"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Dünyaca məşhur kolleksioner Naxçıvanda


Naxçıvan Dövlət Universitetində (NDU) Yaxın və Orta Şərqin tanınmış kolleksionerlərindən, əntiq əşyalar və şərq xalçaları üzrə mütəxəssis, Azərbaycan tarixi və mədəniyyəti üzrə tədqiqatçı Məhəmməd Saleh Cəfər Əl-Bağdadi ilə “Azərbaycan xalçaçılıq irsi” mövzusunda görüş keçirilib.

Tədbiri universitetin Strateji məsələlər üzrə rektor müşaviri Rəcəb Cəfərli açaraq qonağı iştirakçılara təqdim edib və onun fəaliyyət istiqamətləri barədə məlumat verib.

Görüşdə çıxış edən Məhəmməd Saleh Cəfər Əl-Bağdadi Azərbaycan tarixinin və mədəniyyətinin elmi əsaslarla öyrənilməsinin, bu həqiqətlərin dünyaya düzgün çatdırılmasının vacibliyini vurğulayıb. O bildirib ki, Qərb mənbələrində Xəzər və Qara dəniz arasında toxunan xalçaların mənşəyi ilə bağlı təhriflərə yol verilir. Tədqiqatçının sözlərinə görə, çoxsaylı tarixi sübutlar göstərir ki, Qafqaz xalçaları – xüsusilə də Azərbaycan xalçaları – xovlu və xovsuz toxuculuq sənətinin ilkin nümunələri hesab olunur. Qədim dövrlərdən etibarən Azərbaycanın, o cümlədən Naxçıvanın toxuculuq sənətində yüksək ustalıq nümayiş etdirildiyi qeyd olunub.

NDU-nun rektoru Elbrus İsayev çıxışında Məhəmməd Saleh Cəfər Əl-Bağdadinin Azərbaycan xalçaçılıq irsinin, xüsusilə də Naxçıvan xalçalarının tədqiqi və təbliği sahəsindəki fəaliyyətini yüksək qiymətləndirib. O bildirib ki, kolleksionerin apardığı tədqiqatlar, sərgilərində Qərbi Azərbaycan mövzusunun işıqlandırılması və bu ad altında keçirilən beynəlxalq təqdimatlar xalqımız üçün qürurvericidir.

Görüşdə Tarix-filologiya fakültəsinin Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq ixtisası üzrə müəllim və tələbələr iştirak ediblər. Tədbir onların xalçaçılıq sənətinə dair yeni biliklər qazanması və tədqiqat istiqamətlərinin genişlənməsi baxımından əhəmiyyətli olub.

Sonda qonaq NDU-nun Pedaqoji fakültəsinin Texnologiya Mərkəzində olub. Burada sərgilənən əntiq xalçalar, tələbələrin hazırladığı el sənəti nümunələri və digər eksponatlar qonaqda xüsusi maraq və xoş təəssürat yaradıb.

7 Noyabr 2025, 13:30 - 44

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar