"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Fatimə Hüseynova: Tapdıq Ağayev - Zəfər yolu ilə şəhidliyə


2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda başlanan və xalq arasında Vətən müharibəsi adlandırılan 44 günlük savaş, ölkəmizin hərb, diplomatiya və milli birlik tarixində əsl qürur mənbəyi və dönüş nöqtəsi oldu. Bu müharibə ilə Azərbaycan, təxminən 30 ilə yaxın işğal altında olan Qarabağ və ətraf rayonlarını azad etməklə həm tarixi ədaləti, həm də beynəlxalq hüququn tələblərini yerinə yetirmiş oldu.

1990-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal edilmiş Qarabağ və onun ətrafındakı 7 rayon – Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdam, Kəlbəcər və Laçın – onillərlə gözlədiyi azadlığı 2020-ci ildə Azərbaycan Ordusunun gücü və xalqın iradəsi ilə yenidən qazandı.

Bu müharibə, təkcə silah gücü ilə deyil, xalq-iqtidar-ordu birliyi, Ali Baş Komandanın siyasi iradəsi, eləcə də əsgər və zabitlərimizin qəhrəmanlığı ilə qazanıldı. Azərbaycan xalqı bu günləri həm kədər, həm də qürur ilə xatırlayır. Vətən müharibəsi zamanı Azərbaycan minlərlə şəhid verdi. Onlar bu torpaqların azadlığı, xalqımızın gələcəyi, milli suverenliyimizin qorunması naminə canlarından keçdilər. Hər bir şəhidin arxasında bir ailə, bir kənd, bir vətən dayanır. Onların göstərdiyi igidlik və fədakarlıq gələcək nəsillər üçün qürurverici nümunə və vəfa borcu olaraq yaşayır.

Azərbaycan Ordusunun qəhrəman əsgər və zabitləri arasında tanınan və tanınmayan minlərlə igid döyüşçü canını Vətənə fəda etdi. Onların içində elələri var idi ki, bir kəndin tək övladı, bəziləri yeni ailə qurmuş gənc ata, bəziləri isə hələ həyatının baharını yaşayan bir gənc idi. Lakin hamısının bir adı vardı – VƏTƏN QƏHRƏMANI.

Bu döyüşlər zamanı şəhid olan hər bir əsgər bu torpağın azadlıq salnaməsinə öz qanı ilə imza atdı. Onlar, Azərbaycanın üçrəngli bayrağını yenidən Şuşada, Füzulidə, Cəbrayılda, Hadrutda, Zəngilanda dalğalandırmaq üçün ölümsüzlüyə addımladılar.

Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda edən minlərlə igid Vətən övladından biri də Tapdıq Ağayev idi. O, 1990-cı il dekabrın 2-də Qəbələ rayonunun Tüntül kəndində dünyaya göz açıb. Uşaqlıq və yeniyetməlik illəri doğma kəndində keçən Tapdıq, 1996–2005-ci illərdə M. Murtuzov adına Tüntül kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək qərarı verərək, 2006–2010-cu illərdə Sənaye-Pedaqoji Kollecində təhsil alıb.

Vətənə olan sevgisi və vətəndaşlıq borcuna sədaqəti onu hərb yoluna yönəltdi. 2010–2012-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Qusar rayonunda yerləşən “N” saylı hərbi hissəsində müddətli həqiqi hərbi xidmətdə olub. Hərbi sahəyə olan marağı və məsuliyyət hissi Tapdıq Ağayevi bu şərəfli peşəyə bağladı. 2016-cı ildən etibarən o, müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi Azərbaycan Ordusunda xidmətini davam etdirdi.

Tapdıq Ağayev xidmət dövründə kiçik çavuş rütbəsinə yüksəldi. 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycanın tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsinin ilk günlərindən etibarən ön cəbhədə döyüşlərə qatıldı. O, Füzuli rayonunun işğaldan azad olunması uğrunda gedən şiddətli döyüşlərdə böyük fədakarlıq göstərdi. Təəssüf ki, Tapdıq Ağayev 2020-ci il oktyabrın 8-də Füzuli istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhid oldu. Doğulduğu Tüntül kəndində torpağa tapşırıldı.

Şəhid Tapdıq Ağayevin göstərdiyi igidlik, vətənpərvərlik və əzmkarlıq Azərbaycan dövləti tərəfindən yüksək qiymətləndirildi. O, ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə aşağıdakı medallarla təltif edildi:

  • “Vətən uğrunda”,   
  • “Füzulinin azad olunmasına görə” medalı
  • “Cəsur döyüşçü” medalı

Tapdıq Ağayevin ömür yolu qısa olsa da, mənalı və şərəfli idi. O, öz canı və qanı bahasına Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə apararaq şəhidlik zirvəsinə ucaldı. Onun əziz xatirəsi xalqımızın qəlbində daim yaşayacaq, göstərdiyi qəhrəmanlıq gələcək nəsillər üçün örnək olacaq. Onun kimi igidlərin qanı bahasına qazanılan bu Zəfər tariximizin şanlı səhifəsinə çevrildi. Onun kimi oğullar Vətənin bütövlüyü, torpaqlarımızın azadlığı, xalqımızın gələcəyi naminə heç bir şeydən çəkinmədən, ölümdən belə qorxmadan döyüşdülər və şəhidlik zirvəsinə ucaldılar.

Tapdıq Ağayevin adı bu torpaqların hər daşına, hər zərrəsinə əbədi həkk olundu. O, vətənpərvərliyi, qəhrəmanlığı və fədakarlığı ilə hər bir azərbaycanlı gənc üçün örnəyə çevrildi.

Vətən uğrunda canından keçən bütün şəhidlərimiz kimi Tapdıq Ağayev də unudulmayacaq. Onun əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaq, ruhu qarşısında baş əyəcək, nəsillər boyu hörmətlə anılacaq.

Ruhun şad olsun, qəhrəman şəhidimiz!

Hüseynova Fatimə, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzinin I kurs tələbəsi

 

Paylaş: