Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!![]()
Müasir polo oyununun bir versiyası olan çövkən at üstündə ağacdan hazırlanmış xüsusi alətlə oynanılır. Tədqiqatçılar bu oyunun hələ IX-XVII əsrlərdə Azərbaycanda geniş yayıldığını qeyd edirlər.
2013- cü ildə "Qarabağ atı ilə oynanılan çövkən oyunu" UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir. Ancaq qeyd etmək lazımdır ki, Azərbaycanda çövkən oyununun inkişafına Şəki rayonu da böyük töhfələr vermişdir. Təsadüfi deyildir ki, tanınmış maarifçi Əhməd Nəbiyevin yazdığına görə 1892-ci ilə qədər Şəkinin Xoçik adlanan ərazisində at yarışı keçirilmiş, ölkədə ilk atçılıq zavodu Ədil xan tərəfindən elə məhz Şəkidə yaradılmışdır.
İlisi sultanlığı ilə Şəki xanlığının ortaq varisi olan Ədil xan 1907-ci ildə Rusiyada təhsilini tamamlayıb vətənə qayıdaraq atası Əhməd xanın “Əhmədbəyli” adlı mülkündə at zavodunun əsasını qoyub. Bir neçə ildən sonra isə at zavodunu Daş üz kəndinə köçürüb. 1914-cü ilə qədər, yəni 7 il ərzində zavodda olan atların sayı 300-ü keçib. Birinci Dünya Müharibəsinin başlanğıcında çar hökumətinin tələbi ilə ordu üçün zavoddan əvvəlcə 60, sonra 40, daha sonra isə 25 at aparılıb. 1920-ci ildə müharibə və qarışıqlıq nəticəsində itən və həlak olan atlardan sonra isə zavodda qalan 160 at Sovet hökumətinə təhvil verilib. Ədil xan özü isə bu zavodda 1928-ci ilə qədər müdir vəzifəsində işləyib.
Zavod 1953-cü ilə qədər fəaliyyət göstərib və atların sayı 800-ə çatıb. 1953-cü ildə zavoda məxsus atların 300-ü seçmə Qarabağ cinsinin artırılması üçün Ağdam At Zavoduna verilib, qalanları isə kolxozlar arasında bölüşdürülüb və zavodun yerində camışçılıq kolxozu yaradılıb.
Azərbaycan Prezidentinin müvafiq Fərmanı ilə 2006-cı ildə keçmiş at zavodunun yerində Şəki Atçılıq Turizm Mərkəzi yaradılıb. Mərkəz 2007-ci ilin fevralından Respublika Atçılıq Turizm Mərkəzinin filialına çevrilib. 2006-cı ildən Şəki rayonunun Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzinin Şəki filialında çövkən üzrə "Prezident Kuboku" uğrunda yarışların keçirilməsinə start verilib və artıq ənənəyə çevrilib.
2025-ci ildə isə Şəki III MDB oyunları çərçivəsində çövkən yarışlarına ev sahibliyi etdi. Keçmişdə at yarışlarının keçirildiyi Xoçik yaxınlığında yerləşən Şəki stadionunda altı ölkənin komandası qələbə uğrunda mübarizə apardı və yarışlar Azərbaycan Milli Komandasının qələbəsi ilə başa çatdı.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi Qoruqları İdarəetmə Mərkəzinin elmi işçisi