"Vətən Bağı" Sosial Təşəbbüslər İctimai Birliyi

Biz bundan sonra da Azərbaycanda vətəndaş cəmiyyətinin
yaradılması ilə bağlı addımlar atacağıq!

İlham Əliyev
Fon şəkli

“Xızı–Abşeron” layihəsi strateji dönüşün təzahürüdür


Son illər Azərbaycan enerji siyasətində yeni bir mərhələyə qədəm qoyub. Neft və qaz ixracatçısı kimi formalaşmış ölkə artıq paralel şəkildə bərpaolunan enerji mənbələrinin inkişafını dövlət siyasətinin əsas prioritetlərindən birinə çevirib. Günəş, külək və su enerjisi sahəsində reallaşdırılan layihələr göstərir ki, Azərbaycan enerji təhlükəsizliyini yalnız mövcud resurslar hesabına deyil, gələcəyin çağırışlarına cavab verən dayanıqlı model üzərində qurur. Bu baxımdan ölkənin müxtəlif bölgələrində istismara verilən və tikintisi davam edən yaşıl enerji obyektləri Azərbaycanın enerji xəritəsini faktiki olaraq yenidən formalaşdırır. Məhz bu strateji xəttin məntiqi davamı olaraq 2026-cı il yanvarın 8-də Prezident İlham Əliyevin iştirakı ilə 240 meqavat gücündə “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirildi. Dövlət başçısı çıxışında bildirdi ki, bu gün ölkəmizin həyatında əlamətdar gündür və bu stansiyanın istismara verilməsi Azərbaycanın enerji potensialını əhəmiyyətli dərəcədə gücləndirəcək. Prezident vurğuladı ki, 240 meqavat gücə malik bu obyekt ölkənin ümumi inkişafına mühüm töhfə verəcək. Xatırlatdı ki, stansiyanın təməli 2022-ci ilin yanvar ayında qoyulmuşdu və ötən dörd il ərzində layihə üzrə intensiv işlər aparılıb. Bu gün həmin zəhmətin nəticəsi olaraq müasir, texnoloji baxımdan qabaqcıl enerji obyekti istifadəyə verilir. Dövlət başçısı stansiyanın inşasında əməyi olan bütün mütəxəssislərə və şirkətlərə təşəkkürünü bildirdi, xüsusilə investor kimi çıxış edən “ACWA Power” şirkətinin rolunu qeyd etdi.

 

“Xızı–Abşeron” Külək Elektrik Stansiyası “ACWA Power” tərəfindən Azərbaycanda həyata keçirilən ilk bərpaolunan enerji layihəsidir. Prezident İlham Əliyevin sözlərinə görə, bu layihə başlanğıcdır və şirkətin ölkəmizlə bağlı planları daha genişdir. Azərbaycan dövləti bu təşəbbüsləri dəstəkləyir və əməkdaşlığın uzunmüddətli olmasında maraqlıdır. Eyni zamanda, “ACWA Power”ın ölkəmizdə icra edəcəyi Xəzər dənizi suyunun duzsuzlaşdırılması layihəsi enerji və ekoloji təhlükəsizlik baxımından yeni imkanlar yaradır. Layihənin icrasında baş podratçı qismində iştirak edən “Power China” şirkətinin fəaliyyəti də Prezident tərəfindən yüksək qiymətləndirildi. Bildirildi ki, bu şirkət gələcək mərhələlərdə Azərbaycanda təkcə podratçı deyil, həm də investor kimi fəaliyyət göstərəcək. Bu fakt ölkəmizin enerji sektorunun beynəlxalq şirkətlər üçün cəlbedici və etibarlı investisiya məkanı olduğunu bir daha təsdiqləyir.

 

Çıxışında Prezident İlham Əliyev Azərbaycanın enerji sisteminin son 20 ildə əsaslı şəkildə yeniləndiyini xüsusi vurğuladı. Bu dövrdə generasiya gücləri, iri yarımstansiyalar və ötürücü xətlər tam modernləşdirilib. Nəticədə ölkənin generasiya gücü təxminən üç dəfə artaraq 10 min meqavat səviyyəsinə çatıb. Dövlət başçısının qeyd etdiyi kimi, bu göstərici tarixi rekorddur və qarşıdakı illərdə bərpaolunan enerji layihələrinin genişlənməsi ilə daha da yüksələcək. Azərbaycanın enerji strategiyası ənənəvi və bərpaolunan mənbələrin balanslı inkişafına əsaslanır. Mingəçevirdə istismara verilmiş 2000 meqavatlıq ənənəvi elektrik stansiyası, Qaradağ Günəş Elektrik Stansiyası, “Xızı–Abşeron” Külək Elektrik Stansiyası və Cəbrayılda inşa edilən günəş stansiyaları bu yanaşmanın praktiki nəticələridir. Bu layihələr enerji təhlükəsizliyini möhkəmləndirməklə yanaşı, ixrac imkanlarını da genişləndirir. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın coğrafi mövqeyi ölkənin demək olar ki, bütün bölgələrində bərpaolunan enerji istehsalına imkan yaradır. Biləsuvar, Neftçala, Naxçıvan və işğaldan azad edilmiş ərazilərdə planlaşdırılan yeni layihələr bu potensialın reallaşdırılmasına xidmət edir. Xüsusilə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının 157 giqavat səviyyəsində qiymətləndirilməsi ölkənin regional enerji mərkəzinə çevriləcəyini göstərir. Çıxışda investisiya mühiti ilə bağlı məqamlara da toxunuldu. Bu günədək Azərbaycana 300 milyard dollardan artıq xarici sərmayə cəlb edilib, kredit reytinqi yüksəlib, xarici borcun ÜDM-də payı minimal səviyyədədir. Valyuta ehtiyatlarının xarici borcu dəfələrlə üstələməsi ölkənin maliyyə dayanıqlığının göstəricisidir. Gələcək mərhələdə enerji saxlanması məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyev bildirdi ki, bu məqsədlə ölkədə ilk dəfə Batareya Enerji Saxlanc Sistemi yaradılır və bu istiqamətdə yeni layihələr qaçılmazdır. 2030–2032-ci illərədək 8 giqavata yaxın külək və günəş enerjisi gücünün yaradılması planları Azərbaycanın yaşıl enerji strategiyasının miqyasını aydın şəkildə ortaya qoyur.

 

“Xızı–Abşeron” Külək Elektrik Stansiyasının açılışı bir daha göstərdi ki, Azərbaycan bərpaolunan enerji sahəsində artıq konsepsiyalardan icraya keçib. Bu layihə Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan enerji siyasətinin ardıcıl, praqmatik və gələcəyə hesablanmış olduğunu təsdiqləyir. Azərbaycan bu gün yalnız enerji istehsalçısı deyil, həm də enerji təhlükəsizliyinə töhfə verən etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini möhkəmləndirir.

 

Hüseynova Samirə Adəm qızı

11 Yanvar 2026, 22:32 - 1246

Paylaş: