"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Günay Rzayeva: Həzi Aslanovun igidliyi tariximizin ən parlaq səhifələrindəndir


II Dünya Müharibəsi dövründə Azərbaycan Sovet İttifaqının mühüm tərkib hissəsi kimi böyük fədakarlıq və qəhrəmanlıq nümayiş etdirdi. Azərbaycanın həm iqtisadi, həm də hərbi potensialı müharibənin ümumi gedişinə əhəmiyyətli təsir göstərdi.

Azərbaycan müharibə illərində Sovet İttifaqının neft ehtiyatlarının əsas istehsalçısı idi. Bakı nefti front üçün həyati əhəmiyyət kəsb edirdi. Bu neft Azərbaycanı müharibənin strateji mərkəzlərindən birinə çevirdi. Neftin fasiləsiz istehsalı və nəqli müharibənin nəticələrinə böyük təsir göstərdi.

Azərbaycan həmçinin minlərlə hərbiçi yetişdirərək cəbhəyə göndərdi. Azərbaycanlı əsgərlər və zabitlər bütün əsas döyüş istiqamətlərində, o cümlədən Stalinqrad, Kursk, Berlin və digər önəmli cəbhələrdə qəhrəmanlıq göstərdilər. Onlardan biri də Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov idi. Azərbaycan tankçıları və atıcıları düşmənə böyük zərbələr endirərək müharibənin qələbəsində mühüm rol oynadılar.

Həzi  Aslanov 1910-cu il yanvarın 22-də Lənkəran şəhərində anadan olmuşdur. Uşaqlıq və gənclik illəri çətinliklərlə dolu olsa da, o, öz iradəsi və zəhməti ilə böyük uğurlara imza atmışdır. İbtidai təhsilini Lənkəran şəhər 1 nömrəli tam orta məktəbində almış, 13 yaşında isə atasını itirərək həyatın çətin sınaqları ilə üzləşmişdir. Atasının vəfatından sonra fəhlə kimi çalışmış, ancaq bu onun irəliləməsinə mane olmamışdır.

Həzi Aslanovun hərbi xidmətə gəlişi onun həyatında dönüş nöqtəsi olmuşdur. Komsomol putyovkası ilə Zaqafqaziya hərbi hazırlıq məktəbinə göndərilmiş, burada məktəb rota qəzetinin redaktoru və komsomol təşkilatının katibi seçilmişdir. Daha sonra 1929-cu ildə Leninqrad süvari məktəbinə daxil olmuş, iki illik təhsildən sonra 3-cü Bessarabiya süvari diviziyasının 15-ci süvari alayında vzvod komandiri vəzifəsinə təyin edilmişdir.

Hərbi xidmətində göstərdiyi bacarıq və döyüş hazırlığı ilə fərqlənən Aslanov, 12-ci zirehli avtomobil divizonunda texniki və döyüş texnikasını öyrənmiş, sonra isə rota komandiri olmuşdur. 1934-cü ildə Kiyev hərbi dairəsinin komandanı İona Emmanuiloviç Yakir onun tank rotasının manevrlərdə fərqləndiyini görüb ona qiymətli hədiyyə vermişdir. Bu, Həzi Aslanovun tankçı kimi ilk böyük uğuru olmuşdur. Daha sonra Kiyevdə avtomobil batalyonunun komandiri vəzifəsinə yüksəlmiş, 1937-ci ildə Ukrayna SSR-nin Obruç şəhər sovetinin deputatı seçilmişdir.

İkinci dünya müharibəsinin başlanmasına qədər Aslanov Sovet Ordusunda müxtəlif vəzifələrdə çalışmış, tank rotasının komandiri, əlahiddə tank batalyonu məktəbinin rəisi, batalyon komandirinin tədris-atıclıq hissə üzrə köməkçisi və 10-cu tank-mühəndis diviziyası komandirinin texniki hissə üzrə köməkçisi kimi məsul vəzifələrdə xidmət etmişdir. Onun hərbi karyerası sürətlə inkişaf etmiş, 1939-cu ilin sonunda kapitan, 1940-cı ilin noyabrında isə vaxtından əvvəl mayor rütbəsi verilmişdir.

Həzi Aslanovun həyat yolu və xidmətləri onun istedadlı və vətənpərvər sərkərdə olduğunu göstərir. O, həm Azərbaycanın, həm də Sovet İttifaqının müdafiəsində böyük rol oynamış, döyüşlərdə göstərdiyi şücaət və bacarığı ilə xalqının yaddaşında silinməz iz buraxmışdır.

Böyük Vətən Müharibəsi başlayanda Həzi Aslanov Ukraynanın Lvov vilayətində xidmət edirdi. 1941-ci il iyunun 23-nə keçən gecə alman zirehli qoşunları ilə onun komandirlik etdiyi batalyon arasında ağır və qeyri-bərabər döyüş baş vermişdir. Həzi Aslanov özü bu döyüş barədə belə yazırdı:
"1941-ci il iyunun 23-nə keçən gecə alman aviasiyası basqın etdi. Bomba tökməyə başladı. Dan yeri ağaranda biz qeyri-bərabər döyüşə girdik."

Sentyabr ayının sonunda Ukraynanın sağ sahil hissəsində vəziyyət Sovet Ordusu üçün çox ağırlaşdı. Qoşunlar böyük tələfata məruz qalaraq Xarkov vilayətinə qədər geri çəkilməyə məcbur oldular. SSRİ Ali Baş Komandanlığının əmri ilə 51-ci əlahiddə ordunun birləşmələri Krım yarımadasını müdafiə etməli və almanların Krımı ələ keçirməsinin qarşısını almalı idi. Donbas və Xarkov sənaye rayonlarının qorunması üçün isə çoxzolaqlı müdafiə sistemi və istehkamlar yaradılmalı idi. Bu vəzifə ilə bağlı mayor Aslanov da daxil olmaqla bir neçə komandan Donbasda döyüş hazırlığı işlərinə cəlb edildi. Həzi Aslanov döyüşlər barədə belə yazırdı:
"Şiddətli döyüşlərlə Xarkova qədər geri çəkildik."

 

Mayor Aslanovun ən böyük qəhrəmanlıqlarından biri Donbas ətrafında düşmənin hücumlarını beş ay ərzində dayandırması olmuşdur. O, düşməni ağır itkilərə məruz qoymuş, amma özü və döyüşçüləri də böyük itkilər vermişdir. Bu böyük döyüşlərdən sonra mayor Aslanov Moskvaya çağırılmış və Krıma, 55-ci əlahiddə tank briqadasına briqada komandirinin müavini kimi təyin edilmişdir.

55-ci briqada komandirinin müavini kimi Həzi Aslanov Kerç yaxınlığında almanlarla şiddətli döyüşlərdə iştirak etmişdir. O, öz döyüş təcrübəsini belə təsvir edir:
"Kerç, Semisotka və 8 mart kəndi yaxınlığında almanlarla bərk vuruşduq."

1941-ci ilin payızında Sovet Ordusu cəbhənin bir sıra yerlərində — Leninqrad, Tixvin, Rostov və Krım yaxınlığında alman ordusuna qarşı güclü zərbələr endirdi. Buna baxmayaraq noyabr ayının sonunda Moskva yaxınlığında vəziyyət çox ağırlaşdı. Almanların 60-dan artıq diviziyası Moskva şəhərini ələ keçirmək üçün toplanmışdı.

Dekabr ayında mayor Həzi Aslanov Moskva yaxınlığında tarixi döyüşdə iştirak etdi. Bu döyüş bütün müharibənin gedişatında mühüm rol oynadı. Həzi Aslanov və onun döyüşçüləri göstərdiyi şücaət və igidliklə düşmənin planlarını pozdu, vətənin müdafiəsində böyük qəhrəmanlıq göstərdilər. Böyük Vətən Müharibəsi zamanı Həzi Aslanov Sovet ordusunun ən istedadlı və qəhrəman tank komandirlərindən biri olmuşdur. Mojaysk istiqamətində döyüşən sovet atıcı bölmələrindən biri mühasirəyə düşmüşdü və həmin bölməni azad etmək üçün mayor Aslanova xüsusi əmr verilmişdi. Güclü taktiki ustalığı sayəsində Həzi Aslanov düşmənin top və pulemyot atəş nöqtələrini məhv etməyi bacardı. Döyüş zamanı onun tankının sürücü-mexaniki ağır yaralandı və Aslanov özü tankı idarə edərək taqımlara rəhbərlik etdi. Nəticədə mühasirədə olan 40-dan artıq döyüş avtomobili və yüzlərlə əsgər azad edildi. Bu qəhrəmanlığına görə o, Moskva yaxınlığındakı döyüşlərdə Qırmızı Ulduz ordeni ilə təltif olundu.

Xarkov və Stalinqrad döyüşlərində Həzi Aslanovun rəhbərliyi altında 55-ci əlahiddə tank briqadasının tankçıları düşmənə ağır zərbələr endirdilər. Onlar vuruşaraq 40 kilometrdən artıq yol qət edib Stalinqrad-Salsk dəmir yolunu ələ keçirərək almanların əsas magistralını kəsdilər. Tank briqadası düşmənin çox sayda qüvvəsini və texnikasını sıradan çıxardı. Kotelnikovo yaxınlığında gedən döyüşlərdə isə 30 əks-hücumu dəf edən Aslanovun komandası bir batalyon piyada qoşununu, 30 tankı və 50 avtomobili məhv etdi. Bu şücaətinə görə o, 1942-ci ilin 22 dekabrında Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldü.

Həzi Aslanov daim hərbi biliklərini artırmaqda maraqlı idi. 1943-cü ilin dekabrından 1944-cü ilin aprelinə qədər Zirehli Tank Qoşunları Akademiyasının bir illik proqramını cəmi üç ayda mənimsədi və yenidən doğma 35-ci qvardiya tank briqadasına qayıtdı. 1944-cü il martın 13-də ona tank qoşunları general-mayoru rütbəsi verildi.

1944-cü ilin yayında Belorusiya və I Pribaltika cəbhələrinin qoşunları hücuma keçdilər. Aslanovun tank briqadası Belorusiyanın iri şəhər və dəmir yollarını azad etdi və Vilnüs istiqamətində də döyüşlərdə fəal iştirak etdi. İyunun 24-dən iyulun 13-dək düşmənə ağır zərbələr endirən briqada 35-ci qvardiya tank briqadası Qırmızı Bayraq ordeni ilə təltif edildi, Aslanov isə ikinci dərəcəli Suvorov ordeni aldı. Avqustun 1-də briqada Yelqava şəhərini düşməndən təmizlədi.

Həzi Aslanov Volqadan Baltikadək gedən döyüşlərdə bacarıqlı sərkərdə kimi özünü göstərmişdi. 1944-cü ilin hücum əməliyyatları dövründə o, 8 dəfə Ali Baş Komandanlıq tərəfindən təşəkkürlə mükafatlandırıldı. Müharibənin ilk günlərindən vuruşmalara qatılan Aslanov Moskva yaxınlığında göstərdiyi igidliyə görə Qırmızı Ulduz ordeni ilə təltif edilmişdir.

O, 55-ci əlahiddə tank polku ilə feldmarşal Manşteynin tank ordusunun darmadağın edilməsində xüsusi məharət nümayiş etdirmişdir. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin Fərmanında göstərilir ki, Həzi Əhəd oğlu Aslanov cəbhə komandanlığının tapşırıqlarını nümunəvi yerinə yetirmiş, qəhrəmanlıq və şücaət göstərmiş, tabe olan hissələrə bacarıqla və mətanətlə rəhbərlik etmişdir. Bu səbəbdən ona Sovet İttifaqı Qəhrəmanı adı verildi, polku isə qvardiya statusu aldı.

Aslanovun polku Rostov, Taqanroq şəhərlərinin azad olunmasında və Kursk vuruşmasında da fəal iştirak etmişdir. 1944-cü ildə 35-ci qvardiya tank briqadası Belorusiyanı və Pribaltika respublikalarını azad etmək uğrundakı döyüşlərdə xüsusi fərqlənmişdir. Həzi Aslanovun adı Azərbaycan və Sovet ordusunun şanlı qəhrəmanları sırasında parlaq iz qoymuşdur.

Həzi Aslanovun döyüş yolu Stalinqraddan Baltik sahillərinə qədər uzanırdı. 1945-ci il yanvarın 24-də o, Latviyanın Priyekule yaxınlığında döyüş meydanından kənarda, komandirlərin döyüş müşahidə məntəqəsinin yaxınlığında, 15 nəfərə yaxın yüksək rütbəli zabitin əhatəsində müəmmalı şəkildə zenit qurğusunun uzaqdan açılan atəşi nəticəsində ağır yaralanmışdır. Yaralandıqdan sonra 23 saat sağ qalan Həzi Aslanova Moskvaya müalicə üçün təyyarə göndərilmiş, lakin o yolda vəfat etmişdir.

Onun şəxsi həkimi Beqiaşvili ilə yazıçı-jurnalist Musa Bağırovun "Sərkərdənin taleyi" adlı sənədli kitabında rastlaşdığımız məlumata görə, Beqiaşvili yaralanma anında orada olmamış, lakin qısa zamanda hadisə yerinə çatmışdır. Vəziyyətin ağır olduğunu görən həkim öz qanından 500 qram köçürərək Həzini müvəqqəti dirçəltmişdi. Yaralı Həzi Aslanov hətta zarafat etməyə başlamışdı. Ona Moskvaya aparmaq üçün xüsusi təyyarə gəldiyi halda, Beqiaşvili zorla onun yanından uzaqlaşdırılmışdır. Bu isə planlı şəkildə onun sağ qalmasının qarşısını almaq məqsədi daşıyırdı. Beqiaşvilinin fikrincə, Həzi Aslanov qətlə yetirilmişdir. Hətta bu qətlin Pribaltika cəbhəsinin komandanı, erməni general İvan Xristoforoviç Baqramyan tərəfindən təşkil olunduğu iddia olunur. Çünki yaralanma döyüş meydanından çox uzaqda, öz ordumuzun açdığı mərmi atəşindən sonra baş vermişdi.

Həzi Aslanov müharibə dövründə şəxsi igidliyi və qəhrəmanlığı ilə fərqlənərək 3 Qırmızı Bayraq ordeni, 2-ci dərəcəli Suvorov ordeni, Aleksandr Nevski ordeni, 1-ci dərəcəli Vətən müharibəsi ordeni, 2 Qırmızı Ulduz ordeni və medallarla təltif olunmuşdur. 1944-cü ildə Belorusiya cəbhəsində göstərdiyi şücaətə görə ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdi, lakin erməni generalı İ. Baqramyanın maneələri nəticəsində bu rəsmi olaraq həyata keçməmişdir. Həzi Aslanova ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adı ölümündən 46 il sonra, 1991-ci ildə verilmişdir.

Azərbaycan xalqı və bütün Sovet İttifaqı Həzi Aslanovun qəhrəmanlığını heç vaxt unutmayıb. Azərbaycanda onun şərəfinə Bakı şəhərində park, büst, küçə, metrostansiya, məktəb və qəsəbə vardır. Lənkəranda isə park, məktəb, heykəl, ev-muzeyi, büst və küçə onun adını daşıyır. Ağstafada qəsəbə, digər bir sıra rayonlarda isə mərkəzi küçələr onun adı ilə bağlıdır. Azərbaycan Ali Hərbi Məktəbinin ilk rotasının şərəf lövhəsində onun adı həmişəlik yer almışdır.

Həzi Aslanovun xatirəsi həmçinin "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" və "Palmali" gəmiçilik şirkətlərinə məxsus tankerlərin adında yaşadır. Azərbaycan yazıçısı Hüseyn Abbaszadənin “General” romanı, “Azərbaycanfilm” kinostudiyasının “Mən səni həyatdan çox sevirdim” (1985) bədii filmi ona həsr olunmuşdur.

2019-cu ildə Azərbaycan Prezidenti İlham Əliyev Həzi Aslanovun 110 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzalamış, 2025-ci ilin yanvar ayında isə onun 115 illiyi münasibətilə geniş tədbirlər keçirilmişdir. Bu münasibətlə kitablar, virtual sərgilər və digər xatirə materialları hazırlanmışdır.

Həzi Aslanovun şücaəti yalnız Azərbaycanda deyil, həm də digər ölkələrdə tanınır. Rusiyanın Volqoqrad şəhərində, Belarusun Smorqon və Vileyka şəhərlərində onun xatirəsinə heykəl və xatirə lövhələri qoyulmuş, küçələrə onun adı verilmişdir.

Beləliklə, Həzi Aslanov Azərbaycan xalqının və dünya tarixinin ən parlaq sərkərdələrindən biri olaraq yadda qalır. Onun həyat və döyüş yolu cəsarət, fədakarlıq və vətənpərvərlik nümunəsidir.

 

Paylaş: