"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

Zəfərə açılan ilk qapı


2016-cı ilin aprel ayının ilk günləri Azərbaycanın müasir hərb tarixinə qızıl hərflərlə yazılmış bir dönüş nüqtəsidir. Uzun illər davam edən atəşkəs rejimindən sonra Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq həyata keçirilən əks-həmlə əməliyyatı, xalqımızın qələbə əzminin və ordumuzun qüdrətinin dünyaya nümayişi idi. Bu döyüşlər sadəcə bir neçə günlük hərbi qarşıdurma deyil, “məğlubedilməz erməni ordusu” mifinin darmadağın edildiyi, 30 illik işğala son qoyacaq böyük Zəfərin ilk müjdəçisi idi. Cəmi dörd gün davam edən döyüşlər nəticəsində Lələtəpə yüksəkliyi, Talış kəndi ətrafındakı strateji nöqtələr və minlərlə hektar ərazinin azad edilməsi xalqımızda böyük ruh yüksəkliyi yaratdı.

Aprel döyüşləri Azərbaycan ordusunun həm texniki təchizat, həm də döyüş ruhu baxımından düşməndən qat-qat üstün olduğunu sübut etdi. Cəbhə xəttində qazanılan uğurlar xalq-ordu birliyini sarsılmaz bir qüvvəyə çevirdi. Həmin günlərdə on minlərlə gənc könüllü olaraq cəbhəyə getmək üçün müraciət edir, cəmiyyət bir yumruq kimi dövlətin və ordunun ətrafında sıx birləşirdi. Bu, Azərbaycanın müstəqillik tarixində milli birliyin ən ali təzahürlərindən biri idi. Aprel zəfəri göstərdi ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq və öz torpaqlarını nəyin bahasına olursa-olsun geri qaytaracaqdır.

Bu şanlı qələbənin memarları isə öz canlarını vətən torpağına fəda edən müqəddəs şəhidlərimizdir. Aprel döyüşləri zamanı Azərbaycan xalqı hər bir övladını sonsuz ehtiram və qürurla son mənzilə yola saldı. General-mayor Polad Həşimovun gələcək zəfərlərə yol açan komandirlik məktəbi, polkovnik-leytenant Murad Mirzəyev, polkovnik-leytenant Raquf Orucov, mayor Samid İmanov kimi əfsanəvi zabitlərimizin, həmçinin yüzlərlə gizir və əsgərimizin göstərdiyi misilsiz şücaət xalqımızın qəhrəmanlıq yaddaşına əbədi həkk olundu. Biz bu gün həmin şəhidlərimizin ruhu qarşısında baş əyirik; onlar öz qanları ilə bir millətin taleyini dəyişdilər və illərlə formalaşmış məğlubiyyət sindromunu sındıraraq bizə qalib xalq olmağın sevincini daddırdılar.

Bu şanlı tarixin ən önəmli nəticələrindən biri də hərbi-strateji üstünlüyün tamamilə Azərbaycanın tərəfinə keçməsi oldu. Ermənistanın illər boyu qurduğu “Ohanyan xətti” və keçilməz müdafiə sədləri ordumuzun qəhrəmanlığı qarşısında aciz qaldı. Bu döyüşlər həm də beynəlxalq aləmə bir mesaj idi: status-kvo dəyişməlidir və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hər cür imkana sahibdir. Lələtəpədə dalğalanan üçrəngli bayrağımız sonradan Şuşada, Xankəndidə və bütün Qarabağda ucalacaq qələbə bayraqlarının xəbərçisi idi. Aprel döyüşlərində qazanılan təcrübə, əldə edilən strateji mövqelər 2020-ci ilin 44 günlük Vətən müharibəsində böyük rol oynadı.

On il sonra bu hadisələrə nəzər salarkən görürük ki, Aprel döyüşləri bizim milli qürurumuzun dirçəlişi idi. Həmin günlərdə canını fəda etmiş şəhidlərimizin qanı yerdə qalmadı. Bu gün azad edilmiş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, “Ağıllı kənd” layihələri və Cocuq Mərcanlıya qayıdışın təməli məhz o dörd günlük qəhrəmanlıqla qoyulmuşdu. Aprel döyüşlərinin iştirakçıları və qaziləri müasir gənclik üçün vətənpərvərlik məktəbinə çevrildilər. Onların hər biri bugün azad Şuşada, Cəbrayılda, Kəlbəcərdə aparılan abadlığın görünməyən, lakin ən möhkəm bünövrə daşlarıdır.

Yekun olaraq qeyd etmək lazımdır ki, Aprel döyüşləri Azərbaycanın hərbi doktrinasının reallıqda təsdiqi idi. Bu zəfər sadəcə torpaq itkisinin qarşısını almadı, həm də düşmənin psixoloji sarsılmasına səbəb oldu. 10 illik zaman məsafəsi bu qələbənin əhəmiyyətini daha da artırır, çünki bu yol bizi 8 noyabr Zəfərinə və 2023-cü ilin antiterror tədbirləri ilə tam suverenliyimizə qovuşdurdu. Aprel qəhrəmanları hər zaman xalqımızın yaddaşında yaşayacaq, onların göstərdiyi şücaət gələcək nəsillər üçün bir qeyrət və vətən sevgisi nümunəsi olaraq qalacaqdır. Azərbaycan ordusu bu gün dünyanın ən güclü orduları sırasındadırsa, bunun bir təməli də məhz 2016-cı ilin o şanlı aprel günlərində atılmışdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Zöhrə Fəxrəddin qızı Əsədova, Naxçıvan Müəllimlər İnstitutunun magistrantı

4 Aprel 2026, 15:38 - 159

Paylaş: