqoji fəaliyyətinə görə Vahid Rzayev 2017-ci ildə Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim” fəxri adına layiq görülüb.
Onun vəfatı təhsil ictimaiyyəti tərəfindən dərin hüznlə qarşılanıb.
Vahid Rzayevin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaqdır.
Allah rəhmət eləsin.
14 Oktyabr 2025, 19:47 - 193
Paylaş: