"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib


Ədliyyə Akademiyasında dövlət qurumlarının əməkdaşlarının peşə hazırlığının artırılması məqsədilə təşkil edilən ixtisasartırma təlimlərinə start verilib. Bu barədə saytımıza qurumdan məlumat verilib. 

Təlimlərin açılış mərasimində Ədliyyə Akademiyasının rektoru Şahin Əliyev çıxış edərək proqramın məqsədi və əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. O bildirib ki, dövlət qulluqçularının bilik və bacarıqlarının artırılması, müasir idarəetmə yanaşmalarının tətbiqi və peşəkar inkişafın təşviqi ölkəmizdə dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsində mühüm rol oynayır.

Daha sonra Akademiyanın Tədris şöbəsinin rəisi Zeynəb Qənbərova təlimlərin hüquqi əsasları, proqramın məzmunu və təşkilati məsələlər barədə məlumat verib. Mülki hüquq və mülki proses kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor Mayis Əliyev və Qanunvericilik baş idarəsinin əməkdaşı Fidan Nuri də təlim iştirakçıları qarşısında mühazirələrlə çıxış ediblər.

Təlim proqramı çərçivəsində iştirakçılar “Normayaratma fəaliyyəti”, “İnzibati icraat haqqında qanunvericilik”, “Əmək qanunvericiliyinin praktiki məsələləri”, “Hüquqi yazı” və “Müqavilə hüququ” mövzularında mühazirələr dinləyəcəklər. Təlimlərin sonunda iştirakçıların təmsil olunduğu qurumlara Ədliyyə Akademiyası tərəfindən yekun hesabatlar təqdim ediləcək.

Qeyd edək ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının 21 iyul 2000-ci il tarixli Qanununa əsasən, Konstitusiya Məhkəməsi, Ali Məhkəmə, Məhkəmə-Hüquq Şurası və İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatlarında, eləcə də 2-ci və 5-ci kateqoriyalı dövlət orqanlarında ali hüquq təhsili tələb edən vəzifələrdə çalışan dövlət qulluqçuları mütəmadi olaraq Ədliyyə Nazirliyinin tədris-elm müəssisəsi olan Ədliyyə Akademiyasında peşə hazırlığı və ixtisasartırma təlimlərinə cəlb olunurlar.

20 Oktyabr 2025, 20:14 - 186

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar