"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

3 oktyabr 1993-cü il – Xilaskarlıq və dövlətçiliyin yeni mərhələsi


Azərbaycan müstəqilliyini yenicə bərpa etdiyi ilk illərdə tarixinin ən çətin sınaqları ilə üzləşdi. 1991–1993-cü illər ölkənin həyatında xaos, siyasi böhran və ağır müharibə şəraiti ilə yadda qaldı. Dövlət idarəçiliyi zəifləmiş, ordu nizamsız dəstələrə parçalanmış, iqtisadiyyat isə dağılmaq həddinə çatmışdı. Qarabağda gedən qanlı döyüşlər, hər gün verilən itkilər, daxildə isə hakimiyyət uğrunda bitib-tükənməyən çəkişmələr xalqı ümidsizliyə sürükləyirdi. Azərbaycanın müstəqilliyi ciddi təhlükə altına düşmüşdü.
Belə bir məqamda xalqın ümid yeri, təcrübəsi və nüfuzu ilə fərqlənən Heydər Əliyev oldu. O, artıq 1993-cü ilin iyununda xalqın çağırışı ilə Bakıya qayıdaraq hakimiyyətə gətirildi. Onun qətiyyəti sayəsində vətəndaş müharibəsi təhlükəsi aradan qaldırıldı, parçalanmaq ərəfəsində olan dövlətin dirçəliş prosesi başlandı. Lakin bu dönüş yalnız bir mərhələ idi. Həqiqi sabitlik və gələcək inkişaf üçün xalqın iradəsini ifadə edən ümumxalq seçimi zəruri idi.
Bu səbəbdən 3 oktyabr 1993-cü il tarixində keçirilən prezident seçkiləri Azərbaycan üçün taleyüklü hadisəyə çevrildi. Xalq həmin gün böyük əksəriyyətlə Heydər Əliyevi ölkənin prezidenti seçdi. Bu seçki sadəcə bir siyasi prosedur deyildi – millətin dövlətçilik uğrunda yekdil iradəsinin, xilasa inamının təntənəsi idi.
Heydər Əliyevin prezident seçilməsi ilə ölkə həyatında yeni mərhələ başlandı. Əvvəla, daxili sabitlik bərqərar edildi. Silahlı dəstələrin ixtiyarı ləğv edildi, dövlət orqanları vahid idarəetmə sisteminə tabe etdirildi. Azərbaycan xalqı ilk dəfə idi ki, gələcəyi barədə ümidli düşünməyə başlayırdı. “Sabah olacaqmı?” sualı əvəzində “Sabah necə olacaq?” sualı gündəmə gəldi. Bu, xalqın ruh halındakı dönüşün əlaməti idi.
İqtisadi sahədə də mühüm addımlar atıldı. Neft strategiyasının əsası qoyuldu, 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın müstəqilliyinin iqtisadi dayağını möhkəmləndirdi. Heydər Əliyev çox yaxşı bilirdi ki, güclü dövlət yalnız möhkəm iqtisadiyyata söykənə bilər. Ona görə də seçildiyi ilk gündən ölkənin gələcək inkişafı üçün strateji xətt müəyyənləşdirdi.
Xarici siyasətdə də Azərbaycanın mövqeyi gücləndi. Ölkə beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanındı, böyük dövlətlərlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq quruldu. Azərbaycan balanslı siyasət xətti ilə regionda söz sahibi olan dövlətə çevrilməyə başladı.
3 oktyabr seçkilərinin başqa bir önəmi də xalq-lider birliyinin rəsmi təsdiqi idi. Xalq öz xilaskarını seçməklə həm də tarixə mesaj verdi: Azərbaycanın müstəqilliyi heç vaxt təslim olmayacaq. Bu seçki nəticəsində milli dövlətçilik ideyası möhkəmləndi, Azərbaycan dünya xəritəsində möhkəm mövqe qazandı.
Heydər Əliyevin prezidentliyi yalnız sabitlik yaratmaqla məhdudlaşmadı. O, gələcək nəsillər üçün də dayanıqlı dövlətçilik məktəbi formalaşdırdı. Onun “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı dövlət başçısının öz xalqına sonsuz bağlılığının ifadəsi idi. Xalq da bu bağlılığa öz etimadı ilə cavab verdi. Bugün geriyə baxanda aydın görünür ki, əgər 3 oktyabr 1993-cü ildə xalq Heydər Əliyevi prezident seçməsəydi, Azərbaycanın taleyi tam başqa cür ola bilərdi. Müstəqilliyin itirilməsi, parçalanma, vətəndaş qarşıdurması ehtimalı kifayət qədər real idi. Amma xalq düzgün seçim etdi və həmin seçim Azərbaycan dövlətçiliyini xilasa apardı. 3 oktyabr sadəcə bir seçki günü deyil. Bu tarix milli yaddaşımızda xilaskarlıq günü kimi yaşayır. Çünki bu gündən sonra Azərbaycan yeni mərhələyə qədəm qoydu – sabitliyin, inkişafın və möhkəm dövlətçiliyin mərhələsinə. Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz dünya miqyasında nüfuz sahibi olan qüdrətli bir dövlətə çevrilib. Lakin bu yolun təməli məhz 1993-cü ildə qoyuldu. 3 oktyabrda xalqın etdiyi seçim bu günkü uğurların başlanğıc nöqtəsi oldu. Deməli, 3 oktyabr 1993-cü il – sadəcə bir seçki günü yox, Azərbaycan xalqının iradəsi, dövlətçilik sevgisi və gələcəyə inamının təcəssümüdür. O gün seçilən lider isə Azərbaycan tarixində əbədi “Xilaskar” kimi qaldı.

Emin Tarverdiyev, "Vətən Bağı" Sosial Təşəbbüslər ictimai birliyinin sədri

 

3 Oktyabr 2025, 19:29 - 109

Paylaş:
Xəbər lenti

Ən çox oxunan postlar