Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
5 oktyabr — sadəcə təqvimdəki bir tarix deyil. Bu gün ürəklərdə minnətdarlığın, yaddaşlarda hörmətin, cəmiyyətin ruhuna hopmuş bir peşənin bayramıdır. Müəllimlər Günüdür…
Hər bir insanın ömründə bir sətir var ki, onu qələmlə deyil, sevgi və fədakarlıqla yazırlar. Mənim həyatımda bu sətiri yazan ilk insan — Məsmə Musayeva olub. O, təkcə mənim anam deyil, həm də mənim ilk müəllimimdir. Ondan öyrəndiyim təkcə oxumaq, yazmaq deyildi — mübarizə, dözüm, ləyaqət və mərdlik idi. Bu gün mənim mübariz ruhlu olmağımda onun verdiyi tərbiyənin, hər kəlməsinin, hər baxışının payı var. Və əminəm ki, mənə öyrətdiyi bu kimi şeylər onun məktəbdə dərs dediyi bütün şagirdlərdə də eynidir.
Sonra məktəb həyatı başladı — lövhələr, sinif jurnalları, yazı xəttləri, amma ən çox yadda qalan insanlar. Hər biri öz izini buraxdı. Mehparə müəllim – sinfə daxil olanda səsi ilə sakitlik gətirən, baxışı ilə qayda yaradan bir müəllim. Pəri müəllim – adı kimi zərif, amma elə bir ciddi məsuliyyət duyğusuna sahib ki, o duyğu bizdə ömürlük qaldı. Hər iki sinif rəhbərim məktəbi bizim üçün ikinci evə çevirmişdi.
O illərdə hər birimizin arxasında bir qayə, bir istiqamət dayanan qadın vardı — Məfkurə müəllimə. O, sadəcə direktor deyildi, o, məktəbin nəfəsiydi. Məfkurə müəllimənin tələbkarlığı bəzən bizi qorxudurdu, amma illər keçdikcə anlayırıq ki, o, bizi həyata hazırlayırmış.
Müəllim olmaq – bir ömür başqalarının gələcəyinə sərf etmək deməkdir. Bu peşə nə saatla ölçülür, nə də maaşla. Müəllimlik – əslində insanın öz işinə, öz xalqına, gələcək nəsillərə yazdığı bir məktubdur.
Bu gün mən də qələmi əlimə alıb həmin məktubun davamını yazıram — minnətdarlıqla, hörmətlə və sevgi ilə. Çünki mən kim olmuşamsa, bu yolda addımlamağı mənə öyrədənlər müəllimlərim olub.
Hər birinizə “Müəllimlər Gününüz mübarək” demək azdır. Çünki sizlərin əməyi bir günlə deyil, bir ömürlə ölçülür.
Emin Tarvediyev
4 Oktyabr 2025, 23:30 - 631
Paylaş: